“Müğənni Nüşabə Musayeva deyib ki, "yüz min qızıma verdim, yarım milyon da toy xərcin çıxdı". Sonra da əlavə edib ki, "22 ildir övlad böyüdürəm, niyə etməyim ki? Pis iş görmürəm, haram iş görmürəm. Allah yetirir, mən də xərcləyirəm. 100 min də qızıma cehiz pulu kimi hədiyyə elədim".
Bu sözləri Yenisabah.az-a tanınmış yazıçı-publisist Xeyrəddin Qoca deyib. Müğənni Nüşabə Musayevanın qızının xeyir işinə yarım milyona yaxın pul xərcləməsinə münasibət bildirən publisist qeyd edib ki, zəngin insanlar arasında övladının toyuna bu məbləğdən qat-qat artığını xərcləyənlər çox olsa da, onlar bunu “reklam” etmirlər:
“Allah Nüşabə xanımın qızını xoşbəxt eləsin! Nüşabə xanım bilməlidir ki, dünyada zəngin adamların toylara xərclədiyi pulların, aldıqları hədiyyələrin qarşılığında onun qızının toyuna xərclədiyi pul qəpik-quruşdur! Mənim də çox pulum olsa, qızıma Nüşabə xanımın verdiyi puldan yüz qat artıq verərdim!
Amma Nüşabə xanım kimi bunu camaatın gözünə soxmazdım, kiməsə acıq vermək üçün deməzdim, kimi isə "yandırıb-yaxmaq" üçün səsləndirməzdim!
Müğənni deyir ki, "pis iş görmürəm, haram iş görmürəm. Allah yetirir, mən də xərcləyirəm".
Nüşabə xanım, məhz pis iş görürsünüz, haram iş görürsünüz! Ona görə pis, haram iş görürsünüz ki, görməmişlik edib, aləmə car çəkirsiniz! Ölkəmizdə insanlar var ki, qızına cehiz almaq imkanları yoxdur. Siz bu sözlərlə onlara qıcıq verirsiniz!”
O, bu qədər pulun halal yolla qazanıla biləcəyinə şübhə etdiyini deyib:
“Haram iş görürsünüz, ona görə ki, bu qədər pul halal yolla əldə edilə bilməz! Ya o pulları sizə verənlər halallıqla qazanmayıblar, ya da siz halal yolla qazanmamısınız! Siz elə bir məşhur müğənni də deyilsiniz ki, belə var-dövlət sahibi olasınız! Məsələn, mən sizin adınızı ilk dəfədir eşidirəm!..
Elə tanınmadığınız üçün də pulunuzun-paranızın çox olmasını bəyan etməklə istəyirsiniz bir-iki adam sizi tanısın.
"Allah yetirir, xərcləyirəm" deyirsiniz , Allah bu qədər pulu heç bir adı-sanı olmayan müğənniyə necə yetirir? Bilirsiniz, Azərbaycanda sizin kimi nə qədər özünə "müğənni" deyən var?!”
X.Qoca açıqlamasında toy məclislərindəki israfçılıq problemlərinə toxunub:
“Qaldı ümumiyyətlə, toylara xərclənən pullara, 90 faiz insanlar özlərini göstərirlər, amma onları heç kim görmək istəmir! Toylarımız isə biabırçılıqdan başqa bir şey deyil! Mən özüm toylarda bir saatdan artıq dayana bilmirəm. Səs-küydən beyin tərpənir, qulaq tutulur! Çünki toyu aparmağa dəvət olunan musiqiçilərin çoxu musiqiçi olmur! Hərə əlinə bir musiqi aləti alıb, dəstə yaradıb, toylara gedir!
Masaların üstü lazımsız, keyfiyyətsiz yeməklərlə doldurulur. Axırda da hamısı masalarda qalır...
Önəmlisi, harada görünüb ki, axşam saat 18-dən gecə saat 1-ə kimi yemək yesinlər? Yeməyin də bir vaxtı-saatı olmazmı? Bu qədər yeməkdən sonra gecənin yarısı yağlı aş gətirmək (xüsusi təqdimatla), üstündən də tort, dondurma vermək nə deməkdir?
Toyda fotoqraflar 3-5 manat qazanmaq üçün min cür əllaməlik edirlər. Video çəkənlərə nə qədər demək olar ki, "a bala, qonaqlar ağızlarına yemək qoyanda çəkmək olmaz! Axı toy çəkilişləri bəzən təzə ailə quranların ömürləri boyu saxlanılır, bu kasetlərə çox adamlar baxırlar! Nə isə...
Bizim toylar haqqında çox iradlarımız var. Amma kimə deyirsən?”
Əsmətxanım Rzazadə