Rusiya informasiya məkanında və Kremlə tabe olan media vasitələrində Nikol Paşinyana qarşı növbəti təbliğat dalğası başlanıb. Yeni dalğanın şiddəti hətta İrəvanın Moskvaya diplomatik etiraz notası təqdim etməsinə səbəb olub.
Cari informasiya kampaniyası çərçivəsində yayılan məlumatlara diqqətlə nəzər saldıqda, hədəfin məhz Ermənistanın özü yox, onun Baş naziri olduğu aydın şəkildə görünür. Anlaşılan odur ki, Vladimir Putin MDB-nin Bişkek sammitində Ermənistan rəhbərliyi barədə nə qədər mülayim danışsa da, Moskva İrəvanda hazırkı hakimiyyətin mövcudluğu ilə barışmaq niyyətində deyil.
Qərbin məsələyə yanaşması da maraq doğurur. Belə ki, başda ABŞ olmaqla, əksər Qərb dövlətləri bölgəmizdə erməni mərkəzli yanaşma ilə yanaşı Paşinyan mərkəzli siyasət yürütməyə başladı. Vaşinqtonda yaxşı anlayırlar ki, Rusiya Ermənistan Baş nazirini devirmək istəyir. Lakin bu ssenarinin qarşısını almaq üçün görülən tədbirlər öz məntiqsizliyilə seçilir.
Bəs Ermənistan uğrunda Rusiya-Qərb rəqabəti regionumuza nə vəd edir?
Rusiya Paşinyanı devirmək üçün əlindəki informasiya, iqtisadi və güc resurslarını növbəli şəkildə istifadə edir. Hazırda bu istiqamətdə informasiya həmlələri həyata keçirilir. Lakin yaxın gələcəkdə Kreml İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün iqtisadi təzyiq vasitələri, hətta güc resurslarını da işə sala bilər. Öz növbəsində, Qərb ölkələri də indiki mərhələdə Paşinyana informasiya dəstəyi verir. Avropa Parlamenti və Avropa İttifaqı (Aİ) ölkələri qanunverici məclislərinin qətnamələri, Qərb siyasətçilərinin Ermənistana səfərləri və buradakı anti-Azərbaycan ruhlu çıxışları məhz bu kontekstdə dəyərləndirilməlidir.
Lakin Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamadan qərbyönümlü addımlar atması Ermənistanı böyük güclərin mübarizəsi poliqonuna çevirir. Halbuki, əgər ötən vaxt ərzində rəsmi Bakı tərəfindən təqdim olunan, beynəlxalq hüquq normalarına və dövlətlərarası diplomatik münasibətlər təcrübəsinə söykənən ədalətli şərtlərlə sülh müqaviləsi imzalansaydı hazırda İrəvan belə çətin vəziyyətdə qalmazdı.
Qərb natamam, ardıcıl olmayan siyasətini davam etdirir və Paşinyanı dəstəkləmək üçün onun gündəliyindəki bütün məsələləri (istər Ermənistanın təhlükəsizliyi, istərsə də Qarabağ erməniləri mövzusu) dəstəkləməyə məcbur qalır. Belə olan halda, Qərb Ermənistanın və Paşinyanın mövqelərini müdafiə etməklə Cənubi Qafqazda həm Rusiya, həm də Azərbaycanla qarşı-qarşıya gəlir.
ABŞ və Aİ təmsilçiləri hələ də bəyan edirlər ki, sülh sazişinin ən əsas şərti Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, onların “öz evlərinə” qayıtmasıdır. Halbuki, əgər sırf Ermənistanın təhlükəsizliyi məsələlərinə köklənsələr, o zaman sözügedən sazişin imzalanması reallaşa bilər. Əslində, Ermənistan və Azərbaycan arasında sülh sazişi Qərb üçün strateji maraq doğuran bir məsələdir. Çünki Bakı ilə İrəvan arasındakı yekun razılaşma Rusiyanın regiondakı rolunu məhdudlaşdırmağa imkan verir. Lakin təəssüf ki, hazırda ABŞ və Aİ Paşinyan hökumətini mövcud problemlərin bütün spektri üzrə dəstəkləməklə öz strateji maraqlarına xələl gətirir.
Ermənistan uğrunda mübarizədə fəal tərəflərdən biri də İrandır. Belə ki, Paşinyanın Azərbaycana qarşı bu ölkədən istifadə etməsi Tehranın İrəvandan gözləntilərini artırır və bununla da Ermənistanı İran-Qərb qarşıdurması meydanına çevirir.
Nəticə
Beləliklə də, daha öncədən proqnozlaşdırdığımız kimi, Ermənistan artıq böyük güclərin mübarizə poliqonu halına gəlib. Bu mübarizənin kəskinləşməsinin qarşısını almaq yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə mümkündür. Əks təqdirdə, yaxın gələcəkdə Ermənistan uğrundakı qarşıdurma daha aktiv fazaya keçə və bu ölkə Suriya, yaxud Ukranyanın aqibətilə üzləşə bilər. Əgər bu baş verərsə Azərbaycan tərəfi də öz təhlükəsizliyini təmin etmək və Ermənistan ərazisindən gələn təhdidlərin qarşısını almaq üçün adekvat tədbirlər görmək məcburiyyətində qalacaq.
(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)