Dünən Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin ilk Zirvə Toplantısı keçirildi. Əlbəttə, görüş zamanı bir çox məsələlər müzakirə olunsa da, əsas gündəm Türkmənistan qazının Xəzər üzərindən Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxarılması idi.
Bu sözləri Yenipress.az-a açıqlaması zamanı Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib.
Gökçə hazırda dünyada baş verən proseslərin ölkələrimiz arasında yeni imkanlar açdığını qeyd edib:
“Mərkəzi Asiyadakı siyasi proseslər, Türk Dövlətləri Təşkilatının qurulması, Şanxay Əməkdaşlıq Təşkilatının fəallaşması Türkmənistan qazının Xəzər üzərindən nəqli məsələsini yenidən gündəmə gətirdi. Əgər bu layihə gerçəkləşsə, Azərbaycan və Türkiyənin tranzit ölkə kimi mövqeyi güclənəcək, həm də ölkəmiz nəql edilən qazdan öz ehtiyaclarının qarşılanması üçün istifadə edəcək. Hazırkı məqamda Avropanın da məlum səbəblərə görə təbii qaza olan ehtiyacı artıb. Körfəz ölkələri, Misir və İrandan Avropaya qaz nəqli məsələləri üzərində indi iş gedir. Türkmənistan da sahib olduğu təbii qaz ehtiyatları ilə Aİ-nin diqqət mərkəzindədir. İran və Rusiya bu layihəyə qısqanclıqla yanaşa bilər. Lakin əgər rəsmi Tehran məsələni siyasi baxımdan yox, iqtisadi baxımdan nəzərdən keçirsə, fikrimcə, onların da layihəyə dəstək verməsi mümkündür. Siyasi baxımdan isə Türkiyə və Azərbaycanın önə çıxması bəhs etdiyimiz ölkələrdə narahatlıq doğura bilər. Əvvəl Rusiya Türkmənistan qazının ən böyük alıcısı idi. İndi isə Çin də işin içərisindədir. Rusiya Çinə səsini çıxarmadı, Türkiyə ilə olan münasibətlərinə görə də böyük narazılıq edəcəyini düşünmürəm.
Eyni zamanda Mərkəzi Asiya regionu və ona qonşu olan ölkələr artıq Qərbin imperialist maraqlarına yox, öz mənfəətlərinə uyğun şəkildə enerji siyasətini yenidən qururlar”.
Söhrab