Xəbər verdiyimiz kimi, Naxçıvan Mahmudkənd kəndinin ağsaqqalları yas mərasimində ehsanın ləğvi barədə qərara gəliblər.
Bu barədə sakinlərə müraciət ünvanlanıb. Bildirilib ki, kənd əhalisinin birgə qərarı ilə 10.09.2023-cü il tarixdən yas mərasimlərində 3,7,40 və il ehsanlarının verilməsi ləğv edilib. Hər hansı bir şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək.
Milli Məclisin deputatı Fazil Mustafa Cebhe.info-ya açıqlamasında buna münasibətini bildirib.
O deyib ki, bu, olduqca cəsarətli addımdır:
“Normal təşəbbüsdür, çox önəmli cəsarətli addımdır. Kəndin ağsaqqalları yığışıb, deyib ki, biz ağıllı insanlarıq, özümüzü niyə bu qədər məsrəfə salmalıyıq, niyə biz harasa xeyir vermək, kiminsə gözündə yalandan yaxşı görünmək üçün özümüzə əziyyət verməliyik. İnsan həmişə belə olmalıdır. Azərbaycanda insanlar özlərinə aid olan məsələlərin heç birində düşünmürlər. Düşünmə problemi var. Düşünəndə görərsən ki, dünya insanlarının yaşadığı formada çətinlikləri aşma imkanın var.
Toydur, yasdır, böyük problemdir, sıxıntıdır. İnsan düşünsə, cadu ilə, özünə əzab verməklə din yaşayarmı? Düşünmür də. Düşünməyən insan bunu edir. İnsanın yası düşür, ancaq kimi yola salım, kimi necə qarşılayım deyə məşğul olmağa başlayır. Halbuki insanın kədəri, dərdi var, öz dərdini çəkməli, insanlar da ona kömək etməlidir. İnsanlar da kömək əvəzinə, ona yük gətirirlər”.
Deputatın sözlərinə görə, bu addım Azərbaycanda çoxları tərəfindən mənimsənilməlidir:
“Ağsaqqaların etdiyi örnək davranış Azərbaycanda çoxları tərəfindən mənimsənilməlidir.Təbii ki, bu, çox olmayacaq. Çünki varlısından, kasıbından asılı olmayaraq, cəmiyyətin böyük əksəriyyəti şöhrətpərəst və özünü göstərməyə çalışan, sonra da düşüb pul axtaran, imkansızlıqdan şikayətlənən vəziyyətdədir. Ona görə də bizim cəmiyyətə tam tətbiq etmək mümkün olmasa da, müəyyən insanlar belə qərar qəbul edə bilərlər. Bu da işlərini yüngülləşdirər. Ona görə də bu ideyanı dəstəkləyir, çox faydalı, yerində atılan addım kimi qiymətləndiririk”.
O deyib ki, yas mərasimində ehsanın verilib-verilməməsi ilə sosial təbəqələşmə yaranmamalıdır:
“İnsanın fərqlənməyi bilikdə, elmdə olar. Yeganə bizim xalqdır ki, yeməyin azı və ya çoxluğu ilə özünü qürur mənbəyinə çevirib. Filan yerdə bu qədər kabab yedik, filan yerdə bu qədər yeməyi ard-arda yedik, 10 növ yemək yedik. 10 növ yemək vermək deyirlər, heç Afrika tayfalarında da belə vəhşi toy adətləri yoxdur.
Yeganə Azərbaycandadır. Ona görə də biz bundan qurtulmalıyıq. Qurtulmaq üçün də maarifçilik boş şeydir. Bizə maarifçilik yerimir ki. Bizim inanclarımızdan tutmuş düşüncəmizə qədər hamısı dəyişməlidir. Dəyişməyə də cəsarəti çatmayan bir cəmiyyətik. Heç olmasa, kənd səviyyəsində bu addım atılırsa, sevindiricidir.