Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Fransanın Azərbaycana qarşı son təxribatları, Laçın yolunda artan gərginlik, Türkiyə ilə Azərbaycan arasında baş tutan növbəti hərbi məsləhətləşmələr, eləcə də Qarabağda gedən son proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibəni oxuculara təqdim edirik:
- Qabil bəy, Fransa Azərbaycana qarşı sistemli təxribatlara başlayıb. Prezident Makronun, xarici işlər nazirinin çıxışları, Qarabağa “humanitar yardım” göndərməsi, BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsinin təqdim olunması kimi addımlar nədən xəbər verir?
- Həqiqətən də çox təhlükəli və hətta müharibə şəraitinə yaxın bir vəziyyət yaranıb. Belə bir vəziyyətin yaranma səbəblərinin başında Fransa Prezidenti Emmanuel Makron dayanır. Makron hazırkı vəziyyəti bilə-bilə Azərbaycan sərhədinə növbəti “humanitar yardım” adı altında on maşından ibarət yük karvanı göndərib, həmçinin Qarabağda ermənilər yaşayan əraziyə hava dəhlizinin açılmasıyla bağlı sərsəm fikirlər səsləndirib. Bütün bunlar onu göstərir ki, Fransa bölgədəki vəziyyəti maksimum həddə qədər gərginləşdirmək niyyətindədir. Bu gərginlik sonda Azərbaycanla Ermənistan arasında, eləcə də Fransa ilə Azərbaycan arasında müharibəyə səbəb ola bilər. Fransa Azərbaycanın suveren ərazilərinə hava yolu açmaqla bağlı qərar qəbul edərkən bunun nəticələrini də hesablamalıdır. Onlar başa düşməlidirlər ki, Xocalı aeroportuna enən istənilən yük və ya sərnişin təyyarəsi Azərbaycanın hava məkanına icazəsiz daxil olduğu üçün elə havadaca məhv ediləcək və bu, gərginliyin miqyasını daha da artıracaq. Fransa Prezidenti ölkə başçısı ilə danışarkən kompromis axtarmaq əvəzinə Azərbaycan tərəfinə ciddi təzyiqlər göstərib və yüklərin maneəsiz şəkildə Laçın dəhlizindən keçməsini tələb edib. Bütün bunlar özünü Avropanın liderlərindən hesab edən bir ölkənin yekəbaşlığı deyilmi? Bu ölkələr bir az güclüdürsə, nüvə silahına sahibdirsə, deməli beynəlxalq hüququn müddəaları onlara aid deyil? Onlar beynəlxalq münasibətlərdə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur deyillərmi? Həqiqətən də Fransa tərəfi çox təhlükəli və riskli oyunlara əl atır. Bu, bütün bölgənin, eləcə də Türkiyənin daxil olduğu irimiqyaslı bir müharibəyə gətirib çıxara bilər. Fransanın bu müharibədə məğlub duruma düşəcəyi isə indidən görünür. Ona görə də Fransa özünün avantürist niyyətlərindən əl çəkməli və bölgədə vəziyyətin nizama salınmasına öz töhfəsini verməlidir. Hələ ki, Fransanın hərəkətlərində belə konstruktivliyin əlamətləri görünmür.
- Məlumat yayılıb ki, Fransa Qarabağa hava dəhlizi açmaq üçün fəaliyyətə başlayıb, hətta Lixtenşteyn şahzadəsi bu missiyaya rəhbərlik etməyə hazır olduğunu bildirib. Bu, mümkündürmü, Azərbaycanın cavabı nə olmalıdır?
- Fransa tərəfinin hərəkətləri həm də psixoloji müharibə elementidir. Fransa Azərbaycana təzyiq göstərmək, geri addım atmağa məcbur etmək istəyir. Bu səbəbdən də Qarabağa hava dəhlizi açmaq kimi fitnəkar bir niyyətə düşüb. Fransa özünün bu iddiası əsasında Azərbaycana qarşı bir koalisiya yaratmaq istəyir. Hələlik bu ideanı müdafiə edən yeganə ölkə Lixtenşteyn Krallığı olub. Qarabağ üzərindəki hava məkanı Azərbaycana məxsusdur. Qarabağdakı Xocalı hava limanı hələ Dünya Aviasiya Təşkilatı tərəfindən qeydiyyata alınmayıb və rəsmi fəaliyyətinə icazə verilməyib. Digər tərəfdən, Azərbaycan tərəfi dəfələrlə bildirib ki, bu hava limanına doğru hərəkət edən istənilən hava obyekti məhv ediləcək. Göründüyü kimi, Fransa Azərbaycanla qarşıdurmanı, hətta müharibə variantını belə açıq-aydın gözə alıb. Düşünürəm ki, Azərbaycan dərhal Birləşmiş Millətlər Təşkilatına müraciət etməli, bu təşkilata Fransanın Azərbaycana qarşı təcavüzkar niyyətləri barədə məlumat verilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə yaranmış vəziyyəti ətraflı təhlil etməli və dünya xalqlarından Fransanın bu avantürist niyyətlərinin qarşısını almaq üçün yardım istəməlidir. Yəni dünya bilməlidir ki, bu başıboş Makron heç bir hüquqi normaya və beynəlxalq münasibətlərə əhəmiyyət vermədən ermənipərəst mövqe tutaraq, Azərbaycanın qanuni hüquqlarına təcavüz edir.
- Hazırda Laçın yolunda 22 yük maşını dayanıb. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, əvvəlcə Ağdam-Xankəndi, daha sonra 24 saat ərzində Laçın yolu açıla bilər. Tutaq ki, yol açıldı, amma daimi fəaliyyət, nəzarət rejimi necə ola bilər?
- Azərbaycan tərəfi vəziyyətin normallaşması üçün yollar axtarır və bu barədə öz təkliflərini verir. Laçın yolunda vəziyyətin normallaşması üçün əvvəlcə Ağdam-Xankəndi yolu açılmalıdır. Bu yolda dayanan Azərbaycana məxsus yük maşınları sülhməramlıların müşayiəti ilə Xankəndinə yollanmalıdır. Bütün prosedurlar həyata keçirildikdən, Azərbaycan maşınları həmin ərazidən sağ-salamat qayıtdıqdan sonra rəsmi Bakı öz istəyinə uyğun olaraq Fransadan gələn yardım karvanını yavaş-yavaş Xankəndinə buraxa bilər. Bu, dövlətin ali rəhbərliyi səviyyəsində qəbul ediləcək bir qərardır.
- Azərbaycandan Qızıl Aypara Cəmiyyəti də Qarabağ ermənilərinə humanitar yardım göndərib, amma Xankəndindəki rejim qəbul etmir. Rusiya sülhməramlıları yolu tikanlı maneələrlə bağlayıb. Bundan sonra proseslər hansı məcrada inkişaf edə bilər, Azərbaycan nə etməlidir?
- Düşünürəm ki, Azərbaycanın humanitar yardımı mütləq Xankəndinə çatdırılacaq. Bu istiqamətdə Azərbaycan intensiv iş aparır, sülhməramlılarla işləyir və s. Sülhməramlılar burada xoş niyyətli olmasalar da, məcburən bu humanitar yük karvanını Xankəndinə qədər müşayiət etməlidirlər. Sadəcə olaraq burada problem ondan ibarətdir ki, sülhməramlılara yeni komandan təyin olunub və bu adam bölgədəki proseslərlə bağlı tam məlumatlı deyil. Bu səbəbdən də ən kiçik məsələləri belə saatlarla düşünməli olurlar. Amma mən əminəm ki, Azərbaycan tərəfi Moskvaya müraciət edərək, Xankəndinə göndərilən humanitar yardımın sülhməramlılar tərəfindən müşayiət olunmasına nail olacaq. Bundan sonra Laçın sərhəd buraxılış məntəqəsində də danışıqlar yolu ilə müəyyən kompromis xarakterli addımlar atıla bilər.
- Qarabağdakı qondarma rejimin daxilindəki prosesləri necə qiymətləndirirsiniz, qarşıdakı günlərdə orada daxili didişmələr vüsət ala bilərmi?
- Qondarma rejimin içərisində ciddi və dərin çatlar var. Bütün bu didişmələrin nəticəsidir ki, Araik Arutyunyanı istefaya göndərmək istəyirlər. Buradakı bir qrup Araiki müdafiə edir, başqa bir qrup isə onun əleyhinədir. Moskva bu məsələdə proseslərə ciddi müdaxilə edə bilir. Həm Araik, həm Ruben Vardanyan Moskvanın kuklalarıdır və buradan alınan təlimatlarla idarə olunurlar. Düşünürəm ki, Araikin sentyabrın ikisinə qədər istefası reallaşa bilməz. Amma bu tarixdən sonra Araiki istefaya göndərə bilərlər. Bu, Qarabağdakı separatçıların mövqeyində loyallaşmaya, Azərbaycanla danışıqlara müəyyən meyllərin yaranmasına səbəb ola bilər. Bu məsələdə qondarma rejimin nümayəndələrinin qarşısında Azərbaycanla danışıqlardan, Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa bir alternativ yoxdur.
