ÇÜNKİ YIĞDIQLARININ HAMISINI ƏLİNDƏN ALA BİLMƏDİLƏR
Kənardan baxanda əslində, o qədər də yeyintili yer təəssüratı bağışlamır. Hər halda, gömrük, vergi kimi sahələrin adı çəkiləndə Mədəniyyət Nazirliyini arxa plana keçiririk, bəs burda nə var eee.. deyingən xalq artistləri və bir də tarixi abidə olan daş-qaya... Amma burası Azərbaycandır və unutmayın ki, burda kimliyindən asılı olmayaraq hər kəsin pulu elə daşdan çıxır...
Mədəniyyət Nazirliyimiz isə bir ayrı məzədir. Təsəvvür edin, illər uzunu Əbülfəs Qarayev buraları çapıb-taladı və günlərin birində Dövlət Baba nəhayətdə qəzəbli baxışlarını ona sarı çevirdi: nəticəsi həbslər oldu... Amma oralar o qədər korlanmışdı ki, Qarayevin yerinə gələnlər də yeyintini xavam etdirdi və yenə də Dövlət Baba qəzəbləndi: yeni həbslər...
Baş verənlər isə bu qurumun mayasını korlamış və mədəniyyətimizə ayrılan büdcə pullarına öz ailəsi ilə şərik getmiş Əbülfəs müəllimin işinə yaradı. Yəni o rahatlıqla deyə bildi ki, oğru elə təkcə mən deyiləm ki...
Bundan sonra onu axtaran, ondan ayın tarixini soruşan da olmadı. Çünki adam haqlı idi. Yeganə oğru o deyildi...
Amma atalarımızın bir yaxşı sözü də var: cidanı çuvalda gizlətmək olmaz. Olmur da... Əbülfəs müəllim də dövlətimizdən xırıd etdiklərini gizlədə bilmir... Bunu isə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli ifşa edib. DİA.AZ bildirir ki, C.Həsənli aşağıdakı fotoları təqdim edərək yazır:
"Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev yayı İspaniyanın San Pedro Alkantara çimərliyində istirahət edib, təknədə balıq kababı yeyib, nəvələri ilə vaxt keçirib".
Hə, keçmiş nazirimizdən narahat olmayın... Şükür... yaxşıdır... Elə onun bizdən - dövlətimizdən oğurladıqları da şükür ki yad əllərdə deyil... Əbülfəs müəllim asta-asta xırıd edir...
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Amma bilmirik... danışmaq istəyərmi və ümumiyyətlə, danışsa, nədən danışacaq...