"Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər”
“Deputat var ki, təkcə obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır”
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna bir sıra dəyişikliklər ediləcəyi gözlənilir. Bu dəyişikliklərə əsasən deputatların maaşı 43% artırılacaq və onlara aylıq maaşlarının iki mislində əlavə ödənişlər ediləcək.
Maaş artımının Milli Məclisin sədr müavinləri və komitə sədrlərilə bərabər sıravi deputatlara da şamil olunacağı bildirilir.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır. Ancaq dəyişiklikdən sonra onun maaşı 43% artaraq, 3550 manata yüksələcək. Hər ay vəzifə maaşının iki misli məbləğində əlavələri də nəzərə alsaq, bir ay ərzində Milli Məclisin sədrinin rəsmi gəliri 10 650 manat təşkil edəcək.
Milli Məclis sədrinin birinci müavini bu dəyişikliyə qədər aylıq 2227 manat əmək haqqı alırdısa, qanun qəbul olunduqdan sonra onun rəsmi maaşı 9585 manata çatacaq. MM-in sədr müavinləri 2103 manat alırdısa, onların gəlirləri 9052,5 manata yüksələcək.
Milli Məclisin komitə və komissiya sədrlərinin əmək haqları 1980 manat idisə, qanun qəbul olunandan sonra onlar 8520 manat əməkhaqqı alacaqlar. Sıravi deputatların maaşlarına gəlincə, onların aylıq gəliri 1732 manatdan 7455 manata yüksələcək.
Qeyd edək ki, deputatların əmək haqlarının birdən-birə bu qədər artırılması son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Vətəndaşlar ölkədə minumum əməkhaqqının, sosial ödənişlərin deputatların maaşıyla müqayisədə çox cuzi artırıldığını bildirirlər. Məlumat üçün qeyd edək ki, hazırda deputatların maaşı minimum əmək haqqı (300 AZN) alan vətəndaşların gəlirlərini 11,5 dəfə üstələyirsə, bundan sonra bu fərq 24,85-ə qədər yüksələcək.
Millət vəkillərinin maaş artımına münasibətlərinə gəlincə, onlar birmənalı olaraq buna müsbət yanaşdıqlarını bildirirlər. Deputatların bir çoxu maddi durumlarının aşağı olduğunu, bu səbəbdən də seçicilərinin problemlərini həll etməkdə çətinlik çəkdiklərini ifadə edirlər.
Milli Məclisin deputatı Aqil Abbas yerli mediaya açıqlamasında bildirib ki, bəzi deputatların maddi durumu aşağı olduğundan, hazırkı maaş onlara yetmir: “Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Mənə bu barədə söz deyənlərə dedim ki, buyurun, telefonuma gələn mesajları açaq, oxuyaq, sonra danışarıq. İndi də deyirlər ki, maaşınız niyə artıb? Bunu biz eləmirik ki. Artıb-artıb da. Deyək ki, yox, artırmayın? Əslində, heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər”.
Millət vəkili Etibar Əliyev hesab edir ki, Azərbaycan deputatlarının maaşları digər ölkələrə nisbətən xeyli aşağıdır: “Əgər deputatların əməkhaqları qalxırsa, bu, dövlətin əməkhaqqı siyasətidir. Əlbəttə, maaşlarımız qalxsa, çoxsaylı problemlərin həllinə müəyyən mənada dəstək olacaq. Niyə deputat maaşı qalxanda narazılıq olur? Elə məmurlar, işçilər var ki, 5 min manatdan yuxarı əməkhaqqı alırlar. Deputata gələndə niyə narazılıq yaranır? Elələri var ki, əməkhaqları yüksəkdir, onlara niyə etiraz etmirlər?”.
Milli Məclisin deputatı Elman Məmmədov isə hesab edir ki, deputatların hazırki maaşları aşağı deyil: “Bu günə qədər aldığım maaş şəxsən məni qane edir, mənim üçün kifayətdir. Bu barədə heç bir narahatlığım yoxdur. İndi əgər deputatların maaşı artırılırsa, bunu deputatlar özləri artırmır ki. Bu, yəqin ki, dövlət rəhbərliyinin xüsusi tapşırığı ilə olan məsələdir. Yəni, bu mənim deyib-deməməyimlə artıb-azalan deyil. Ancaq mən bu günədək mövcud olan deputat maaşımdan razıyam”.
Məlumat üçün qeyd edək ki, qanuna ediləcək müvafiq dəyişikliyi nəzərə alsaq, Azərbaycanda deputatların maaşı digər ölkələrlə müqayisədə bir neçə dəfə artıq olacaq. Məsələn, hazırda qardaş Türkiyədə millət vəkillərinin aylıq maaşı 28 min 600 tl-dir (2801 manat). Keçmiş ittifaq ölkələrinə gəlincə, Gürcüstanda deputatların aylıq əməkhaqqı 1520 dollar (2585 manat), Ukraynada 1400 dollar (2381manat), Qazaxıstanda 1350 dollar( 2296 manat), Ermənistanda 1407 dollar (2391 manat), Belarusda 950 dollar (1616 manat), Özbəkistanda 860 dollar (1463 manat), Tacikistanda isə 480 dollar təşkil edir.