- Sentyabrın 2-də Qarabağ erməniləri “müstəqilliyin” ildönümünü qeyd etməyə hazırlaşırlar. İrəvanda, Xankənində, eləcə də onları dəstəkləyən bir sıra Avropa şəhərlərində mitinqlər gözlənilir. Bu geniş təbliğat kampaniyası Azərbaycana necə təsir edir, Bakı hansı addımları atmalıdır?
- Artıq onların ətrafındakı həlqə daralır. Hesab edirəm ki, gələn ilin sentyabrına qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Beynəlxalq hüquqi normalara uyğun olaraq Azərbaycanın suverenliyi altında olan bu ərazidə daha hər hansı bir separatçı hakimiyyətin ildönümü qeyd olunmaycaq. Buna heç imkan da verilməyəcək. Bütün bu siyasi manipulyasiyalar separatçıların liderlərinin uydurmaları və arzularıdır. Əminəm ki, həmin ərazilər Azərbaycana inteqrasiya edildikdən sonra özlərini “lider” adlandıran bu adamlar ya həbsdə olacaqlar, ya da həmin ərazidən tamamilə rədd olub gedəcəklər. Düşünürəm ki, onlar bu, “iki sentyabr” şousunu sönük bir formada sonucu dəfə qeyd edəcklər.
- Bu arada Azərbaycan və Türkiyə arasında hərbi məsləhətləşmələr intensivləşib. Bu günlərdə Türkiyə Müdafiə naziri, Baş Qərargah rəisi Bakıda oldular, avqustun 30-da isə Azərbaycanın Müdafiə naziri Türkiyəyə gedib. Bu müzakirələr regionda gərginləşən vəziyyətlə bağlı ola bilərmi?
- Həm Türkiyənin Müdafiə naziri Yaşar Gülərin, həm də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin böyük bir heyətlə Azərbaycana gəlişi, eləcə də Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri regiondakı hadisələrlə bağlıdır. Bu hadisələr çox təhlükəli bir istiqamətdə irəliləyir. Kiçik bir ehtiyatsızlıq irimiqyaslı müharibəyə keçə bilər. Türkiyə bu müzakirələrlə Şuşa Bəyannaməsinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bir daha bəyan edib. Bütün bu addımlar həm də çəkindirici bir faktordur. Bu, onu göstərir ki, Fransa kimi başıboş bir ölkənin bu bölgədə vəziyyəti qarışdırmasına imkan verilməyəcək. Fransa kimi keçmişi ləkəli, qanla yazılmış bir ölkənin başıboş Prezidenti Qarabağa hava dəhlizi aça bilməyəcək. Azərbaycan və Türkiyənin hava məkanı bir olduğuna görə, bu hava məkanına daxil olan istənilən obyekti həm Azərbaycan, həm də Türkiyə eyni anda məhv edəcəklər. Zənnimcə, Makron hadisələrin ciddiliyini tam şəkildə dərk edə bilmir. Amma o anlamalıdır ki, bölgə yenicə müharibə vəziyyətindən çıxıb və sülhə doğru irəliləyir. Bu sülh prosesində onun özünün də müəyyən qədər iştirakı olub, Azərbaycanın sözügedən ərazilər üzərində suverenliyinə imza atıb. İndi öz imzasının əleyhinə gedən bu zat bölgəni gərginləşdirmək və bunu müharibə həddinə gətirmək yolunu tutub. Bu, onun karyerası üçün ağır nəticələr doğura bilər. Makron siyasi bir fiqur kimi, siyasətdəki mövqeyini tamamilə itirə bilər.
- Xankəndi böhranının sonunu necə görürsünüz, hərbi güc tətbiqi variantının zamanı gəlibmi?
- Məsələlər danışıqlar yolu ilə həll ediləcəksə, Azərbaycanın antiterror əməliyyatını həyata keçirməsi bir müddət təxirə salına bilər. Hərəkətə keçmək üçün uyğun bir vaxt olsa da, irimiqyaslı antiterror əməliyyatını 10 gün və ya bir ay ərzində davam etdirmək asan məsələ deyil. Düşünürəm ki, oktyabr ayında sülh danışıqları prosesinin yeni mərhələsi başlaya bilər. Bundan sonra sülhyaratma prosesi irəliləyəcək. Yox, Makron kimi başıboşlar vəziyyəti gərginləşdirməyə, Azərbaycanın əsəblərini sınağa çəkməyə davam edəcəklərsə, onda onlar istədikləri cavabı həm siyasi, həm də hərbi formada alacaqlar. Bir sözlə, vəziyyət kifayət qədər mürəkkəbdir.
Elvin Bəyməmmədli
“AzPolitika.info”