“Rusiya prezidenti Vladimir Putinin dünənki açıqlamasından öncə də onun Azərbaycanla bağlı qərəzli mövqedə açıqlamaları olmuşdu. Putinin açıqlamalarını ümumi biz məzmuna yığanda görürsən ki, Rusiya həmişə ermənilərin yanında olub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Rusiya prezidenti Vladimir Putinin ötən gün Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində Azərbaycan və Ermənistanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, Rusiya lideri açıqlamasında İkinci Qarabağ müharibəsindən öncə Rusiyanın Ermənistana Qarabağın dağlıq hissəsi ilə yanaşı Kəlbəcər və Laçını da təklif etdiyini dilə gətirmiş, lakin İrəvanın Moskvanın bu absurd təklifinə qarşı çıxdığını qeyd etmişdi. Eyni zamanda V. Putin rus sülhməramlılarının mandatı haqqında çıxış edərkən söyləyib ki, guya bölgədə Azərbaycan tərəfindən etnik təmizləmə riski mövcuddur deyə, sülhməramlı kontingentin Qarabağda yerləşməsi davam etməlidir.
Öz növbəsində, Q. Hüseynli bildirib ki, Moskva daim işğal siyasətinin həyata keçirilməsində, sonrakı dövrlərdə isə sülh tənzimlənməsinə qədər həmişə Ermənistana məsləhət verməyə, eləcə də sülh danışıqlarında aparıcı rol oynamağa çalışan və çox zaman da buna nail olan bir dövlət olub:
“Rusiyanın İkinci Qarabağ müharibəsindən əvvəlki mövqeyi yalnız 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – red.) geri qaytarılması, Laçın və Kəlbəcərin isə Ermənistanla Qarabağın dağlıq hissəsi arasında bir plasdarm kimi həmişəlik qalması idi. Kreml bunu istəyirdi.
Putin bu gün nə deyirsə-desin, bütün dövrlərdə Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, o cümlədən Qarabağ da daxil olmaqla Laçın və Kəlbəcərin Ermənistana verilməsini nəzərdə tutan mövqeyi müdafiə ediblər. Onlar faktiki olaraq, Azərbaycanın parçalanması planının başında durublar. Çox şükür ki, bu plan alt-üst oldu və baş tutmadı”.
Analitikin fikrincə, bu gün erməni siyasi rəhbərliyi ilə Rusiya arasında bir polemika var:
“Rusiya içi yana-yana gah xarici işlər naziri Sergey Lavrovun, gah nazirlik sözçüsü Mariya Zaxarovanın, gah da prezident Vladimir Putinin dilindən deyir ki, Dağlıq Qarabağın Azərbaycana verilməsində Rusiyanın günahı yoxdur, bunu erməni siyasi rəhbərliyi təsdiqləyib. Onlar bu açıqlamalar isə ərazi bütövlüyümüzə şübhə yeri qoyur və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əlahiddə bir formada çalışırlar”.
“O ki qaldı Putinin “etnik təmizləmə” ilə bağlı açıqlamasında, bu məsələdə də ruslar açıq-aşkar ermənipərəst mövqe tuturlar. Ruslar bölgədə qalmaq üçün min-bir bəhanə axtarırlar deyə, bölgədə etnik təmizləmənin baş verəcəyi ilə bağlı hədyanlar söyləyirlər. Azərbaycan tərəfi ermənilərin bu bölgədə yaşamasına, onlar üçün hər cür şəraitin yaradılmasına tərəfdardır və bunu əməl etməyə də hazırdır. Rusiyanın yenidən qıcıqlandırma siyasəti yürütməsi, olmayan hadisələrə rəng qataraq, onu başqa bir formada təqdim etməyə çalışması açıq-aşkar təxribatdan başqa bir şey deyil. Bu nöqteyi-nəzərdən, Rusiyanın bölgədə destruktiv rol oynadığına zərrə qədər şübhə yeri qalmır”, – əlavə edib.
Politoloq əmindir ki, V. Putin indidən rus sülhməramlılarının bölgədən çıxmamağı üçün hələ ki nəzəri məsələləri irəli sürür:
“Putin hələlik uydurma faktları gündəliyə sırıyır və guya rus əsgərinin bölgədə olması əmin-amanlıq, qarşıdurmadan yayınmaq, xüsusilə də ermənilərin etnik təmizlənməsinin qarşısının alınmasını bir zərurət kimi ortaya çıxarır. Rusiya bu gün proseslərdən narahatdır, çünki işğalçı, imperialist bir ölkədir. Rusiya bundan sonra da bölgənin və bizim başımızı hələ çox ağrıdacaq”.
Rafi MÜSLÜMOV