Yəni müvafiq dəyişiklikdən sonra azərbaycanlı deputatlar MDB məkanında yalnız rusiyalı həmkarlarından aşağı maaş alacaqlar. Belə ki, hazırda Rusiyada deputatların aylıq maaşı 13 800 dollardır (23 474 manat).
Qeyd edək ki, deputatlara ən yüksək maaş verən ölkə Avstraliyadır. Avstarliyada parlament üzvlərinin aylıq qazancı 16 750 dollardır (28 496 manat). İkinci yerdə aylıq gəliri 15 700 dollar (26 710 manat) olan Nigeriya parlamentariləri qərarlaşıb.
Onların aylıq gəlirləri Nigeriyanın adi sakinlərinin orta maaşından 100 dəfə artıqdır. Üçüncü sırada isə italiyalı deputatlar və senatorlar gəlir. Onların aylıq qazancları 15 min 100 dollardır.
Bu mövzuyla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, deputatların maaş artımının cəmiyyət tərəfindən birmənalı qarşılanmamasının əsas səbəbi onların fəaliyyətilə bağlıdır: “Azərbaycanda keçirilən seçkilərlə bağlı kifayət qədər suallar var. Hazırda seçkilər və deputatların təmsilçilik fəaliyyətləri seçiciləri qane etmir. Əminliklə deyə bilərik ki, bu gün bir çox millət vəkilinin fəaliyyəti vətəndaşların gözləntilərini qarşılaya bilmir. Həmçinin qanunvercilik təşəbbüsləri bizim parlamentdə çox aşağı səviyyədədir. Yəni parlamentə gələn qanunların 94-95 faizi Preziedent Administrasiyasının Hüquq şöbəsindən daxil olur. Hazırda Parlamentin özünün qanunvericilik fəaliyyəti ilə bağlı işi insanların gözləntilərindən çox aşağıdır. Bu da müəyyən mənada insanlar arasında qıcıq yaradır”.
Ekspert qeyd edib ki, deputatların maaş artımı büdcəyə rəqəmsal olaraq ciddi təsir etməyəcək: “Hazırda ölkdə təqaüdçülərin sayı 1 milyon 300 min nəfər, muzdla çalışan büdcə təşkilatlarının işçi sayı isə 910 min nəfərə yaxındır. Bu kateqoriyadan olan insanların maaşlarının artırılması üçün kifayət qədər böyük məbləğlər tələb olunur. Bu nöqteyi nəzərdən 118 deputatın maaşının artırılması büdcəyə elə də böyük təsir etmir. Ancaq təbii ki, ölkədəki sosial vəziyyəti nəzərə alsaq, maaşlar və sosial müavinətlər çox aşağı olduğundan insanların bu məsələyə münasibəti birmənalı deyil.
Hesab edirəm ki, ölkədə maaşların və sosial ödənişlərin artırılması mütləqdir. Ancaq bu artım baş versə belə, problemin tam həll olunmasına kifayət etmir. Məsələn, bir neçə il bundan öncə Azərbaycanda minumum əmək haqqı 136 manat idi. İndi isə 300 manatdır. Lakin illər öncə 136 manat olan əmək haqqının alıcılıq qabiliyyəti indikindən daha yüksək idi.
Hazırda qiymətlər o qədər artıb ki, maaşların, təqaüdlərin artırılması belə inflyasiyaya təkan verən amilə çevrilib. Çünki iqtisadi mühit düzgün qurulmayıb. İqtisadiyyatda rəqabətli mühit yoxdur. Mal və məhsul bolluğu yoxdur. Bura inhisarçılığı da əlavə etdikdə, vəziyyət daha da pisləşir. Ona görə də əhalinin təqaüdləri, maaşları, sosial müavinətlərini artırmaqla bərabər, ölkədəki inflyasiyayla ciddi mübarizə aparılmalıdır”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, deputatların maaş artımına yanaşma kökündən yanlışdır: “Deputat sırf peşəkar formada deputatlıqla, qanun yaradıcılığı ilə məşğul olacaqsa bu məbləğdə maaş tam normal qarşılana bilər. Ancaq hamı bilir ki, bu tip deputatlar olduqca azdır. Şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən tutmuş sıravi deputatadək belələri var”.
O. Gündüz qeyd edir ki, kənardan heç bir gəliri olmayan bu tip deputatların yaradıcı deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır: “Hamı bilir ki, bizim Milli Məclisdə vəziyyət necədir. Deputatların böyük əksəriyyətinin real biznesləri var. Bəziləri heç bunu gizlətmirlər də və müsahibələrində qeyd edirlər. Təkrar edirəm, mən onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim. Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Halal xoşu olsun.
Seçicilərinin hamısı da bunu bilirlər. Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır? Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə həm biznesindən gəlirlər əldə edəcək, həm də dövlətdən 7455 manat alacaq. Hesab edirəm ki, məsələnin bu formada qoyuluşu və zaman-zaman bu formada artımlar absurd bir vəziyyət yaradır. Ümid edirəm ki, bu məsələni gündəmə gətirənlər baş verənlərin fərqindədir və ağlabatan bir yanaşma ortaya qoya biləcəklər”.
Elvin Bəyməmmədli