Söz, oxu və yazı. Bəşər sivilizasiyası keçmişin dərin qatlarından, qaranlıq və dolanbac yollarından sıyrılıb bu günə çatdığına, müasir insana təqdimatına görə sadalanan məqamlara borcludur. “Hər şeydən öncə söz vardı” deyir bütün cəmavi dinlərin ali kitabları... “And olsun qələmə və onunla yazılanlara” buyurur müqəddəs Qurani-kərimimiz...
Tanınmış ictimai-siyasi xadim, söz, qələm adamı Hacı Xəlil Qarəhmədov da ömrünün böyük, məhsuldar bir hissəsini məhz belə bir savablı, qalarlı, məsul bir işə - tarixin şəxsiyyətlənməsinə və şəxsiyyətlərin tarixləşməsinə həsr edib.
Onun 2006-cı ildən nəşr edərək geniş oxucu auditoriyasının ixtiyarına verdiyi “Tarixi Şəxsiyyətlər” («Исторические Личности») jurnalı ənənəvi şəkildə hər il dünya liderləri, öncül ictimai-siyasi xadimlər, həmçinin görkəmli mütəfəkkirlər arasından “İlin adamı”nı seçir. Və onlar haqqında “Xüsusi buraxılış” hazırlayır. Dərginin ilk sayları müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevə və cənab Prezident, Ali baş Komandan İlham Əliyevə həsr olunub. 2017-ci ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin yekdil səsverməsi nəticəsində “İlin adamı” adına layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin olmuşdur. Redaksiya heyətinin yekdil rəyi ilə Özbəkistanın inkişafında, ölkənin imicinin beynəlxalq aləmdə yaxşılaşmasında, Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyayev seçilib. “Tarixi Şəxsiyyətlər”in rus dilində işıq üzü görən həmin sayı bütünlüklə Özbəkistan Prezidentinə və Özbəkistan Respublikasından bəhs edir.
Jurnalın Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illiyinə həsr olunmuş xüsusi sayı da xeyli rəngarəng və oxunaqlıdır. Elə ilk materiallar da tanınmış din xadiminin həm yubileyi, həm də şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü ilə əlaqədar Prezident sərəncamı və Ümummilli liderin hələ 1999-cu ildəki təbrik məktubudur.
Peşəkar dizayna malik, diqqətçəkən materiallar, gözoxşayan fotoşəkillər və mötəbər sənədlər əsasında hazırlanmış dərgidə dünyanın söz, mövqe sahibləri – Vladimir Putin, II Abdullah, Ekmeleddin İhsanoğlu, Yusif bin Əhməd əl-Üseymin, II İlya, Talqat Tacuddin və digər siyasət, mədəniyyət, din xadimlərinin də hörmətli Şeyx barədə fikirləri yer alıb.
Amma “Tarixi Şəxsiyyətlər”in ideya və prinsipləri bununla məhdudlaşmır və əks təqdirdə, ölkəmizdə yaşam normalarına çevrilmiş tolerantlıq və multikulturalizm ənənələrinə sədaqət nümayişi bir qədər inamsız və qeyri-səmimi təsiri bağışlayardı. Sadalananları nəzərə alan yaradıcı kollektiv xeyli zəhmət hesabına paralel şəkildə digər nüfuzlu din xadiminə - Moskva və bütün Rusiya patriarxı II Aleksi barədə də xüsusi buraxılış hazırlamışlar. Bakı və Azərbaycan eparxiyasının Arxiyepiskopu Aleksandrın elmi məsləhətçiliyi, tarixçi Vyaçeslav Radionovun layihə rəhbərliyi ilə işıq üzü görən jurnal oxuculara pravoslav din xadiminin sülh, dialoq, mənəviyyat, dəyərlərə ehtiram ruhlu müraciəti ilə açılır. Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoclav Kilsəsi arasında dostluq və əməkdaşlıq münasibətləri, Kiril Atanın istər ölkəmizə səfəri çərçivəsində, istərsə də müxtəlif beynəlxalq tədbirlərdə Ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyevlə görüşləri, rus və Azərbaycan xalqlarının əminamanlıq, anlaşma və əməkdaşlıq şəraitində yaşamasında dinlərin və din xadimlərinin rolu barədə fikir mübadilələri yaxın keçmişin sənədliliyi baxımından xeyli faydalıdır.
Müqəddəs Patriarxın 2009-cu ilin 6 noyabrı və 2010-cu ilin 24-26 aprelində respublikamıza səfəri çərçivəsində dövlətimizin başçısı, Heydər Əliyev Fondunun rəhbəri və Şeyxülislamla görüşləri, dinlərarası müzakirə mövzusunda tədbirlərə qatılması, rus dini-mədəni mərkəzlərini ziyarəti, sonakı dönəmlərdə Mehriban xanım Əliyevanı və Allahşükür Paşazadəni nüfuzlu mükafatlarla təltifatı faktları xüsusi vurğulanır. Səmavi dinlərin sülh, inam və iman mesajlarını istedadlı tarixçi və Azərbaycanın yaxın dostu Vyaçeslav Aleksandroviçin “Odlar və tolerantlıq ölkəsi” sərlövhəli yazısı və insanların mehribanlıq, təhlükəsizlik şəraitində yaşayıb çalışdıqları Vətənimiz haqqında təkzibolunmaz faktların toplandığı digər məqalələr tamamlayır. Məcmuəni geniş oxucu kütləsi üçün maraqlı edən nüanslardan biri də qədim və zəngin pravoslav arxitekturası, bayramları və mətbəxi barədə geniş məlumatlardır.
2020-ci ildə - İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin 75 illiyi təntənəli şəkildə qeyd olundu. İgid xalqımız ön və arxa cəbhələrdə canını, qanını əsirgəmədən çalışdı, vuruşdu, Bakı “Qəhrəman şəhər” statusuna layiq görülməsə belə, qələbədə böyük rol oynayan nefti, bütün ölkə ərzaq məhsullarını verdi, bu ərazilərə köçürülən xəstələrə, yetimlərə sahib çıxdı, alimlərimiz hərbi texnikanın yanacağını donmağa qoymayan kəşflərə imza atdılar... Müharibənin ilk günündən silaha sarılan 600 min Vətən övladı – şücaətli oğul və qızların tən yarısı geri qayıtmadı. 123 nəfər ən yüksək mükafat – Sovet İttifaqı Qəhrəmanı fəxri adı (general-mayor Həzi Aslanov iki dəfə), 178 min döyüşçümüz müxtəlif orden və medallarla təltifləndilər.
Doğrudur, ötən əsrin doxsanıncı illərinin əvvəllərində 9 may – Qələbə Gününün ləğvi az sayda qalan və ömürlərinin ixtiyar çağlarını yaşayan veteranlara böyük mənəvi-psixoloji zərbə vurdu. Lakin Ümummilli lider Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Böyük Vətən müharibəsi iştirakçılarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş veteranlarımız və ailələrinin sosial-tibbi problemləri cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanımın daim diqqət mərkəzindədir - elə Qələbə bayramı ərəfəsində də onlara maddi yardım göstərildi.
Bütün sadalanan mətləblər barədə isə “Tarixi Şəxsiyyətlər” jurnalının qələbənin 75-ci ildönümünə həsr olunmuş 49-cu sayında geniş məlumat verilib. Maraqlı material və şəkillərlə nəfis şəkildə tərtiblənmiş dərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsi ilə açılır. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Qələbə münasibətilə Naməlum Əsgərin Məzarı önünə güllər qoyması, fəxri qaravulun keçidi, hava paradını seyr etməsi, veteranları, Rusiya vətəndaşlarını və bu savaşdakı qalibiyyətdə payı olan bütün xalqları təbrik nitqi verilib.
