2019-cu ilin 1 oktyabr tarixindən etibarən ölkədə pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.
Bu barədə Milli Məclisdəki (MM) mənbələrdən məlumat verilib.
Bildirilib ki, dövlət başçısının imzası və təqdimatı ilə parlamentə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.
Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək və parlamentin 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.
Qanun layihəsi qəbul olunub imzalandıqdan və hüquqi qüvvəyə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək.