"Tərtər işi" ilə bağlı həbs edilən hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular - kəşfiyyatçı Ramil Qarayev və Rüstəm Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İfadetv.com Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda şahid qismində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik etmiş, 2 il yarımdır ehtiyatda olan general-mayor Rasim Əliyev ifadə verib.
O bildirib ki, 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı işgəncələr Baş Qərargah rəisinin razılığı ilə həyata keçirilib.
Tərtərdəki olaylarla bağlı məlum olur ki, orada hərbçilərin ermənilərə casusluq şübhəsi ilə sorğu-suala çəkilməsi və işgəncəyə məruz qalması prosesi 2017-ci il mayın 1-dən başlayıb.
Rasim Əliyevin sözlərinə görə, Tərtərə mayın 9-da ezam olunub. Orada işgəncəyə məruz qalmış, əlləri, gözləri bağlı yüzlərlə hərbçi görüb: “Həmin vaxt Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev də orada idi. Rauf Kişiyev dedi, bunları başa sala bilmirəm ki, belə olmaz. Tərtərdə proseslərə rəhbərlik edən şəxs o zaman korpus komandiri olan general Hikmət Həsənov, korpusun hüquqşünası Fuad Ağayev idi”.
Şahid ifadəsində “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov və tabeliyindəki heyətin Tərtərə gəlib, orada hərbçilərə qarşı işgəncələrdə iştirak etməsindən də danışıb: “Mən Fuad Ağayevə baş verənlərə görə irad bildirmişdim. O da Hikmət Həsənova çatdırmışdı. Hikmət Həsənov zəng edərək dedi ki, proseslər nazir və Baş Qərargah rəisinin göstərişiylə həyata keçirilir. Lap 100 nəfər ölsə belə, araşdırma davam etdirilməlidir. Mənim işimə qarışma”.
Məhkəmədə zərərçəkənlər də, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov da general Rasim Əliyevin özünü günahlandırıb. İşgəncələrin şahidi olduğu halda qarşısını almaqdan ötrü öz səlahiyyətlərindən istifadə etmədiyinə görə onu qınayıblar.
Rasim Əliyev deyib ki, gücü çatdığı qədər prosesə müdaxilə edib.
Bu zaman təqsirləndirilən Vüsal Ələsgərov şahidə belə deyib: “Onda niyə o vəzifəni tutmuşdunuz? Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət zəncirinizdə 1000 halqadan 998-ciyəm”.
Bu ittihama isə Rasim Əliyev belə cavab verib: “Düz deyirsən, gərək səni yerində güllələyərdim”.
Vüsal Ələsgərov deyib ki, rəhbərlik baş verənlərdən xəbərdar idi, ona görə kiməsə nəsə deməyə ehtiyac duymayıb: “Bütün rəhbərlik xəbərdar idi işgəncələrdən. Bu sanki ona bənzəyir, hamı ərik ağacının altında dayanıb, ağacda olanları görür. Onlara deməyə nə ehtiyac var ki, ağacdakı ərikdir?”
Tərtər hadisələrində işgəncəyə məruz qalmış zərərçəkənlər o dövrdə Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovun məhkəməyə gəlməsini tələb ediblər.
Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, 2022-ci ilin dekabrında bəraət alaraq, azadlığa çıxan Müşfiq Əhmədli məsələyə belə münasibət bildirib: “Sizin kimi generalların ucbatından mənim həyatım məhv olub. Ailəm dağılıb. Çünki məni vətən xaini hesab edib yoldaşım. İllərim həbsxanada keçib. Psixoloji vəziyyətim bu gün də gərgindir. Bunları heç nə ilə geri qaytara bilməzsiniz”.
Vəkillərdən biri şahid general-mayor Rasim Əliyevdən Hikmət Həsənovun ona zəng eləməsi, Baş Qərargah rəisindən göstəriş alması, nə qədər ölən olsa belə, dayanmayacaqları, sorğu-sual və işgəncələri davam etdirəcəkləri barədə istintaqdakı ifadəsini təsdiq edib-etmədiyini soruşub. General-mayor suala belə cavab verib:
“Hikmət Həsənov mənə dedi ki, Baş Qərargah rəisi mənə “dobro” verib. Ölənlər olsa belə, davam edəcək”.
Tərtər hadisələrindəki zərərçəkənlərin ittiham etdiyi şəxslərdən biri də hərbi hissə komandiri Teymur Məmmədovdur. O, həmin dövrdə Tərtərdə briqada komandiri vəzifəsində çalışıb. Zərərçəkmişlər deyib ki, şəxsən Teymur Məmmədov özü də birbaşa işgəncələrdə iştirak edib.
