“1828-ci ildə Türkmənçay, 1829-cu ildə Ədirnə müqavilələri ilə ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlanıldı. Bununla Azərbaycanda türk-müsəlman sistemini məhv etməklə istəklərinə nail olmağa çalışırdılar. Bunun kökündə təkcə Azərbaycanı yox, bütün türk dünyasını məhv etmək dayanırdı”.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli belə deyib. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- 31 Mart soyqırımın arxasında yatan həqiqətlər nə idi, bu, qanlı hadisələr kimlərin maraqları çərçivəsində törədildi?
- Azərbaycan türklərinə qarşı törədilmiş bu soyqırımın dərin kökləri var. 31 Mart soyqırımı erməni məsələsinin pik nöqtəsi idi. Erməni məsələsi XIX əsrdə Osmanlı İmperiyasına yönəldildi. Rusiya Qərb dövlətləri ilə birlikdə Osmanlı İmperiyasını çökdürmək üçün millətçiliyin ifrat formasından istifadəyə cəhd etdi. Bu baxımdan, Osmanlı ərazilərində yaşayan müxtəlif xalqlardan istifadə etməyə çalışdılar. Məsələn, bolqarlar, xorvatlar, serblər və s. Amma planları baş tutmadı, onların istəklərinə yalnız ermənilər cavab verdi. Çünki insanı vəhşcicəsinə öldürmək, qadın əzalarını kəsmək, uşaqları işgəncə ilə öldürmək kimi amillər erməni mentalitetinə uyğun gəlirdi. Həmin dövrdə də ermənilər köçüb gəldikləri bu ərazilərdə dövlət qurmaq istəyirdilər. Həmin dövrdə bundan ən çox Rusiya yararlandı.
1828-ci ildə Türkmənçay, 1829-cu ildə Ədirnə müqavilələri ilə ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlanıldı. Bununla Azərbaycanda türk-müsəlman sistemini məhv etməklə istəklərinə nail olmağa çalışırdılar. Bunun kökündə təkcə Azərbaycanı yox, bütün türk dünyasını məhv etmək dayanırdı. Türk dünyasını məhv etmək, eyni zamanda, bütün müsəlman dünyasını sıradan çıxarmaq demək idi.
XX əsrin əvvəllərində vəziyyət getdikcə mürəkkəbləşdi. 1915-ci ildə qondarma bir oyun oynadılar. Bu oyun nəticəsində indiki Türkiyənin Şərqi Anadolu bölgəsindən ermənilərin köçürülməsi başlanıldı. Çünki ruslardan dəstək alan ermənilər xəyanət edirdilər, arxadan zərbə vururdular. Bu oyunun nəticəsində ermənilər bölgədə çoxlu sayda türk kəndlərini yandıraraq, insanları qətlə yetirdilər. Əlbəttə, onlara cavab verildi, onların bölgədən köçürülməsinə başlanıldı, bunun adını isə “erməni soyqırımı” qoydular. Bunu bu şəkildə təqdim edilməsindən sonra ermənilər arasında millətçiliyin ifrat forması geniş vüsət aldı.
1905-1906-cı illərdə Bakı, Naxçıvan, Qazax, Qarabağ və digər bölgələrdə Azərbaycan kəndləri yerlə-yeksan edildi, insanlar soyqırıma məruz qoyuldu. Bu hadisələri 1918-ci ildə baş verən qanlı olayların “məşqi” idi. 1918-ci ildə isə bu, özünün ən pik nöqtəsinə çatdı. Həmin dövrdə Rusiya tərəfindən silahlandırılmış, Qərb dövlətləri tərəfindən müdafiə olunan ermənilər Bakı, Şamaxı, Quba və digər yerlərdə misli görünməmiş soyqırım həyata keçirdilər.
Bura Muğan hadisələrini də əlavə etmək olar. Çünki həmin dövrdə Muğanda mürəkkəb vəziyyət hökm sürürdü. Muğan Azərbaycanın taxıl anbarı idi, bu bölgə olmadan Bakını təmin etmək mümkün deyildi. Yaranmış vəziyyətə uyğun olaraq Muğanda bolşeviklər və eserlərin hakimiyyəti güclənmişdi. Zamanla Azərbaycan Xalq Cümhuriyyətinin adamları da burada fəaliyyət göstərirdilər, amma zəif idilər. Bolşeviklər və eserlər bir-birinə düşmən olsalar da, bizə qarşı eyni xətdən çıxış edirdilər. Bolşeviklər və eserlərin sıralarında xeli sayda erməni vardı. Muğanda baş verən qiyamlarda ermənilər çox aktiv iştirak edərək, azərbaycanlılara qan uddururdular, çünki silahlanmışdılar.
Başqa sözlə, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin coğrafiyası çox geniş idi. Türklərə qarşı törədilən bu cinayətlər təkcə Azərbaycanla məhdudlaşmırdı. Bu hadisələr Özbəkistan, Qırğızıstan, Osmanlı, Şimali Kipr və digər ölkələri əhatə edirdi. Görünməmiş vəhşilikləri Azərbaycanda törətdilər. Bunun kökündə də, bütün türk düyasını məhv etmək məsələsi dayanırdı. Türk əhalisini qırmaqla bura xristianların köçürülməsi planlaşdırılırdı. Bunun qarşısını Atatürkün rəhbərliyi altında başlayan Qurtuluş savaşı aldı. Bakı Nuru Paşanın komandanlığındakı qüvvələr və yerli birliklərin hesabına azad olundu.
