Tanınmış hüquqşünas Aslan İsmayılov Böyük Britaniyada yaşayan vəkil Qurban Məmmədova cavab verib.
Demokrat.az xəbər verir ki, Q.Məmmədov özünə məxsus "AzerFreedom" youtube kanalında Aslan İsmayılovu Heydər Əliyevi müdafiə etməkdə təqsirli saymış, Rəhim Qazıyevə günahsız yerə böhtan atmaqda ittiham etmişdi. Məhz bu ittihamlardan sonra A.İsmayılov həmkarına cavab verərək, 1993-cü illərdə baş verən siyasi proseslərə və bir sıra məqamlara aydınlıq gətirib. Gündəmi zəbt edən bu məsələ ilə bağlı A.İsmayılovun müraciətini olduğu kimi təqdim edirik:
Əziz Həmvətənlərim!
Çox yorğun, həm də çox üzgün olduğumu gizlətmirəm. Ancaq nə Vətən, Dövlət, abır-həya anlayışlarını bilməyən hakimiyyət, nə də “müxalifət” təmsilçiləri məni ömrümün 30 ən mənalı illərini həsr etdiyim mübarizəmdən çəkindirə bilməzlər! Sağlamlığımla bağlı bir neçə gün sosial şəbəkədən kənarda olsam da Dövlətimlə bağlı baş verənləri izləyəcəm. Dövlətim, Vətənim üçün gördüyüm işləri Uca Allah imkan versə yazacağım kitabda Sizə açıqlayacam. Lakin Sumqayıt hadisələri ilə bağlı gördüyüm işləri, 18 avqust 1993-cü ildə Milli Məclisdəki çıxışımı və 15 iyun 1993-cü ildə Mustafayev adına İncəsənət Muzeyindən oğurlanmış əsərlərin təxminən 300-nün, yəni əksər hissəsinin 1999-cu ildə Azərbaycana qaytarılmasına nail olmağımı özüm üçün gördüyüm işlərin içində ən vacibi sayıram. Bunların içindən isə bu gün mənə ən böyük ittiham kimi səsləndirilən Milli Məclisdəki çıxışım mənim üçün ən dəyərlisi və vacibidır. Onu bir daha dinləmək və Vətənimiz üçün əhəmiyyətini anlamaq üçün Sizə yenidən təqdim edirəm. Həmin çıxışımı dinləməzdən əvvəl o günlər Vətənimizdə baş verənləri qısaca diqqətinizə çatdırıram və özünüzün də keçmişə qayıdıb bir daha həmin hadisələri öyrənməyinizi xahiş edirəm, çünki biz, bu gün çox sürətlə həmin günlərə yaxınlaşırıq. Yadda saxlayın, keçmişini diqqətlə tədqiq, təhlil etməyən Xalqın heç bir gələcəyi ola bilməz!
1993-cü ilin əvvəllərindən sürətlə torpaqlarımız erməni-rus birləşmələri tərəfindən işğal olunurdu. 28 may 1993-cü ildə Respublika Prokurorluğundan Prezident Aparatına gəlmiş, az-çox idarəçilik təcrübəsi olan bir şəxs kimi (bu vaxta qədər Rusiyanın Stavropol diyarında hakim, məhkəmə sədri, Azərbaycan Respublikası Prokurorluğunda şöbə prokuroru işləmişdim) hakimiyyətin ölkəni idarə edə bilmədiyini açıq-aşkar görürdüm. İstəklərində səmimi olsalar da, heç bir təcrübəsi olmayan, onsuz da zəif olan Elçibəy komandası güclərini daha çox bir-biriləri ilə mübarizəyə, intriqalara həsr edirdi. Ölkədə bir neçə Prezident - güc sahibləri var idi. İsa Qəmbər, İsgəndər Həmidov, Rövşən Cavadov, Etibar Məmmədov, Rəhim Qazıyev, Surət Hüseynov, hakimiyyətdən kənarlaşdırılsa belə Ayaz Mütəllimov, heç biri açıq etiraf etməsələr də, özlərini Prezident kürsüsündə görürdülər. Prezident Əbülfəz Elçibəy bunları idarə edə bilmirdi, sadəcə ona qulaq asmırdılar. Bunları görən Ə.Elçibəy Azərbaycanın müstəqilliyini saxlamaq, rus qoşunlarının yenidən ölkəyə qayıtmasının qarşısını almaq, Qərbin dəstəyini qazanmaq üçün 1993-cü ilin iyununda neft kontraktalarını imzalamağa tələsirdi. Dediklərimə bu komandanın içində açıq-aşkar xəyanət mövqeyi tutan, bütün varlığı ilə bu kontraktın imzalanmasının əleyhinə olan, Rusiyaya xidmət etməklə Prezident olmaq istəyənlərin olduğunu da əlavə etsəniz ölkənin hansı durumda olduğunu anlayarsınız.
4 iyun qiyamı baş verdikdən dərhal sonra bu hadisələrin qarşısını almaq üçün hamını bir yerə yığıb qiyamı yatırdacaq bir liderin olmadığı aydın görünürdü. Ölkə o gündə idi ki, əlində bütün güc strukturları, Müdafiə Nazirliyi olan bir hakimiyyət başıpozuq bir hərbi hissənin dövlətə qarşı qiyamını yatıra bilmirdi. İlk günlərdən yaradılmış Gəncə İstintaq Komissiyasının işində (deputat olmaya-olmaya) iştirakım zamanı bunu açıq aşkar gördüm. Gəncəyə gələn deputatların əksəriyyəti qiyamın yatırılmasına çalışmaq əvəzinə Surət Hüseynovla dostluq əlaqələri axtarırdılar, ona dəstəklərini bildirirdilər. Həmin günlər Gəncə istintaq təcridxanasında həbsdə olan keçmiş Baş Prokuror İxtiyar Şirinovu, Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbəri, Daxili İşlər nazirinin birinci müavini Qabil Məmmədovu, Prezident Qvardiyasının, səhv etmirəmsə komandir müavini Əzizağa Süleymanovu, Milli Təhlküəsizlik Nazirliyinin Xüsusi Təyinatlılarının rəisi Eldar Əhmədovu, onun Boris adlı müavinini, Gəncə MTN şöbəsinin rəisi Rafael Mirzəyevi və yadımda olmayan bir çox rəhbər işçiləri təkbaşına dindirdikdən sonra vəziyyətin nə qədər acınacaqlı olduğunu gördüm. Dindirdiyim şəxslərdən yalnız S.Əkbər və Ə.Süleymanov S.Hüseynovun əleyhinə qorxmadan ifadə verib Dövlətə qarşı qiyam olduğunu təsdiqləyirdilər. Qalanları ya susur, ya da qorxularından S.Hüseynovu müdafiə edirdilər. Bakıya qayıtdıqdan sonra Baş nazir Pənah Hüseynovu, Daxili İşlər naziri Abdulla Allahverdiyevi, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nurəddin Sadıqovu və bir çox vəzifəli şəxsləri dindirdikdən sonra hakimiyyətin tam iflic olduğunu gördüm. İndi təsəvvür edin, hakimiyyətin belə bir vəziyyətində, rayonların ard-arda işğal olunduğu, cənubda Talış Muğan Respublikası, şimalda Ləzgistan yaradılması prosesinin getdiyi bir dönəmdə ölkədə Rəhim Qazıyev, Surət Hüseynov at oynadırdı. Məqsədin rus qoşunlarının yenidən Azərbaycana qaytarılması olduğunu və prosesin bu istiqamətdə getdiyini yalnız ağılsızlar görməyə bilərdi. Bunları Milli Məclis üzvlərinin hamısı bilirdi demirəm, amma bu proseslərdə gizlincə iştirak edib, gələcəkdə vəzifə almaq uğrunda oyun aparırdılar. Əbülfəz Elçibəyin Heydər Əliyevi Bakıya dəvət etməsi, onun 15 iyunda Milli Məclisin sədri seçilməsinə çalışması, Ə.Elçibəyin müəmmalı gedişi və sonradan H.Əliyevin atdığı addımlar, yəni S.Hüseynovun Baş nazir təyin edilməsi və dərhal onun iştirakı ilə mətbuat konfransı keçirib S.Hüseynovun kimliyini xalqa göstərməsi ağlı başında olanlara H.Əliyevin hansı strategiyanı götürdüyünü aydın göstərirdi. Milli Məclisdə H.Əliyevin R.Qazıyevə Müdafiə naziri olmaq istəyi əvəzinə ona daha üstün Baş nazirin müavini vəzifəsini təklif etməsi, əvəzində onun tərəfindən təhqir olunması R.Qazıyevin kimliyini göstərdi. Qiyamın baş tutmasında rolu, başqaları ilə birlikdə xüsusi canfəşanlıqla S.Hüseynovu müdafiə etməsi, Müdafiə Nazirliyini ələ keçirməyə çalışması, qapalı keçirilən Milli Məclisin iclasında onun kimlərlə danışması barədə səs yazılarının səsləndirilməsindən dərhal sonra istefaya getməsi R.Qazıyevin məqsədini açıq aşkar göstərirdi.
