Azərbaycan Ermənistanla sülh sazişinin tezliklə imzalanmasına ümid edir, lakin Ermənistan tərəfi Bakının irəli sürdüyü şərtləri yerinə yetirməli, yəni regionda davamlı sülhə aparan yolda maneələri aradan qaldırmalıdır.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Diplomatic Watch” nəşrinə müsahibəsində bildirib.
Diplomat məmnunluqla qeyd edib ki, ölkələr bu ilin mart ayında sülh sazişinin mətnini razılaşdırıblar.
"Ümid edirik ki, saziş tezliklə imzalanacaq. Lakin Ermənistan tərəfinə dəfələrlə dediyimiz kimi, sazişin imzalanmasından əvvəl həll edilməli olan bəzi çox mühüm məsələlər mövcuddur. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən çox real mövqeyi var. Vacib bəndlərdən biri Ermənistan Konstitusiyasının hələ də Azərbaycana qarşı ərazi iddialarını ehtiva etməsi ilə bağlıdır. Hamımız başa düşürük ki, əgər ölkənin əsas qanunu ona ziddirsə, davamlı sülhümüz olmayacaq. Buna görə də Konstitusiyaya düzəlişlər zəruridir", - o bildirib.
Səfir həmçinin vurğulayıb ki, Azərbaycan bu gün yalnız kağız üzərində mövcud olan ATƏT-in Minsk qrupunun rəsmi qaydada ləğv edilməsini tələb edir. "Onun buraxılması münaqişənin həqiqətən başa çatdığını və daha dinc bir regiona, təkcə Ermənistan və Azərbaycan arasında sülhə deyil, bütün regionun inkişafına, çiçəklənməsinə və sabitliyinə doğru irəlilədiyimizi göstərərdi", - X.İbrahim vurğulayıb.
