Priqojini çoxdan tanıyırdım, hələ 90-cı illərin əvvəllərindən. O, çətin taleyi olan adam idi, onun həyatda ciddi səhvləri olub və o, lazım olan nailiyyətlər əldə edə bilib, həm özü üçün, həm də ümumi iş üçün, necə ki, son aylarda mən bu barədə ondan xahiş etmişdim. İstedadlı adam, istedadlı biznesmen idi...” Bunu Vladimir Putin Yevgeni Priqojinin ölümü ilə bağlı başsağlığında deyib və əlavə edib ki, bu “aviaqəza” ilə bağlı istintaq araşdırmasında “sonuna qədər gediləcək”.
İndi hətta gözlənilir ki, Priqojin qəhrəman kimi Rusiya bayrağına sarılaraq, elitar qəbristanlıqların birində dəfn ediləcək. Putinin o dəfndə iştirakını belə istisna etməyənlər var. Bu mənzərə mafiya filmlərindəki səhnələrin real həyatdakı təzahürüdür. Nəinki Rusiya hakimiyyətində, siyasi elitada, hətta ən ucqar kəndlərdə də hər kəs Priqojinin məhz Putinin əmrilə məhv edildiyini bilir və anlayır. Onun bu cür nümayişkaranə qətli isə həm elitaya, həm də məlum qiyamdan əvvəl və sonra formalaşan şərti “Priqojin elektoratına”, daha dəqiq desək, Putin və ətrafının özbaşınalıqlarından, oğurluqlarından, Ukraynadakı uğursuzluqlarından bezən üsyankar, millətçi elektorata cavab, qisas idi.
Əlbəttə ki, Putin hakimiyyətindən belə bir addımın atılması gözlənilən idi. Lakin bu gün insan həyatının bir qara qəpiklik dəyəri olmayan Rusiyada heç kim sual etmir ki, partladılan təyyarədəki Priqojini və yanındakı quldurları bildik, bəs qadın stüardessa və iki pilotun, onların valideynsiz qalan övladlarının, yaxınlarının günahı nə olub? Bu, bir daha sübut edir ki, Rusiya hakimiyyəti , o cümlədən Putin üçün öz vətəndaşının həyatının heç bir önəm daşımadığı kimi, onun özü üçün də nəinki hansısa hüquqi, həm də heç bir mənəvi, əxlaqi, insani dəyər, maneə, sədd yoxdur!
Böyük bir dövlətə başçılıq edən bu adam “Vaqner”-in timsalında konstitusiyanın, qanunların nəzərdə tutmadığı qanunsuz hərbi birləşmə yaradır, ondan istifadə edir, onun əli ilə qanlı hərbi cinayətlər təşkil edir, cinayətkarları həbsxanalardan yığıb, Ukraynaya yeni hərbi cinayətlər törətməyə göndərir, sonra da onların sağ qalanlarını “əfv edib”, Rusiya cəmiyyətinə buraxır. Onlar da Rusiyaya qayıdar-qayıtmaz yeni vəhşi cinayətlər törədir, öldürür, zorlayır, oğurlayır və sair.
Buna necə dövlət, onun başında durana isə necə Prezident demək olar? Budurmu Putunin “dahi strateqliyi”, idarəçiliyi və sair. Hər addımda öz ölkəsini bataqlığa soxmuş, “izqoya” çevirmiş, sivilizasiyadan geri salmış Putinə haqq qazandıran, “Priqojin əhvalatı”nı isə onun “gücü” və növbəti “uğuru”, kimi təqdim edən bizim “rusbaşlar” Azərbaycana bunumu təklif edir?
Öz səmasında sərnişin təyyarəsini partladan, öz xalqına, dövlətinə, ölkəsinə bu cür az qala düşmən münasibət göstərən bir zehniyyəti, idarəçilik fəlsəfəsini, Azərbaycan dövləti və cəmiyyəti üçün necə istiqamət olaraq göstərmək olar? Rusiya əsirliyindən rəsmən qurtarandan bəri korrupsiyadan, inhisarçılıqdan, rüşvətdən, qanunsuzluqdan, saxtakarlıqdan, eyni zamanda da işğaldan qurtulmaq üçün çapalayan Azərbaycan cəmiyyətinə Rusiyanı, Putini necə nümunə göstərmək, yaxud onun Ukraynaya qarşı vəhşi, amansız işğalçılıq müharibəsinə necə haqq qazandırmaq olar?
Zatən Azərbaycan cəmiyyətində, xalqında natamamlıq, özünə inamsızlıq, özünü bəyənməmək kompleksinin başlıca günahkarı məhz əsrlər boyu davam etmiş Rusiya işğalıdır. Bəli, azərbaycanlıların natamamlıq kompleksinin kökündə Rusiya imperiyasının əsirliyində olmağımız durur. Hər zaman azərbaycanlını sıxışdıran, inlkişafına imkan verməyən, onu “alverçi, geridə qalmış millət” kimi təqdim edib kiçildən, ona “ikinci sort” xalq kimi münasibət göstərən, xüsusilə də ermənilərlə müqayisədə ayrıseçkilik edən Rusiya bizə təkcə müharibələrlə, işğalla, ermənipərəstliyi ilə yox, bizdə milli natamamlıq, özünə inamsızlıq kompleksi yaratmaqla da böyük mental zərbə vurub.
İndi rus məktəblərinə qaçmağımızın, rus dilini elitar dil kimi qəbul etyməyimizin, elitamızın rus dilinə danışmasının, özümüzü bəyənməməyimizin, bütün bunların nəticəsi olaraq da mütiliyimizin kökündə məhz bu amil – Rusiya işğalından irəli gələn natamamlıq kompleksi durur. Və təəssüf ki, bu kompleks “sovet nəsli” və onun yetişdirdiyi övladlar tükənənə qədər davam edəcək...
Görəsən, bu gün Paşinyanı “Qarabağ Azərbaycandır” deməsinə görə az qala çarmıxa çəkən Rusiya daha nə etməli, bizə qarşı daha hansı çirkinliklər, təxribatlar, ssenarilər quraşdırmalıdır ki, bizim “rusbaşlar” Putinin ətəyindən və bizim millətin yaxasından əl çəksinlər?
Nəhayət, “Priqojin əhvalatına” qayıdaraq, deyə bilərik ki, böyük ehtimalla Rusiya rəhbərliyində çoxlarını, bəlkə də Putinin özünü də Priqojinin ölümünə bənzər bir ölüm gözləyir. Çünki Rusiyada bu illər ərzində formalaşmış yırtıcı, amansız cəmiyyət, siyasi mühit bunu tələb edir və elitaya başqa şanslar tanımır.
Necə deyərlər, “su səhəngi suda sınar” və bu, təkcə Priqojinə aid deyil...
Cəlal Məmmədov
“AzPolitika.info”