Ağsu rayon Mərkəzi Xəstəxanasında son aylarda yaranan vəziyyət həm əhali, həm də səhiyyə işçiləri arasında ciddi narazılıq doğurub. Xəstəxananın direktoru vəzifəsinə Gülnarə Muxtarova təyin olunduqdan sonra müəssisədə idarəetmədə xaosun hökm sürdüyü, savadlı və təcrübəli həkimlərin əsassız şəkildə işdən uzaqlaşdırıldığı iddia olunur.
Son 9 ay ərzində xəstəxananın peşəkar həkimlərindən bir neçəsi işdən çıxarılıb və ya fəaliyyət imkanlarından məhrum edilib:
Əhməd Nəbiyev – pediatr həkim
Peykəm Mehralıyeva – mama-ginekoloq həkim
Əli Hüseynov – statistik həkim
Fazil Əzizov – travmatoloq və cərrah, Əməkdar həkim
Vilayət Abbasov – mama-ginekoloq (cəmi bir ay işlədikdən sonra uzaqlaşdırılıb)
Bundan əlavə, xəstəxananın Böyük tibb bacısı Qönçə Seyidova və ACİL şöbəsinin böyük tibb bacısı Hüsniyə Zərbalıyeva naməlum səbəblərlə infeksion şöbəyə köçürülüblər.
Hazırda Ağsu rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatlarını həyata keçirən yeganə həkim – Eldar Bayramovdur. O da yalnız 0,5 ştatla ayın 15 günü işləyir, digər günlərdə isə Bakıda özəl klinikada fəaliyyət göstərir.
[center][/center]Nəticədə, rayonda cərrahiyyə, travmatologiya və ginekoloji əməliyyatlar aparılmır. Xəstələr isə məcburən Kürdəmir, Şamaxı və Bakı şəhərindəki tibb müəssisələrinə üz tuturlar.
[center][/center]Mütəxəssislərin və yerli sakinlərin sözlərinə görə, yaranmış vəziyyət səhiyyə xidmətlərinin keyfiyyətini aşağı salmaqla yanaşı, rayon əhalisini ciddi çətinliklər qarşısında qoyur. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların təcili tədbir görməsini tələb edirlər.
Xalq.online