Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Volodimir Zelenskinin Türkiyəyə səfəri, Türkiyə-Rusiya münasibətlərində başlayan gərginlik, sülh prosesinin perspektivləri barədə sualları cavablandırıb. Habelə, bu ay Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşündən gözləntilərini açıqlayıb.
Müsahibəni təqdim edirik:
- Qəbil bəy, öncə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərini dəyərləndirməyinizi xahiş edirik. Zelenskinin Türkiyəyə səfəri, Ərdoğanla görüşdən sonra verilən bəyanatlar Ankara-Moskva münasibətlərinə necə təsir edəcək? Onu da xatırladaq ki, Türkiyə İsveçin NATO üzvlüyünə də razılıq verdi...
- Artıq Rusiyanın nazı ilə oynamaq vaxtı çoxdan keçib. Türkiyə regional gücdür və NATO üzvü olaraq Alyansın siyasi-hərbi konyukturasına uyğun hərəkət etmək onun maraqlarına uyğun gəlir. Son zamanlar Ukrayna-Rusiya cəbhəsində, həmçinin Rusiyanın daxilində baş verən proseslər təsdiq edir ki, bu ölkəni gələcəkdə çox ciddi sosial, siyasi xarakterli sıxıntılar və hətta təlatümlər gözləyir. Bu səbəbdən də, Türkiyə Ukrayna ilə münasibətlərdə daha yaxın bir siyasi xətt seçdi. Zelenskinin səfəri zamanı iki ölkə arasındakı münasibətləri tənzimləyəcək memorandum imzalandı və Türkiyə sonrakı mərhələdə Ukraynaya daha çox hərbi yardım göstərməklə bağlı üzərinə əlavə öhdəliklər götürdü. Bura həmçinin, Türkiyədə pilotsuz uçuş aparatları istehsal edən zavodun tikilməsi də daxildir. Eyni zamanda, Türkiyə “Fırtına” tipli özüyeriyən artilleriya vasitələrinin Ukraynaya göndərilməsinə vəd verdi və onların ilk partiyasını artıq Ukraynaya göndərməyə başlayıb. “Azov” alayının komandirlərinin Ukraynaya təhvil verilməsinə gəlincə, burada heç də qeyri-adi bir şey yoxdur. Bu adamlar səkkiz aydır ki, Türkiyədə müalicə alırlar. İndi onlar vətənlərinə dönmək, ailələri ilə görüşmək istəyirlər. Türkiyə humanistlik göstərərək onların bu arzusunu yerinə yetirdi. Rusiya heç bir halda bu humanist addıma siyasi çalar verərək, nə vaxtsa bundan Türkiyəyə qarşı istifadə edə bilməyəcək. Digər tərəfdən, Dmitri Peskovun bəyanatından da görünür ki, Putinin Türkiyə səfəri gündəmdədir və o, avqust ayında Türkiyəyə səfər edəcək.
- Azərbaycan Qarabağı silahsızlaşdırmaq, Xankəndindəki qondarma rejimi ləğv etmək strategiyasını həyata keçirməyə çalışır. Sizcə, Bakı hansı yolu seçəcək? Güc tətbiqi mümkündürmü?
- Özünə hörmət edən heç bir dövlət kapitulyasiyaya məcbur etdiyi ölkənin silahlı qüvvələrinin ərazisində qalmasına imkan verməz. Üçtərəfli müqaviləyə əsasən, bu, Rusiya sülhməramlılarının həyata keçirməli olduğu məsələ idi. Rusiya bunu etməyərək, bir növ Azərbaycana xəyanət etdi. Hesab edirəm ki, Azərbaycan yarım qalmış həmin işləri yoluna qoymaq üçün lazımi addımları atacaq. Azərbaycan uzun müddətdir Qarabağın dağlıq hissəsindəki ermənilərlə təmaslar qurmağa, bölgədəki bəzi səlahiyyət sahibləri ilə əlaqələr yaratmağa çalışır. Böyük uğurlar olmasa da, müəyyən nəticələr var. Amma lokal xarakterli hərbi əməliyyatların keçirilməsi də gündəmdədir. Bunun bütün istiqamətləri müəyyənləşdirilib. Söhbət xüsusi təyinatlı qüvvələrin iştirakı ilə həyata keçiriləcək anti-terror əməliyyatlarından gedir. Gecə baş tutacaq bu əməliyyatlarda əsas məqsəd separatçıların liderlərinin və ordu komandirlərinin sıradan çıxarılması, onların həbs edilərək Bakıya gətirilməsindən ibarət olacaq. Mən inanıram ki, Azərbaycan ordusu bu şərəfli vəzifəni mütləq yerinə yetirəcək.
- Rusiya-Türkiyə münasibətlərində başlayan gərginlik Bakı-Moskva münasibətlərinə necə təsir edə bilər? Biz Qarabağda bu gərginliyin təzahürlərini görə bilərikmi?
- Türkiyə ilə Rusiya arasındakı gərginlik uzun müddətli olmayacaq. Çünki Türkiyə və Rusiyanı bağlayan müsbət, xüsusilə də Rusiya üçün əhəmiyyətli olan vacib məqamlar var. Hesab edirəm ki, Türkiyə-Rusiya münasibətləri tezliklə səhmana salınacaq. Rusiyanın Qarabağın dağlıq hissəsindəki özbaşınalıqlarının minimuma endirilməsi üçün Azərbaycan hakimiyyəti qardaş Türkiyə ilə məsləhətləşmələrə gedə bilər. Düşünürəm ki, Azərbaycan bölgədə yaşayan mülki erməni əhalisi ilə təmasları gücləndirəcək və separatçı liderlərin cəmiyyətdən təcrid edilməsi siyasətini həyata keçirməyi bacaracaq. Biz Rusiya sülhməramlılarının bölgədəki müxtəlif fitnəkarlıqlarına, özbaşınalıqlarına baxmayaraq, qarşıya qoyduğumuz lokal xarakterli anti-terror tədbirlərini mütləq həyata keçirəcəyik. Əvvəlcədən Rusiya sülhməramlılarına xəbərdarlıq edərək onlardan bizim başlayacağımız əməliyyatlar zamanı sakit olmalarını, özlərinə nəzakətli aparmalarını tələb edəcəyik. Çalışacağıq ki, bu proseslər hər hansı bir əlavə qarşıdurma olmadan həyata keçirilisin.
- Qarabağdakı silahlı dəstələrin tərksilah edilməsində Ermənistanın rolu nədən ibarət ola bilər? Nəzərə alsaq ki, Bakı əsas təzyiqlərini İrəvana yönəldib...
- Bəli, biz dəfələrlə Ermənistanı xəbərdar etmişik ki, bizim daxili işlərimizə qarışmayın. Azərbaycanın Ermənistan qarşısında əsas şərtləri - Xankəndinin maliyyələşdirilməməsi, oradakı separatçı qüvvələrə yardım göstərilməməsi, onlara müxtəlif təlimatların göndərilməməsindən ibarətdir. Əgər sən “Qarabağ Azərbaycandır” deyirsənsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, burada baş verən proseslərə müdaxilə etmək niyyətindən birmənalı şəkildə vaz keçməlisən. Əks təqdirdə bizim Ermənistana təsir etmək üçün müxtəlif rıçaqlarımız yarana bilər. Bu rıçaqlar Şərqi Zəngəzurda və Naxçıvan boyu bölgələrdədir. Ermənistan tərəfi bu şərtlərlə bağlı hər hansı bir maneçilik törədəcəksə, bu bölgələrdə “cəzalandırma əməliyyatları” ilə üzləşəcək. Azərbaycan bir dəfə bunu praktikada göstərib və ermənilər də bunu çox yaxşı bilirlər. Zənnimcə, bu əməliyyatlar Xankəndindən əvvəl Ağdərə və Əsgəranda başlayacaq və ya Ağdərə, Əsgəran və Xankəndində eyni anda həyata keçiriləcək.
- Bəzi məlumatlara görə, Rusiya Qarabağın “özünümüdafiə ordusunun” ləğvi müqabilində Azərbaycandan Rusiya sülhməramlılarına mandat tələb edir. Bakı belə bir bazarlığa gedə bilərmi?
- Rusiya Azərbaycanda qalmaq üçün min cürə fitnəkarlıq göstərəcək. Amma inanmıram ki, Azərbaycan Rusiyanın bu bölgədəki fitnəkarlıqlarını soyuqqanlı qarşılasın və onunla bazarlığa getsin. Türkiyə də çətin ki, bu məsələdə Rusiyayla razılaşsın. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, burada da müəyyən bir siyasi gedişlər olacaq. Rusiyanı neytrallaşdırmaq üçün müəyyən vədlərin verilməsi istisna edilmir. Amma biz yaxşı bilirik ki, 2025-ci ilə, sülhməramlıların mandatı bitənə qədər biz başqa bir Rusiya ilə baş-başa qalacağıq. Həmin Rusiya artıq regional güc olmayacaq və daxilində ciddi sarsıntıların, milli əlamətlər üzrə qarşıdurmaların başladığı ölkə olacaq. İlk vaxtlar ola bilsin ki, Rusiya ilə bu məsələdə müəyyən kompromislər olsun. Amma bu kompromislərin ömrünün qısa olacağını söyləmək mümkündür.
- Rusiyadan ehtimal olunan sərt təzyiqlər Türkiyənin Azərbaycana açıq dəstək verməsinə və bölgədə irimiqyaslı toqquşmalara gətirib çıxara bilərmi?
- Rusiya bölgədə irimiqyaslı qarşıdurmalar yarada bilməz. Bu, qəti surətdə istisnadır. Buna heç Qərb koalisiyası da imkan verməz. Xüsusilə də Amerika Birləşmiş Ştatları. Rusiya kağızdan düzəldilmiş pələngdir. Bunu Ukrayna müharibəsi də göstərdi. Rusiyanın Cənubi Qafqazdakı müxtəlif manevrləri heç bir nəticə verməyəcək. Digər tərəfdən, Rusiya Türkiyənin Qafqaza birdəfəlik yerləşdiyini və Türkiyə ilə qarşı-qarşıya gəlməyin təhlükəli olduğunu çox gözəl başa düşür. Bu mənada Rusiya bölgədə Türkiyə və Azərbaycanla qarşıdurma yaradan ciddi addımlar ata bilməyəcək. Rusiyanın buna potensialı və resursu da yoxdur. Həmçinin, Rusiya yaxşı başa düşür ki, bölgədən onun çıxarılması prosesi təkcə Ermənistanın və Azərbaycanın deyil, həm də kollektiv Qərbin əsas istəyidir.
- Bu ay Brüsseldə Əliyev-Paşinyan görüşü gözlənilir. Nə gözləyirsiz bu danışıqlardan, Azərbaycanın sülhlə bağlı əsas tələbləri nədən ibarət olacaq?
- Brüssel görüşü sülhyaratma prosesində həlledici məqamlardan biri olacaq. Doğrudur, bu məsələdə Ermənistan tərəfi, xüsusilə də Nikol Paşinyan yenidən Rusiyanın təsiri altında destruktiv addımlar atmağa başlayıb. Görüşün sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmayacağı kimi fikirlər səsləndirən Nikol Paşinyan sülh müqaviləsinin bu il imzalanacağıyla bağlı müəyyən şübhələr yaratmağa çalışır. Halbuki, o, ötən il sülh müqaviləsinin bağlana biləcəyi haqda nikbin rəylər verirdi. İndi isə bu sürüşkən Baş nazir başqa notlar səsləndirməyə çalışır. Amma onun bu cür notlar səsləndirməsinin heç bir əhəmiyyəti olmayacaq. Çünki Ermənistanın özünə də, onun siyasi rəhbərliyinə də ABŞ və Avropa Birliyindən güclü təzyiqlər mövcuddur. Kollektiv Qərb bölgədə bu ilin sonuna qədər sülh sazişinin, heç olmasa onun skeletinin hazırlanmasının tərəfdarıdır və bunun üçün də əlindən gələni edəcək. Proseslərdə Qərbin mövqeyi sağlam görünür və bu sağlam mövqe də Paşinyana ciddi şəkildə təsir göstərir.
Elvin Bəyməmmədli