H.Əliyevin Milli Məclis sədrliyinin ilk günlərində hansı döyüşlərin getdiyini, erməni qoşunlarının nə üçün məhz Gəncə istiqamətinə doğru irəlilədiklərini bir daha təhlil edin. Talış Muğan Respublikası, Ləzgistan başçılarının zərərsizləşdirilməsindən sonra tələsik Bişkek protokolunun imzalanmasını və az sonra bütün hazırlıqları gizli aparılan neft müqavilələrinin (Əsrin Müqaviləsi) 1994-cü ilin 20 sentyabrında imzalanmasını da unutmayın. Neft müqavilələri imzalanmamışdan az əvvəl Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun qətlə yetirilmələrini də yaddan çıxartmayın.
Belə bir vəziyyətdə Azərbaycanı məhvə aparan qüvvələrin qarşısında dayana biləcək yeganə şəxs olan H.Əliyevi 1993-cü ildə müdafiə etməyimi bu gün mənə ittiham kimi irəli sürən, bunu hər gün tirajlayan və bunların arasında bu günkü hakimiyyətdə təmsil olunanların da olması doğrudanmı Sizə heç nə demir?! Bu günkü Milli Məclis üzvlərinin o dövrdəkilərdən də prinsipsiz, fürsətçil olmalarını, ölkədə gedən proseslərin, yenidən Azərbaycanın həmin günlərə qaytarılmasını istəyənlərin həddindən artıq çox olmasını və istəklərində israrlı olmalarını görmürsünüzmü? Bütün bunların son 25 ildə ilk dəfə Qarabağı azad etmək şansımızın yarandığı bir dövrdə baş verdiyini təsadüfimi sayırsınız?
Videoya baxanlardan xahiş edirəm, orada dediyim ifadələri diqqətlə təhlil edin, hamısını yoxlayıb sonra qiymətləndirin. Bunun üçün həmin videoya bir neçə dəfə baxmaq lazım olacaq. Bir də nəzərə alın ki, həmin dövr güc H.Əliyevdə yox S.Hüseynov və R.Qazıyev cütlüyünün dəstəsində idi. Bütün bunları bilə-bilə, H.Əliyevlə heç bir tanışlığım, təmasım olmaya-olmaya (Milli Məclisdəki çıxışımın necə baş tutduğunu Qurban Məmmədovun efirindən demişəm), ölkədə hansısa dayağımın olmadığı bir zamanda, kimləri ittiham etdiyimə, kimlərə irad bildirdiyimə, zalda kimlərin oturduğuna diqqətlə baxandan sonra fikirləşin ki, həmin çıxışın həyatım üçün təhlükəli olduğunu başa düşmürdümmü? Başa düşürdümsə o çıxışı nə üçün, kimlər üçün etmişdim? Dediklərimi edəndən sonra başa düşəcəksiniz ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri işlərini atıb Azərbaycana qayıdan minlərlə insanları bu addımı atmağa hansı hisslər vadar etmişdi? O hisslər ki, uzun illərdir ki, insanlarda məhv edilir və bu gün çox az sayda insanda qalıb. Onları da ya şər-böhtanla çərlədirlər, ya da adlarını dəli qoyurlar.
İndi isə videoda deyilənləri diqqətlə izləyin və özünüz qiymət verin.