ABŞ Ordusunun Baş Qərargah rəisi, general Mark Milli hesab edir ki, hazırda ABŞ-ın əsas məqəsədi Ukraynanın müdafiəsini təmin etməkdir.
“AzPolitika.info” xəbər verir ki, bunu M.Milli “CBSNews”-a müsahibəsində deyib.
Milli bildirib ki, ABŞ Ukraynaya xüsusilə də kəşfiyyat məlumatlarının ötürülməsində əlindən gələni edir və Ukrayna üçün bütün mümkün kəşfiyyat xətləri açıqdır. Lakin hədəflərin seçilməsi və vurulması qərarını ukraynalılar verir.
ABŞ ordusuna rəhbərlik edən general Ukraynadakı müharibənin mümkün bitmə tarixi barədə də danışıb: “Hələ ki, tərəflərin heç biri öz siyasi məqsədlərinə hərbi yolla çata bilməyib. Müharibə tərəflərdən biri öz məqəsədinə çatana qədər davam edəcək. Ya da tərəflərin hər ikisi qəbul edəcək ki, siyasi məqsədlərə hərbi yolla çatmaq mümkün deyil və masa arxasında oturmaq lazımdır. Bu vaxt isə hələ gəlməyib”.
Göründüyü kimi, Amerika ordusuna başçılıq edən Milli də bir çox mütəxəssislər kimi, müharibənin yaxın zamanda başa çatacağına qətiyyən inanmır.