Sabiq nazirin ölkədən xüsusi razılıq əsasında, vaxtilə xaricə daşıdığı pulları gizli hesablardan çıxararaq geri qaytarmaq məqsədilə buraxıldığı deyilir və daha nələr...
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı maraqlı xəbər almışıq. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb, ölkə sərhədlərini sərbəst şəkildə aşa bilir. Ölkə sərhədləri daha E. Mahmudov üçün “dəmir barmaqlıq” deyil.
Məlumatda deyilir ki, Eldar Mahmudov hətta yay tətilini ölkədən kənarda keçirib. Onun ölkəyə qayıtması isə burada yaxınlarının, xüsusən əmisi oğlu Vüqar Mahmudovun həbsdə olması ilə əlaqəlidir.
Sabiq nazir ətrafına söz verib ki, Vüqar Mahmudov həbsdən çıxmamış ölkədən gedən deyil. Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olub. Onu “MTN işi”ndən 2 il sonra, 2017-ci ilin noyabrında həbs ediblər. Artıq Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi də başlayıb. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərə Vüqar Mahmudov demək olar ki, qatılmır. Məhkəmədən də bunun səbəbini izah etmirlər.
Belə ehtimallar var ki, Vüqar Mahmudovun məhkəmə prosesinin uzandıqca-uzanan “saqqız”a çevrilməsi Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyard dolları geri qaytarması öhdəliyi ilə əlaqəli ola bilər. Eldar Mahmudovun azadlıqda olmasının bir səbəbi kimi də bu amil göstərilir. Onun tərəfindən ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir. Görünür, Eldar Mahmudov da bu şərtlə razılaşıb - müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa meyllidir. Lakin bu əməliyyat bəlli səbəbdən - tərəflərin bir-birinə inamsızlığı ucbatından mərhələli şəkildə həyata keçirilir. Bu haqda “Azpolitika.info”ya daxil olan məlumata görə, Eldar Mahmudov pulların geri qaytarılması işi ilə şəxsən məşğul olur. Heç şübhə yoxdur ki, sabiq nazir ölkədən xüsusi razılıq əsasında, vaxtilə xaricə daşıdığı pulları gizli hesablardan çıxararaq geri qaytarmaq məqsədilə buraxılıb. Bu zaman təminat qismində isə əlbəttə ki, onun ailəsi çıxış edib...
Eldar Mahmudovun hələlik məsuliyyətdən yayına bilməsinin bu amillə bağlılığını deputat, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc da vaxtilə “Yeni Müsavat”a müsahibəsində açıq mətnlə demişdi.
Sitat: “Şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları idarə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona (Eldar Mahmudova-red.) lütflə bağlı deyil, zənn edirəm ki, digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu, sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur”.
Zahid Oruc bir sonrakı abzasda fikirlərini daha da konkretləşdirir. Sitat: “Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq bu orqan vasitəsi ilə külli-miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrupsiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə, dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır”.
Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə almağa çalışıblar. Vüqar Mahmudov Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. O, Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq banklara daşınıb. Bu əməliyyatlara V.Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Sonradan həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşınlara yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb. Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı. Son məlumatlara görə, artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur, sabiq nazirə qarşı daha loyal mövqeyə keçid olunub.
V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindiriblər.