Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiq edib. Baş nazir Əli Əsədovun imzaladığı yeni qərar iyulun 1-dən qüvvəyə minəcək.
Qərara əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobili istifadə etməklə bağlı aşağıdakı şərtlər müəyyən edilib:
– Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır;
-Avtomobildə boş və yaxud dolu olduğunu bildirəcək qırmızı və yaşıl rəngdə işıqsaçan qurğu qurulmalıdır;
– Sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi qurulmalıdır;
– Taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz olmalıdır;
– Gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal olmalıdır;
– Taksi minik avtomobillərində videokameralar qurulmalıdır;
– Avtomobillərin ən azı “avro-5” ekoloji standartına uyğunluğu olmalıdır;
– Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri olmalıdır;
– Taksilərin üzərində taksi fənəri qurulmalıdır;
– Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi olmalıdır;
– Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilməlidir;
– Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.
Əslində, bir neçə vacib olmayan tələbi çıxmaq şərtilə, digər bütün şərtlər vacibdir və sərnişinin təhlükəsizliyi və rahatlığını nəzərdə tutur. Lakin onların həyata keçirilməsi, xüsusən də nəzərdə tutulan 3 ay ərzində həyata keçirilməsi çətin və hətta mümkünsüz məsələdir, çox böyük maddi vəsait tələb edir.
Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi, taksilər ya qırmızı, ya da ağ rəngdə olmalıdır. Ortaya sual çıxır: nəyə görə məhz ağ və qırmızı? İllər öncə taksilər üçün hansı rəngin daha tez gözə çarpması ilə bağlı tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi. Ona görə də, dünyanın çox yerində taksilər sarı rəngdədir. İndi Azərbaycan hökuməti deyir ki, taksilər ağ və qırmızı olacaq . Görəsən bu qərar nəyə əsaslanıb?
Rəng fərqi bir yana, ümumiyyətlə, taksilər üçün niyə rəng limiti qoyulmalıdır? Əvvəllər taksi göz müşahidəsi ilə axtarılırdı və ilk gözə çarpan rəngə – sarıya üstünlük verilirdi. İndi isə insanların 95 faizi taksini telefondakı xüsusi tətbiq vasitəsilə sifariş edir. Bu halda rəng qadağasının mənası, əsası maraq doğurur.
Belə çıxır ki, avtomobili fərqli rəngdə olan sürücü bir neçə min manatından keçərək onu rənglətməli (müvafiq olaraq, texniki pasporta dəyişiklik edilməlidir), ya da satmalı olacaq. Amma artıq taksi kimi istifadədə olan (belə avtomobillərin vəziyyəti o qədər də ürəkaçan deyil) və bazarda bolluğu yaranacaq bu avtomobilləri kim alacaq? Son məlumatlara görə, artıq avtomobil bazarında “Prius” satışı 3-4 dəfə artıb…
Bundan əlavə, taksilər üçün nəzərdə tutulan digər şərtlər də xeyli vəsait tələb edir. Sürücülər bu qədər imkanlı olsaydı, yəqin ki, heç taksi sürməzdilər…
Və maraqlıdır, görəsən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı araşdırma aparıbmı? Hansısa tədqiqatın nəticəsindən istifadə edibmi?
Təəssüf ki, AYNA-ya müraciət etsək də suallar cavabsız qaldı.
Amma nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı Pressklub.az-a açıqlamasında nikbin tonda çıxış edib, hər şeyin yaxşı olacağını və sürücülərin vəziyyətdən çıxış yolu tapacaqlarını iddia edib. Rənglərə gəldikdə qeyd edib ki, estetik cəhətdən hər ölkə öz zövqünə uyğun rəng seçə bilər.
“Taksi fəaliyyəti ilə bağlı təkmilləşdirmə prosesi gedir. Problemlər həll olunmaq üzrədir. Ümid edirəm, icra prosesində problem olmayacaq”.
Ekspert deyib ki, qərar ölkədəki bütün taksilərə – həm şirkət taksilərinə, həm də özəl taksi fəaliyyəti ilə məşğul olanlara aiddir: “Əslində, bu qərarları yenilik hesab etmək olmaz, onlar əvvəllər də şərt kimi qoyulmuşdu. Qəbul edilən qərarda yalnız bir yenilik var, o da il məsələsidir. Hazırda 15 il məsələsi qüvvədədir. Yəni, üç ay vaxt var. Sürücülər bu müddət ərzində istehsal tarixi 15 ili ötməyən nəqliyyat vasitələri ilə taksi fəaliyyətinə davam edə bilərlər. 15 ilin icazəsini alanlar üçün heç bir problem yaradılmır. Yəni, onlar avtomobildən istismar tarixi 15 ili tamamlanana qədər taksi kimi istifadə edə biləcəklər. Məhdudiyyət yalnız rəng və istismara qəbul məsələsindədir. Digər tələblər – taksometr, videokamera, terminal və s. bütün taksilərdə olmalıdır”.
İ. Muradlının sözlərinə görə, 8 il məhdudiyyəti yalnız iyul ayından qüvvəyə minəcək: “İyulda kim taksi sürücüsü olmaq üçün müaricət etsə, ona rəng və 8 il tələbi qoyulacaq”.
Qərarla bağlı digər maraqlı məqam videokamera məsələsidir. Məlumdur ki, taksilərdə salonun video çəkilişini aparan kamera olacaq və görüntü 1 ay yaddaşda qalacaq. Belə çıxır ki, taksi sürücülərində vətəndaşların şəxsi videoları olacaq. Maraqlıdır, taksi sürücüləri bundan sui-istifadə edə bilərlərmi? Sonradan bu videoların sosial şəbəkələrə sızmayacağına təminat varmı?
Ekspert bununla bağlı deyib ki, təhlükəsizlik baxımından kameranın quraşdırılması doğru qərardır: “Taksilərdə müxtəlif növ cinayət hadisələri baş verir. Sürücülərin qeyri-etik davranışları və s. hərəkətlərindən şikayətçi olan vətəndaşların şikayəti o görüntülər əsasında araşdırılacaq. Həmçinin sürücü müştərinin hər hansı hərəkətindən şikayətçidirsə, müvafiq quruma şikayət edər və o şəxs barəsində tədbir görülər”.
Müsahibimiz bildirib ki, sürücülər bu məsələdə diqqətli olmalıdır. Həmin görüntülər onların şəxsi məhsulu deyil. O görüntüləri şəxsi maraqlarına görə yaya bilməzlər: “Bu görüntüləri yayan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Çünki şəxsi məlumatlar paylaşıIa bilməz. Bu görüntülər yalnız lazım olduqda polisə və ya AYNA-ya təqdim edilə bilər”.
Beləliklə, indiyə qədər göbələk kimi günü-gündən çoxalan taksilərin bundan sonra yarpaq tökümü dövrü başlayacaq. İmkansızlıq ucbatından sürücü olanlar indi imkansızlıq ucbatından heç sürücü də ola bilməyəcəklər. Yəni, Azərbaycanı ciddi taksi qıtlığı gözləyir desək, yalan olmaz. Bəs bu, taksi qiymətlərinin bahalaşmasına səbəb olacaqmı?
Sual açıq qalır: yaşayarıq, görərik…