ABŞ və Avropa Birliyinin maraqları Cənubi Qafqazda Rusiya-Fransa cütlüyü ilə kəskin şəkildə toqquşur, həm Xəzəryanı bölgə, həm də Orta Asiya yeni geopolitik savaşın poliqonuna çevrilə bilər... Böyük ehtimalla hazırda Cənubi Qafqazda yaşanan geopolitik qarşıdurmanın sonrakı əsas inkişaf istiqamətləri Ukrayna savaşının nəticələrindən asılı olacaq, regionun “qapıları” məğlubların üzünə bağlanacaq...
Ukrayna savaşı ətrafında yaranmış gərgin situasiyanın siyasi ağırlıq mərkəzi dəyişməyə başlayıb. Belə ki, hazırda Ukraynada daha çox Rusiyanın hərbi potensialının əlindən alınması prosesi davam edir. Eyni zamanda, Kremlin geopolitik təsir faktorlarının sıradan çıxarılması prosesinə də start verilib. Və bu prosesin daha çox Cənubi Qafqaz regionu ətrafında intensiv xarakter daşıdığı müşahidə olunur.
Ona görə də, hesab etmək olar ki, hazırda Rusiyaya qarşı beynəlxalq koalisiyanın siyasi məzmunlu hücumları məhz Cənubi Qafqaz üzərində indeksləşib. Böyük ehtimalla bu, yaxın gələcəkdə daha da genişlənə biləcək geopolitik qarşıdurmanın yalnız başlanğıc mərhələsidir. Hər halda, Cənubi Qafqaz Xəzəryanı bölgənin və Orta Asiyanın əsas “geopolitik giriş qapısı” sayıla bilər. Və Cənubi Qafqaza nəzarət etmədən nə Xəzəryanı bölgəyə, nə də Orta Asiyaya tam şəkildə yerləşmək mümkün deyil.
Təbii ki, Kremldə Cənubi Qafqazda Rusiyaya qarşı yeni geopolitik və geostrateji savaşın başlandığını anlayırlar. Üstəlik, bu savaşda əsas dayaq faktorunun məhz Azərbaycan və Ermənistan arasındakı sülh prosesi olduğunu da bilirlər. Ən əsasısa, hələlik Kremlin ön planda yer aldığı regional sülh prosesində ABŞ və Qərbin təşəbbüsü ələ ala biləcəyi halda, Rusiyanın Cənubi Qafqazı itirməyə başlayacağını da başa düşürlər.
Ona görə də, Kreml ABŞ və Avropa Birliyinin regional sülh prosesində iştiraka can atmasını Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması cəhdləri kimi qəbul edir. Rusiyanin siyasi-diplomatik dairələri artıq bu mövzuda açıq mətnlə danışmağa başlayıblar. Hətta Kreml “Qərb Cənubi Qafqazda sülh danışıqlarına müdaxilə etməklə, Rusiyanı regiondan çıxartmaq məqsədi güdür” geopolitik ehtimalı rəsmən elan etməkdən də özünün saxlaya bilmir.
Təbii ki, Rusiya ABŞ və Qərbin Cənubi Qafqaz planlarına bütün mümkün imkanlarla müqavimət göstərməyə çalışır. Ancaq Kreml bu planları təkbaşına əngəlləməkdə də ciddi çətinliklərlə üzləşir. Yəni, Rusiyanın bu məsələdə əlavə müttəfiqlərə ehtiyacı var. Və belə müttəfiq rolunu Rusiya üçün hazırda məhz Fransa-İran cütlüyü oynayır.
Bu iki dövlət də Cənubi Qafqazda əsas geopolitik oyunçu statusu qazanmağa iddialıdır. Rəsmi Tehran bölgəyə ABŞ və Avropa Birliyinin gəlişini İranın gələcək taleyi üçün böyük təhlükə hesab edir. Ona görə də, Ermənistanı hərbi-siyasi cəhətdən gücləndirməyə çalışmaqla, regionda gərginlik yaratmağa can atır. Və son vaxtlar bu cəhdlərini hətta daha aqressiv şəkildə reallaşdırmağa çalışır.
Fransa isə Cənubi Qafqaz məsələsində ABŞ, Böyük Britaniya və Avropa Birliyi ilə kəskin rəqabət içərisindədir. ABŞ və Böyük Britaniya Rusiyaya qarşı beynəlxalq mübarizədə Avropa Birliyinin rəqabət immunitetini artırmaqda maraqlıdır. Belə bir rəqabət immunitetinin təmin edilməsində Azərbaycanın və Orta Asiyanın enerji qaynaqları hazırda strateji əhəmiyyət daşıyır. Və bu enerji qaynaqları isə yalnız Cənubi Qafqazda əsas gərginlik mənbəyi olan Rusiyanın regiondan çıxarılması, sülh prosesinin uğur qazanması sayəsində faydalı ola bilər.
Təbii ki, rəsmi Parisin hədəfləri ABŞ, Böyük Britaniya və Avropa Birliyinin strateji maraqları ilə kəskin ziddiyyət təşkil edir. Fransa Azərbaycan və Orta Asiyadan enerji resursları idxal etməyə hələlik o qədər də iddialı deyil. Hətta buna ehtiyacı yaranarsa belə, Avropa Birliyindən avtonom şəkildə davranmağa üstünlük verir. Yəni, rəsmi Paris Cənubi Qafqazda əsas geopolitik oyunçulardan birinə çevrilməklə, ABŞ və Böyük Britaniyanın hədəflərinin önünə keçməyə, üstəlik, Avropa Birliyinin enerji ehtiyaclarının təmin edilməsi prosesinə də nəzarət etmək istəyir.
Göründüyü kimi, Cənubi Qafqaz ətrafında kifayət qədər qəliz geopolitik maraq toqquşması yaşanmağa başlayıb. Hələlik, Fransa, Rusiya və İran regional sülhün pozulması cəhdlərində nisbətən ön plana keçmiş kimi görünürlər. Xüsusilə də, rəsmi Paris Brüssel prosesini müvəqqəti də olsa, dalana salmağa nail olub. Ermənistan baş naziri Nikol Paşinyan üzərindən Brüssel prosesində Fransa prezidenti Emmanuel Makronun da iştirakının tələb olunması məhz bu məqsədə xidmət edirdi.
Halbuki, Fransanın təlimatları ilə hərəkət edən rəsmi İrəvan bu şərti irəli sürüb, Brüssel prosesini pozmasaydı, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi artıq imzalanmış olacaqdı. Hələ noyabr ayının əvvəllərində Ermənistanın siyasi-diplomatik mənbələrindən məlumat sızmışdı ki, sülh sazişinin dekabrın ilk 10 günlüyündə imzalanması üçün bütün hazırlıqlar yekunlaşmaq üzrədir. Və rəsmi Paris erməni baş nazir vasitəsilə iki ölkə rəhbərinin dekabrın 7-də keçirilməli olan Brüssel görüşünü pozmaqla, bunun qarşısını hələlik ala bilib.
Ancaq bu, qətiyyən o demək deyil ki, Fransa, İran və Rusiya regional sülh prosesini tamamilə gündəmdən çıxartmağa nail olub. Bunun baş verməsi üçün ilk növbədə Cənubi Qafqazda hərbi-siyasi güc nisbətinin dəyişməsi əsas şərt rolunu oynayır. Yəni, bu üç dövlət Ermənistanı o qədər gücləndirməlidirlər ki, Cənubi Qafqazda rəsmi İrəvan bütün təsirlərə tab gətirə bilsin.
İndiki situasiyada və hətta yaxın gələcəkdə bu, qətiyyən real görünmür. Çünki Ermənistanın gücləndirilmə potensialı hazırda Fransa, İran və Rusiyanın planları üçün o qədər də ümidverici nəticələr vəd etmir. Ermənistan ordusu indi formal silahlı dəstələr modelinə daha çox yaxındır. Ermənistan ordusunu yenidən qurmaq üçün onmilyardla dollar maliyyə vəsaitinə və onilliklərlə zamana ehtiyac var. Halbuki Fransa da Ermənistana ordu qurmaq üçün belə iriməbləğli maliyyə vəsaiti xərcləmək imkanından uzaqdır. Hətta rəsmi İrəvanın hərbi texnika və silah-sursat xahişləri NATO üzvü olan rəsmi Paris tərəfindən Ermənistanın Rusiyaya bağlı KTMT-ya üzvlüyü bəhanə gətirilərək, geri çevrilib.
Ermənistanın hərbi müttəfiqi Rusiya isə hazırda rəsmi İrəvana əvvəlki illərdə olduğu kimi, yenə də silah-sursat, hərbi texnika “hədiyyə etmək” imkanı ilə tamamilə tərs mütənasibdir. İndi Rusiyanın özünün silah-sursata və hərbi texnikaya daha çox ehtiyacı var. Çünki hərbi potensialını böyük ölçüdə Ukraynada tükəndirən Rusiya savaşı uduzmaq təhlükəsindən yayınmaq barədə düşünmək məcburiyyətində qalıb.
Rəsmi İrəvan özü isə böyük ehtimalla heç vaxt Ermənistan ordusunu regionda qüvvələr nisbətini dəyişdirə biləcək səviyyəyə çatdıra bilməyəcək. Hər halda, öz vətəndaşlarının ən elementar sosial problemini belə həll edə bilməyən, dar büdcəli bir ölkədən bunu gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Bu baxımdan, Cənubi Qafqazda qüvvələr nisbətinin Fransa, Rusiya və İranın maraqlarına uyğun dəyişmə ehtimalı yalnız möcüzələrə bağlı məsələ təsiri bağışlayır.
Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişdirilməsi mümkün deyil. Fransa, Rusiya və İranın bütün cəhdləri yalnız sülh prosesinin ləngidilməsi üçün yetərli ola bilər. Halbuki Azərbaycan və Türkiyənin region üzərindən enerji resurlarının Avropaya nəqli məqsədilə vahud sistem yaratması bu üç pozucu ölkəni geopolitik proseslərdən tamamilə kənarlaşdıra bilər.
Yəqin ki, həm Parisdə, həm də Moskvda bu reallığı anlamamış deyillər. Avropa Birliyi Azərbaycanla tərəfdaşlığı isə daha da inkişaf etdirir. Bu nüfuzlu qurumun rəsmiləri Azərbaycanı Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşı elan edib. Halbuki, Fransa rəsmi dairələri Avropa Birliyinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi üçün bütün cəhdləri göstərir. Və hazırda Cənubi Qafqaz məsələsi ilə bağlı Avropa Birliyi Fransa ilə kəskin ziddiyyətlər yaşayır.
Ona görə də, hesab etmək olar ki, Fransa, Rusiya və İranın regional sülh prosesini iflasa uğratmaq cəhdləri nəticəsiz qala bilər. Bu üç ölkə, xüsusilə də, Fransa yekun sülh sazişinin imzalanmasını hələlik əngəlləsə də, tezliklə Brüssel prosesinin yeni mərhələyə keçə biləcəyi qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Cənubi Qafqazda yaşanan geopolitik qarşıdurmanın sonrakı inkişaf istiqamətləri yəqin ki, Ukrayna savaşının nəticələrindən asılı olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu