Yəqin ki, Rusiyanın hazırkı avtoritar idarəçiliyi durumunda Putinin martın 17-ə nəzərdə tutulmuş seçkilərdə yenidən prezident “seçilməmə” ehtimalı 1 faizdən də azdır. Bəs Putinin növbəti 6 il üçün prezident “seçiləcəy”i halda ondan sonra Ukraynadakı savaşla bağlı proseslər necə inkişaf edəcək?..
Siyasi analitik Tahir Cəfərli mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
“ABŞ və Avropa Birliyinin Ukraynada Rusiyaya qarşı yaratdığı qarşıdurmanın sonu ilk növbədə hansı ölkənin hərbi və iqtisadi resurslarının qalib gələcəyindən asılıdır. Bu, Ukrayna xalqı üçün çox pis qurtara bilər. V.Putinin geri çəkiləcəyinə inanmaq isə sadəlövhlükdür, çünki Rusiya bu müharibəni uduzsa, dağılacaq. Bu isə bütün dünya üçün növbəti fəlakət ola bilər. Odur ki, bu saat V.Putin düşərgəsinə qatılmaq istəyən ölkələrin sayı artır...”
“Rusiyadakı prezident seçkiləri və ondan öncə Azərbaycandakı prezident seçkiləri – qarşılıqlı geo-siyasi təsir baxımından bir-biri ilə necə əlaqəlidir?” sualını isə analitik belə cavablandırıb:
“Dünyada gedən proseslər həmişə bir-biri ilə əlaqədə olub və belə də qalacaqdır. Ancaq bəzi hallarda bunu izah etmək qeyri-mümkündür... Bu, Azərbaycana nə verir?.. Azərbaycanın xarici siyasəti Ermənistan tərəfindən qanunsuz şəkildə zəbt edilmiş torpaqların qaytarılması üzərində qurulub və 10 noyabr 2020-ci il sazişinin həyata keçirilməsi vacib məsələlərdən biridir. Bu məsələnin həllində Rusiya Ermənistanı yox, Azərbaycanı dəstəkləyir. Bu məsələdə Azərbaycan-Rusiya birliyi sayəsində Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpası mümkündür...”