Azərsu xalqı "qızıl balıq" yerinə qoyub: "Zərər"lə işləyir, pulu xalqın canından çıxarır
17 iyul, 2023 [07:20]
"Azərsu" ASC
"...Neyləyim, qudurub qarı qəzəblə,Deyir, istəmirəm padşahlıq etmək,
Dənizlər sultanı olum mən gərək.
Dəryalar içində qəsrim qurulsun,
Qızıl balıq gərək nökərim olsun". "Qızıl balıq" hekayəsindən
Önsöz: "Azərsu" ASC yenə də gözləntiləri doğruldaraq, ötən ili nə az, nə çox - 180.5 milyon manat zərərlə başa vurub. Beləliklə, Azərsu-da yığılmış zərərin həcmi 8 milyard manatı keçib. Sualı maraqlı olsa da, cavabı heç vaxt açıqlanmayan o suala gələk: Azərsu milyonlarla manat pulu hara xərcləyir? Söhbət nə minlik, nə də yüzminlikdən getmir. Söhbət milyonluqdan, hətta on milyonlarla manatdan gedir. Miqdar fantastik olsa da, ictimaiyyət və elə Azərsu-nun özü üçün bu, artıq olduqca normal hal kimi qəbul oluna bilir. Çünki, öyrəşmişik və hətta hərdən dost-tanışlarla mərcə də giririk ki, görəsən, Azərsu bu ili neçə milyon manat zərərlə başa vuracaq? Mərc də elə su pulundandır. Kim uduzsa, digərinin su pulunu ödəyir. Ara yerdə yenə elə Azərsu qazanır. Yaxşı, bəs bu qədər "uduzuruq", o uduzduğumuz pulları Azərsu nə edir? Yəqin ki, "misli"yə vurmur...
Deyilənə görə, təmir-tikinti işlərinə xərcləyir. Bəs bu təmir-tikinti işləri - özü də hər il on milyonlarla manat xərclənərək - necə gedir ki, nə vaxt göydən yağış, qar düşsə, Sabunçu rayonunun Zabrat qəsəbəsi Venesiyanın Azərbaycandakı filialına çevrilir. Bu milyonlar necə təmir-tikintiyə xərclənir ki, Yasamalda hər ay bir su, kanalizasiya borusu "intihar" həddinə çatsa, tez gedib dəliyinə çüy dürtüb düzəldirlər. Milyonlarla manat bəyəm "çüy"ə xərclənir? Bu çüy, deşilən boruya tıxılır, amma ilsonu zıppıltısını camaat çəkir - artan qiymətlərlə. Bu qurumu hərdən məşhur "Qızıl balıq" hekayəsindəki balıqçının xanımına bənzədirəm: nə vaxt "qiymətlər artsın" deyib, o saat arzusu yerinə yetib, suyun qiyməti gecə ilə artırılıb. Amma ilsonunu yenə zərərlə başa vurub. Vallah, qızıl balığın da gücü bir yerə qədər çatır - daha dərimiz də soyulub, "qızıl"dan əsər-əlamət qalmayıb. Ancaq Azərsu hələ də istəyir. İstədikcə zərərə düşür, daha çox istəyir. Bir ara Xəzər dəryasında "qəsri" də qurulmuşdu, daha biz nə edək? Hekayədəki o qızıl balıq kimi verdiklərimizi geri almaq gücümüz də yoxdur axı...
İqtisadçı-ekspert Natiq Cəfərli Azərsu-nun ötən ili 180.5 milyon manat zərərlə başa vurması haqda Bizimyol.info-nun suallarını cavablandırıb. Ekspert bildirib ki, Azərsu və onun kimi digər qurumlar adətən, xərclər barədə ictimaiyyətə məlumat verməkdən yayınır. İlsonunda zərər açıqlandıqda isə insanlar heyrətlənir. İqtisadçının fikrincə, Azərsu xərclərlə bağlı şəffaflıq göstərmir:
"Bu zərərin əsas mənbəyi xərc hissəsidir. İndiyə qədər siz görmüsünüzmü ki, dövlət, hökumət qurumlarıdan hansısa biri xərc hissəsi ilə bağlı ayrıca hesabat versin? Nə jurnalistlərə, nə də ictimaiyyətə belə bir hesabat vermirlər. Əsas problem də məhz o xərc hissədə yaranır. Yəni gəlir hissəsində problem yoxdur, çünki açıq görünür, çünki hamımız su pulu ödəyirik. Ya bank vasitəsilə, ya da onlayn şəkildə ödənişlər edirik və bunlar hamısı keçir. Beləliklə hesabda yığılan vəsait görünür. Amma xərcləmələr də var axı. Azərsu elan edir ki, məsələn, yüz milyon manat xərcləyib. Həmin o yüz milyonu hara və necə xərcləyib, nəyə görə xərcləyib - bunun hesabatı yoxdur. O zaman da dəymiş ziyan məhz xərcdən yaranmış olur, gələn gəlirdən yox. Yəni, onların kifayət qədər ciddi gəlirləri olur, amma xərcləri çox olduğundan mənfəətləri olmur. Bizdə hamısı mənfəətə çıxa bilmədiklərindən belə zərər yaranır, əsas problem də odur. Qaldı ki, dövlətin Azərsu və bənzəri qurumlara maliyyə yardımı ayırmasına, bu, dəfələrlə olub. Dövlət dəfələrlə Azərsuya dotasiya ayırıb, hətta qurumun vergi borcları da bir neçə dəfə silinib. Vəsaitin hara xərclənməsi məsələsinə gəldikdə isə, daha çox təmir-tikinti işlərinə maliyyə ayrıldığı bildirilir. Bu, ümumi məlumatdır. Amma bu məlumat xırdalanmır - hansı təmir işlərinə və nə qədər xərcləndiyi deyilmir. Bütün bunlar ictimaiyyətə qaranlıq qalır" - deyə, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
Mətin Şükürlü, Bizimyol.info