VƏ YAXUD, KEÇİNİN BUYNUZU QAŞINANDA ...
ABŞ Prezidenti Bayden Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı raket və dron hücumundan sonra xüsusi bəyanatla çıxış edib.
Prezident Bayden hesab edir ki, Putinin Ukraynanı məhv etmək və onun xalqını əsarət altına almaq məqsədləri bu dağıdıcı müharibədən təxminən iki il sonra da dəyişməyib. "Putin dayandırılmalıdır", - ABŞ lideri vurğulayıb.
Prezidentin sözlərinə görə, bu müharibənin nəticələri Ukraynadan çox-çox kənara çıxır. Onlar bütün NATO alyansına, Avropanın təhlükəsizliyinə və transatlantik münasibətlərin gələcəyinə təsir göstərir.
Baydenin sözlərinə görə, Putin ABŞ-ın bəzi müttəfiqlərini də hədələyir. “Avropada diktatorların və avtokratların tüğyan etməsinə icazə verildikdə, Birləşmiş Ştatların birbaşa işə qarışması riski artır”, - ABŞ Prezidentinin bəyanatında deyilir.
Prezident vurğulayıb ki, Konqres yeni ildə təcili tədbirlər görməsə, Birləşmiş Ştatlar Ukraynaya öz xalqını qorumaq üçün lazım olan silahları və mühüm hava hücumundan müdafiə sistemlərini göndərməyə davam edə bilməyəcək. “Konqres irəli addım atmalı və daha da gecikmədən hərəkət etməlidir”, Baydenin bəyanatında qeyd olunur.
"Biz Ukraynanın məğlub olmasına şahidlik edə bilmərik. Tarix azadlıq çağırışına cavab verməyənləri sərt şəkildə mühakimə edəcək".
Xatırladaq ki, iki gün əvvəl Ukraynaya kütləvi raket və dron hücumları nəticəsində azı 30 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb. Ukrayna şəhərlərinə və mülki infrastruktura aviazərbələr təxminən 18 saat davam edib. Bu, 24 fevral 2022-ci ildə genişmiqyaslı hərbi işğalın başlamasından bəri Rusiyanın Ukraynaya ən böyük hava hücumu idi.
Rasim