“Soledarda gedən ağır döyüşlər nəticəsində şəhərin çox hissəsi dağılıb, ancaq Ukrayna qüvvələri rusiyalıları mövqelərindən çıxarmaq əzmindədirlər. Orada demək olar salamat bina qalmayıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasında batalyon komandirinin müavini Volodimir Nazarenko xarici mediaya müsahibəsində deyib. Nazarenko bildirib ki, Rusiyanın şərq cəbhəsində irəliləməsi “Pirr qələbəsi” olacaq, çünki Moskva bu qədər itkidən sonra hansısa mövqeni çətinliklə qoruyub saxlayacaq.
“İşimiz düşməni tükəndirməkdir. Baxmut və Baxmut istiqaməti düşmən üçün bir növ tələydi… Onlar tez, ya gec taqətdən düşəcəklər”, – o vurğulayıb.
Soledar və Baxmut döyüşləri ötən yaydan gedir. Ukrayna rəsmiləri bu döyüşlərlə Rusiya qüvvələrinin qeyri-mütənasib itki verməsinə nail olmağa çalışsalar da, minlərlə ukraynalı əsgər də həlak olub.
Hərbi təhlilçilər Soledarın, yaxud yaxınlıqdakı Baxmut şəhərinin strateji dəyərini sual altına alsalar da, Rusiyanın irəliləməsi Kreml üçün yaxşı xəbər olacaq. Rusiya qüvvələri 2022-ci ilin iyulundan Ukraynada bircə şəhəri belə tuta bilməyib.
Prezident Volodimir Zelenski Soledarda bircə divarın salamat qalmadığını deyib. Onun aparat rəhbəri Andrey Yermak isə bu döyüşləri 1-ci Dünya Müharibəsindəki ən uzunmüddətli Verden döyüşləri ilə müqayisə edib. Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko ərazini “qan çanağı” adlandırıb.
Kirilenko müharibəyədək 10 mindən çox əhalisi olan Soledarda 600-dək sakinin qaldığını deyib. Rusiyanın çoxsaylı agentlikləri qüvvələrinin qonşu kənd və şəhərlərdən 170 nəfəri evakuasiya etdiyini bildirib.
Soledar döyüşləri Rusiyanın nizami qüvvələri ilə “Vaqner” muzdlu döyüşçü qrupu arasında ziddiyyətləri də üzə çıxarıb. Vaqner aylardır Soledar və Baxmuta hücumun önündə gedir. Bir çox təhlilçilərin fikrincə, “Vaqner”in başçısı Yevgeni Priqojin Rusiya əsgərlərinin dalana dirəndiyi ərazini öz qüvvələrinin tutmasıyla Moskvada siyasi mövqeni gücləndirməyə ümid edir.
Rusiyanın Müdafiə Nazirliyi yanvarın 13-də Soledara nəzarətin götürülməsi haqda bəyanat yaysa da, “Vaqner”in adını çəkməyib. Az sonra “Vaqner”də komandirlərdən biri Andrey Troşev Telegram postunda nazirliyi “başqalarının uğurlarını” oğurlamaqda ittiham edib.
ABŞ rəsmiləri Soledar və Baxmutda cəbhə xətlərində “Vaqner”in 50 min muzdlusundan 4 mininin öldürüldüyünü, 10 mininin yaralandığını bildirir.
“AzPolitika.info”