Bu səbəbdən Teymur Məmmədov da məhkəmədə şahid qismində ifadə verib. Tərtər hadisələrində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova deyib ki, Hikmət Həsənov onun oğlunu tanımayıb: “Oğlum sənin (Teymur Məmmədovu nəzərdə tutur – red.) tabeliyindəki hərbçi idi. Mənə cavab ver. Oğlumu niyə ora göndərib, işgəncə verdin və öldürdün? Bu adam mənim oğlumun qatilidir”.
Validə Əhmədovanın ittihamının “böhtan” adlandıran Teymur Məmmədov deyib ki, o, sadəcə, iki nəfər - korpus komandiri Hikmət Həsənov və korpusun hüquqşünası Fuad Ağayevin göstərişlərini icra edib.
Teymur Məmmədovun sözlərinə görə, rəhbərlik etdiyi briqadadan sorğu-suala 130 hərbçi göndərilib və işgəncəyə məruz qalıblar. Onlardan 6 nəfər işgəncə nəticəsində həyatını itirib. Niyə həmin işgəncələr barədə harasa şikayət etməməsi haqda sualı isə o, belə cavablandırıb: “Korpus komandiri mənə deyib ki, o adamları sorğuya göndərmək lazımdır, mən də göndərmişəm. Prokurorluğun da nümayəndələri orada olub. Ümumiyyətlə, müraciət edə biləcəyim instansiyaların hamısının nümayəndələri orada idi. Kimə müraciət edəydim? Hərbi prokurora deyəydim ki, bunu belə eləmə, elə elə?”
Həm zərərçəkənlər, həm də təqsirləndirilənlər deyiblər ki, istintaqda polkovnik Teymur Məmmədovun işgəncələrdə iştirakını sübut edən videogörüntülər var. Həmin video və fotolarda aydın görünür ki, adamlar Teymur Məmmədovun yanında butılka ilə zorlanır, başqa vasitələrlə işgəncəyə məruz qalır.
Vüsal Ələsgərovla şahid Teymur Məmmədov arasında gərginlik yaşanıb. Vüsal Ələsgərov şahidi belə ittiham edib: “Sənin briqadanda 5-6 ölüm olub, mənim briqadamda isə ölüm olmayıb. Mənimlə sənin fərqin nədir? Gözünün qabağında o boyda qan-qada baş verdi, hamını günahkar çıxartdın, özün süddən çıxmış ağ qaşıq oldun? Yetimin birini (təqsirləndirilən Rüstəm Əsgərovu nəzərdə tutur - red.) güdaza vermisən. Allahın siqaretini də göndərmirsən. Onun xəstə balasının, zərərçəkənlərin ahı tutacaq səni”.
Məhkəmədə məlum olub ki, hərbçilərin sorğu-sual üçün çağırıldığı və sonradan işgəncəyə məruz qaldığı məkan Teymur Məmmədovun rəhbərlik etdiyi hərbi hissənin köhnə binası olub.
Teymur Məmmədov etiraf edib ki, rəhbərlik etdiyi briqadanın kəşfiyyat bölüyündən həmin hadisələr vaxtı 5-6 nəfər binanın mühafizəsi üçün göndərib. Biri də hazırda təqsirləndirilənlər arasındakı Rüstəm Ələsgərov olub.
Rüstəm Əsgərov ittihama münasibəti belə olub: “Mən yetim adamam, heç kimim yoxdur, ona görə buradayam. Məni həbs eləyəndə günü 20 manata kanalizasiya quyusu qazırdım. Autizm xəstəsi uşağım qalıb, siqaret, geyim tapmıram. Oradakı ölümləri mənim üstümə yazanların Allah balasını öldürsün. Mənim xəbərim olub onlardan? İndi burada üstünüzdən atmaqla deyil, bir “Kamaz” adam gətirdilər, gözümün qabağında əmr verdiniz ki, qaldırın bu qoduqları yuxarı”.
Teymur Məmmədov bildirib ki, Rüstəm Əsgərov ora binanın mühafizəsindən ötrü göndərilib. Onu binanın içində hərbçilərə işgəncə verən yeri görməyib. Özü də onun kiməsə işgəncə verdiyinə inanmır.
Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Əsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.
Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.
Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib.
Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.
Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur.
“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb.
“Tərtər işi” ilə bağlı ittiham olunan daha 5 nəfər - Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb.
Bu, "Tərtər işi" üzrə ən böyük cinayət işidir.
Bununla da rəsmi olaraq ittiham olunanların sayı 18, zərərçəkmişlərin sayı 700-dən çoxdur.
Qeyd edək ki, təqsirləndirilən şəxsləridən biri Fuad Ağayev general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi olub.
Hikmət Həsənovun köməkçisinin adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır.