Azərbaycanda yeni idarəetmə modeli yaradılır.
Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən yeni idarəetmə üsulu- Prezidentin xüsusi nümayəndəsi ölkənin digər hissələrində də tətbiq edilə bilər. Prezident bunun gələcəkdə yeni idarəetmə modeli kimi ölkənin bütün digər hissələrində də tətbiq edilməli olduğunu vurğulayıb:
“Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.
Beləliklə, Prezident gözlənilən islahatların anonsunu verdi. Məlumdur ki, yerlərdə icra hakimiyyətləri özünü doğrultmur, bu qurumlardan şikayətlər durmadan artır, onlar fəaliyətlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Məhz bu səbəbdən gələcəkdə ölkənin bütün bölgələrində yeni idarəetmə üsuluna keçid gözlənilir. İcra hakimiyyəti institutunun ləğvi və yeni idarəetmə modelinin tətbiqi xüsusən bölgələrin inkişafını sürətləndirə, həm də bələdiyyələrinin inkişafına töhfə verə bilər.
Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezident tərəfindən ölkəmizdə 2018-ci ildən etibarən böyük islahatlar paketi təqdim olunub:
“Bu islahatlar bütün sahələri əhatə edir. Buna geniş spektrlı islahatlar deyirik. Təbii ki, onlardan vaciblərindən biri də həm mərkəzi, həm də yerli icra hakimiyyətlərində gedən islahatlardır. Biz bunu mərkəzi icra hakimiyyətlərində, nazirliklərdə və komitələrdə rəhbər vəzifələrə gənclərin, daha aydın və keçmişi tamamilə saf olan, korrupsiyaya bulaşmayan insanların cəlb olunmasında görürük. Həmçinin, icra başçısı, müavin və digər vəzifələrə gənc kadrların təyin olunması dövlət başçımızın uğurlu daxili siyasətinin bir nümunəsi kimi qeyd edilməlidir. Bu islahatlar dayanmayıb. 2020-ci ildəki növbədənkənar parlament seçkilərində nə qədər gənc simaların deputat seçilməsi islahatların həqiqətən də uğurlu olduğunu göstərir.
Həmçinin, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan abadlıq, quruculuq, böyük tikinti və meqa layihələr həyata keçirilir. Eyni zamanda, orada pilot layihə olaraq Prezidentin xüsusi nümayəndələri institutu təsis edilir. Artıq bir neçə nəfər Prezidentin xüsusi nümayəndəsi kimi öz vəzifəsinə başlayıb. Mən də düşünürəm ki, bu, çox uğurludur. Möhtərəm cənab Prezident də dəfələrlə Prezidentin xüsusi nümayəndəsi institutunun çox uğurlu bir model kimi özünü göstərdiyini deyib. Cənab Prezidentin gələcəkdə bu modelin bütün ölkədə tətbiq edilməsi fikri həm də anons sayıla bilər”.
Millət vəkili vurğulayıb ki, artıq yeni çağırışlar və yeni tələblərə uyğun daxili siyasətin ölkəmizdə çox uğurla aparıldığının şahidi oluruq:
“Bu sistemin əsasən də yerli idarəetmədə çox uğurlu olacağını düşünürəm. Bu vəzifə çox yüksək səlahiyyətlərə malikdir. Hazırda şəhər və rayonlarda daha çox regional sistemlər qurulur. Yeni yaradılan sistemdə isə digər məsələlər həllini tapmış olacaq. Həmin bölgəyə investisiyanın cəlb olunması, orada müasir tipli infrastrukturun qurulmasında təkliflərin veriləcəyi və onun araşdırılacağı çevik bir aparat sistemi olacaq. Bunun çox faydalı və önəmli addım olacağını düşünürəm. Cənab Prezident islahatlarda ölkənin şəhər və rayonları ilə bağlı məsələlərə çox həssaslıq və diqqətlə yanaşır. Hesab edirəm ki, bu yeni model bütün ölkədə tətbiq olunanda çox uğurlu nəticələr verəcək”.