- Həmin illərdən danışarkən, həmişə bu fikir əsas götürülür ki, Azərbaycan türklərini yox etməkdə məqsəd Bakını ələ keçirmək idi. Yəni Bakı ilə bağlı hansı plan hazırlanmışdı, ələ keçirib nə edəcəkdilər?
- Böyük Britaniya, Fransa və ABŞ da bu məsələdə erməniləri dəstəkləyirdi. O dövrdə əsas hədəf Bakı nefti idi. O illərdə Bakı dünya neftinin 70-80 faizdən çoxunu verirdi. Birincisi, Bakını götürməklə iqtisadi rıçaqların ələ keçirilməsi məsələsini həll etmək istəyirdilər. İkincisi, Bakı siyasi və sənaye mərkəzi idi. Həmin bu mərkəzi ələ keçirməklə, türk sisteminin belini qırmaq istəyirdilər. Bu məqsədlə Bakının tərkibini dəyişmişdilər. Tamamilə Bakını götürdükdən sonra bizim taleyimiz necə olacaqdı? Buna görə də, böyük şəxsiyyət Məhəmməd Əmin Rəsulzadı Bakıya böyük əhəmiyyət verirdi. Çünki mərkəz məhv olarsa, dövlət qurmaq qeyri-mümkün olacaqdı.
Rəsulzadə Nuru Paşaya yazdığı məktubunda xüsusilə Bakının azad edilməsini vurğulayırdı. Bakı azad olunanda göz yaşlarını saxlaya bilməmişdi, Nuru Paşanı “göydən enən mələk” adlandırmışdı. Bakının əhəmiyyəti belə böyük idi. Bakı azad edilməsəydi, Azərbaycan dövlətini yaratmaq mümkün olmayacaqdı.
- Yəni Atatürkün, Nuru Paşanın köməyi olmasaydı, Azərbaycanı nə gözləyirdi, Rusiyaya birləşdiriləcəkdi, yoxsa...?
- Biz heç nə edə bilmirdik, silahlandırılmış və böyük güclər tərəfindən dəstəklənən ermənilər üzərimizə salınmışdı. Belə bir dövrdə Ənvər Paşa, Nuru Paşa və onların başında dayanan Atatürk olmasaydı, ilk növbədə Bakı itiriləcəkdi, belə bir plan vardı. Habelə Azərbaycanın bölünməsi planı müzakirə olunurdu. Bakı, Quba, Şamaxı kimi ərazilər Rusiyaya, Şimal bölgələri Gürcüstana, Şimal-qərb hissələri Ermənistana birləşdiriləcəkdi. Halbuki Gürcüstan və Ermənistan sonaradan yaradılmış dövlətlər idi. Bununla da Azərbaycanı parça-parça bölüb yox edəcəkdilər.
Rusiya həmişə Şamaxı, Bakı və Qubaya iddia edib. Çünki Qafqaza sahib olmaq istəyir. Rusiya gedib Avropanı ala bilər, amma dünya dövləti ola bilməz. Amma Qafqaza sahib olunmaqla dünya dövləti olmaq mümkündür. Qafazda da Rusiyanın əlindən çıxsa, bu statusu itirir. Buna görə Rusiya bu gün də Qafqaz uğrunda mübarizə aparır, buradan çıxamaq istəmir, buranı qarışdırıb dağıtmaq istəyir. Qafqazdan çıxmaq Rusiyanın Moskva dövlətinə çevrilməsi, öz ərazilərini və gücünü tamamilə itirməsi deməkdir. Buna görə həmişə Qafqaza can atıb.
Həmin dövrdə də Rusiya başa düşürdü ki, Şamaxı, Quba və Bakını götürməsə, Qafqaza tam sahib ola bilməyəcək. Şah Abbas və Sultan Hüseyn dövründə də, bu ərazilərə iddiasını irəli sürdü, amma ona imkan vermədilər. Azərbaycan nə vaxtsa zəifləsə, Rusiya bu məsələni ortaya atır. Məsələn, Səfəvi şahzadəsi Sultan Hüseynin dönəmində, Rusiya təklif verdi ki, “Bakı, Quba və Şamaxını mənə ver, sənə kömək edim”.
Sultan Hüseyn Rusiyaya cavab verdi ki, “Sənin kimi kafirdənsə, mənim üçün düşmən müsəlman yaxşıdır”. Bununla da Rusiyanın məkrli niyətini rədd edir. Başqa sözlə, Rusiyanın həmişə Qafqazı ələ keçirmək planı olub. 1918-1920-ci illərdə bolşeviklər bu planı başqa bir formada həyata keçirməyə başladılar. Bu məsələ tarix boyu aktual olub. Amma indi güclü Azərbaycan və güclü Türkiyə var. Biz nəinki işğal olunmuş əraziləri qaytaracağıq, Ermənistan bizimlə hesablaşmasa, Qafqazdan çıxmağa məcbur olacaq.
Tarix Azərbaycanı bütövləşdirməlidir, çünki türklər inkişafda olan xalqlardan biridir. Bu da Azərbaycanın bütövləşməsinə gətirib çıxaracaq.