“Dahi sərkərdələr” rubrikasındakı marşallar Jukov, Konev, Vasilyevski barədə bilgilər və 110 yaşlı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor rütbəli görkəmli soydaşımızdan bəhs edən “General Həzi Aslanov – Azərbaycan vətənpərvərliyinin güzgüsü”, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun portret cizgilərinin canlandırıldığı “Böyük əfsanənin izi” məqalələrinin də oxucuların marağına səbəb olacağı şübhəsizdir.
“Azərbaycan Böyük Vətən Müharibəsi illərində...”, “Soydaşlarımızın qələbə töhfələri”, “Azərbaycanın qəhrəman təyyarəçiləri” və digər yazılarda, eləcə də Azərbaycan Respublikası Müharibə, əmək, silahlı qüvvələr veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun, həmin qurumun sədr müavini polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun qeydlərində dünyanı bürüyən fazizm kabusuna qarşı xalqımızın qəhrəmanlıq
salnamələrindən söhbət açılır.
“Tarixi Şəxsiyyətlər”in Vaslav Klaus (Çexiya), Nursultan Nazarbayev (Qazaxıstan), Boris Tadiç (Serbiya ), Məhəmməd Əşrəf Qəni (Əfqanıstan), Aleksandr Lukaşenko (Belarus), Niderland kraliçası Beatriks, Çin Kommunist partiyasının 100 illiyi, futbol ulduzu Pele, ölkəmizdə fəaliyyət göztərən Alban-Udi Xristian İcmasının sədri Robert Mobiliyə həsr olunan və digər sayları da oxucular tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq ictimai-siyasi jurnalın təsisçisi və Baş redaktoru Hacı Xəlil Qarəhmədov məhz Vətən savaşımızdakı tarixi Zəfərdən sonrakı fəaliyyətlərini daha əlamətdar sayır: “30 illik işğal dövründə dünya birliyinin ədalətsizliyinə, ikili standartlarına qarşı etirazımızı, haqq səsimizi qaldırsaq da, məğlub tərəf olduğumuzdan bir növ, nitqimiz qısıq, boynumuz bükük idi. Allaha şükürlər olsun ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, igid oğullarımızın canı-qanı bahasına həmin xəcalət yükündən qurtulduq, torpaqlarımız erməni tapdağından azad oldu. İndi qaibiyyətimizdən, o ərazilərdəki bərpa işlərindən yazdığımıza görə çox xoşbəxtik! 7 fevral – növbədənkənar Prezident seçkiləri isə xalqın Ümummilli liderimizin yolunu böyük bacarıq və sədaqətlə davam etdirən cənab İlham Əliyevə minnətdarlığını çatdırması üçün bir fürsətdir. “Tarixi Şəxsiyyətlər” («Исторические Личности») jurnalının redaksiya heyəti və çoxsaylı oxucuları olaraq həmin gün seçki məntəqələrinə gedərək öz vəfa borcumuzdan çıxacağıq”.
Ağsaqqal və təcrübəli qələm adamı əsas məramlarının daim cəmiyyətdə barış, vətəndaş həmrəyliyi, sivilizasiyalararası dialoq, müşküllərin fikir mübadiləsi və qarşılıqlı anlaşma əsasında həllinin təbliğinə çalışmaq, eləcə də bu istiqamətdə fəaliyyət göstərən, Azərbaycanımızın qlobal problemləri, xüsusən də Qarabağ düyününün açılmasında səmimi rol oynayan liderlərə geniş tribuna imkanı yaratmaq, din mədəniyyətinə töhfə vermək istəklərinin olduğunu bildirib.
Hamımızın masaüstü oxu mənbəyi haqqına layiq dəyərli nəşrə gələcək təqdimatlarında da uğurlar arzulayırıq!
Qurban Cəbrayıl
“Mədəniyyət/Culture” jurnalının redaktoru