“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qəzeti bağlayacağını açıqlayıb. Əslində buna açıqlama yox, təhdid və şantaj deyə bilərik. Çünki Bəxtiyar Sadıqov problemdən danışmır, pul tələb edir və şantaj edir ki, “pulu verməsəniz, qəzeti bağlayacam”.
Bu, illərdir dövlətdən maliyyə yardımı alan və özünü toxunulmaz hesab edən şəxsin ədasıdır.
Bəxtiyar Sadıqov xahiş etmir, tələb edir: “Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir”.
Bəxtiyar Sadıqov dövləti şantaj etməklə pul tələb edir, onun açıqlamasının məğzi və tonu da bunu göstərir. Açıqlamasının davamında isə çox mətləblər ortaya çıxır.
Belə ki, Bəxtiyar Sadıqovun özü deyir ki, hər il onlara 1,5 milyon manat maliyyə yardımı edilib. Bu, hər ay 130-150 min manat pul deməkdir.
“Azərbaycan” qəzetinin çapından tutmuş tirajına qədər hər şey dövlət hesabına həyata keçirilir. Misal üçün, çap xərclərinə böyük ölçüdə güzəştlər edilir, o cümlədən, dövlətin əksər strukturu bu qəzetə abunə edilib, bir çoxu da məcburi qaydada.
Bununla yanaşı, ən bahalı reklam bu qəzetdə verilir, dövlət qurumlarının tender elanlarının əksəriyyəti də bu qəzetdə yayımlanır, hətta başsağlığının qiyməti 50 manatdır. Bunların hamısı əlavə gəlir deməkdir.
Əslində Bəxtiyar Sadıqov aylıq aldığı 150 min manat olmadan da qəzeti çıxara, əməkdaşlarına maaş verə bilər. Sirr deyil ki, aylıq 150 min manat Bəxtiyar Sadıqovun şəxsi qazancıdır, o bu gün dövləti məhz öz cibinin kəsilən puluna görə şantaj edir!
Demokrat.az