Martın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmuş şəhidlərin anaları və həyat yoldaşları ilə görüş keçirib.
Globalinfo.az bildirir ki, şəhid ailələrini salamlayan Səttar Möhbalıyev onları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
AHİK sədri 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən, düşməni məhv edən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb.
Bildirib ki, sizin övladlarınız, həyat yoldaşlarınız düşmən qarşısında mətin dayandı, torpaqlarımızı işğaldan qurtararaq xalqımızı müzəffər etdilər və illər keçsə də, Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini dərin ehtiramla yad edəcək.
Şəhid ailələrinin xanım üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən və yüksək qayğıdan razılıqlarını ifadə ediblər. Vurğulayıblar ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olur.
Sonda AHİK tərəfindən xanımlara hədiyyə və sovqatlar verilib, maddi-mənəvi dəstək göstərilib.