Qarabağda qanunsuz yerləşən rusiyalı oliqarx Ruben Vardanyan “vəzifəsindən” azad edilsə də, qısa zamanda aktiv “ictimai” fəaliyyətə başlayıb. O, Qarabağ erməniləri üçün bir neçə istiqamətdə yeni layihələr elan edib, Xankəndidə “Bizim dağlar” mərkəzini açıb.
Axar.az xəbər verir ki, mərkəz “müzakirə”, “debat” və “dövlət proqramlarının” təqdimatı üçün nəzərdə tutulub.
Separatçılar mərkəzin tamamilə yeni kommunikasiya imkanları yaradacağını gözləyirlər. Burada Qarabağ ermənilərinin (Xankəndidəki separatçı rejim üzvləri) “təhlükəsizliyi”, “dövlət idarəçiliyində” “vətəndaş” iştirakı, diaspordakı ermənilərlə əlaqələr, “təhsil”, “sosial bərabərlik” və s. kimi mövzular istiqamətində işlər aparılacaq.
Debat iki istiqamətdə - ekspert-strateji və praktiki, konkret proqramlar, onların icrasının gedişi və nəticələrlə təqdim olunacaq. Tez-tez Qarabağ ermənilərini təxribata çağıran Rubenin “müzakirə” mərkəzində hansı fikirlərin səslənəcəyini təxmin etmək çətin deyil. Xüsusilə də diqqət çəkən məqam mərkəzin diaspordakı ermənilərlə əlaqə yaratmaq məqsədidir. Erməni mediası müharibədən sonra diaspor ilə Ermənistanın və Qarabağ ermənilərinin əlaqələrinin zəiflədiyini dəfələrlə vurğulayıb. Vardanyan bu münasibətləri bərpa edib, separatçılığa yeni vəsaitlərin cəlb edilməsini və erməni təbliğat maşınının fəaliyyətini gücləndirməyə çalışır.
Bir sözlə, Vardanyan vəsaitindən, eləcə də əlaqələrindən maksimum istifadə edib, separatçılığı gücləndirməyə və bununla da eskalasiyaya şərait yaratmağa davam edir. O, bu barədə bir neçə gün öncə çıxış etmişdi: “Məqsədim dəyişməz olaraq qalır: “təhlükəsiz”, “azad” erməni Qarabağına (Xankəndidəki separatçı rejimə - red.) sahib olmaq. Bunun üçün “mübarizəmizi” davam etdirməliyəm”.
Rubenin aktivliyi və Araikin ona qarşı mübarizəsi fonunda yaxın günlərdə separatçılar arasında ciddi münaqişənin şahidi ola bilərik.