“Hökumət araşdırma aparıbmı ki, niyə ölkəmizdə kişilərin 49.8%-i 65 yaşına çatmamış ölür? Niyə ürək-damar xəstəliklərindən ölənlərin sayına görə Tacikistanla birlikdə dünya lideriyik? Bunlar yalnız səhiyyənin səviyyəsinə bağlı məsələ deyil. Əsl səbəb orqanik qida məhsullarının əlçatmaz olması, keyfiyyətsiz qida, stresli həyat, idman zallarına getməyə, mənəvi təlabatı ödəməyə vəsaitin çatmamasıdır”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi
- Qüdrət bəy, Milli Məclisdə təkid etsəniz də, büdcənin müzakirəsi zamanı sizə söz verilmədi. Çıxışınızda hansı məsələlərə toxunacaqdınız?
- Çox təəssüf ki, bu birinci hal deyil. Nə çıxışların dayandırılmasını təklif edən, nə də sədrlik edən deputat, həmkarına və Daxili Nizamnaməyə münasibət bir yana, heç parlamentin imici barədə də düşünmədilər. 3 məsələ - Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, İşsizlikdən Sığorta Fondunun büdcəsi birlikdə müzakirəyə çıxarıldı, dövlət həyatı üçün son dərəcə vacib olan bu 3 məsələ üzrə çxış etməyə 5 dəqiqə vaxt ayrıldı, sonra iqtidar nümayəndələrinin bir saatlıq tərif dolu məruzələri dinlənildi, bundan sonra bir neçə nəfər alqışlar yağdırdı və YAP-çı komitə sədrinin təklifi ilə səsvermə keçirilərək çıxışlara son qoyuldu... Çıxış üçün yalnız mən təkid etdim və təkliflərimin olduğunu söylədim. Xoş niyyət, qanuna hörmət olsaydı və fərqli fikir eşitmək istəsəydilər, bir nəfərə də çıxış üçün 5 dəqqəlik imkan yaradardılar. Qanuna açıqdan-açığa hörmətsizlik iqtidar təəssübkeşliyindən yox, özgüvənsizlikdən qaynaqlanır. Prezident altıncı çağırış Milli Məclisin açılış iclasında söylədi ki, Milli Məclisin əsas işi qanunvericiliyin təkmilləşdirilməsi və qanunların, Prezidentin qəbul etdiyi qərarların icrasına nəzarət olmalıdır. Mən Milli Məclisin rəhbərliyinə müraciət edirəm: Çıxış edib təkliflər vermədən qanunvericiliyi necə təkmilləşdirmək olar? Mənim son dəfə nə vaxt Nizamnamədə nəzərdə tutulduğu kimi, 10 dəqiqə çıxış etməyim yadıma gəlmir. Deputat fraksiyaları olmadığı üçün alternativ məruzələr də dinləmək mümkün deyil. Artıq gündəlikdə neçə məsələnin və nə qədər mühüm əhəmiyyət kəsb etməsindən asılı olmayaraq, nahara qədər hamı iclasın yekunlaşmasını istəyir. Çoxluq səsvermə keçirib deputatı çıxış hüququndan məhrum edir. Belə çıxır ki, deputatlar da Prezidentdən kömək istəməlidirlər ki, Sizin imzaladığınız qanuna onu qəbul edən orqanın rəhbərliyi sayğı göstərmir. Təbii ki, çıxışımda əhalinin sosial vəziyyəti və islahatların zəruriliyinə diqqət çəkəcəkdim.
Mətni sizə təqdim edirəm:
"Hörmətli həmkarlar, hökumət üzvləri, büdcə gəlirlərinin və xərclərinin artması həmişə xoşdur, hökumətə gördüyü müsbət işlərə görə təşəkkür etmək istəyirəm. Amma diqqət yetirməliyik ki, büdcə layihəsində gəlirlər nəyin hesabınadır və necə bölünür. Biz büdcə zərfinə yoxsul insanların gözü ilə baxmalıyıq. Təqdim olunan büdcə zərfi təəssüf ki, bu cür yanaşmadan çox uzaqdır. Hökumət araşdırma aparıbmı ki, niyə ölkəmizdə kişilərin 49.8%-i 65 yaşına çatmamış ölür? Niyə ürək-damar xəstəliklərindən ölənlərin sayına görə Tacikistanla birlikdə dünya lideriyik? Bunlar yalnız səhiyyənin səviyyəsinə bağlı məsələ deyil. Əsl səbəb orqanik qida məhsullarının əlçatmaz olması, keyfiyyətsiz qida, stresli həyat, idman zallarına getməyə, mənəvi tələbatı ödəməyə vəsaitin çatmamasıdır. Həzrəti Əlidən soruşanda ki, ən böyük dərd nədir, cavab vermişdi ki, kasıblıq...
Qarabağdakı bərpa işlərini səbəb kimi göstərməklə sosial xərcləri azaltmaq qəbuledilməzdir. Əksinə, sosial xərcləri artırmaq, pensiyaçılara, yoxsul insanlara kömək etmək lazımdır. Diqqət yetirin, 2023-cü ildə pensiyaçıların sayı 86.300 nəfər, 2024-cü ildə daha 18.200 nəfər azalıb. Xarici ticarət dövriyyəsi keçən illə müqayisədə 23.8%, mal ixracı 36.1 % azalıb, idxal isə 3.1 % artıb. ABŞ dollarına tələbat 2 dəfə artıb. Manatın 2 dəfədən artıq dəyər itirdiyi devalvasiyadan sonra Prezidentin 2016-cı ildə imzaladığı iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsinə görə 2017-ci ildə üzən məzənnəyə keçilməli, 2018-ci ilə qədər böyük ölçüdə özəlləşdirməyə gedilməli idi. Amma neftin qiyməti bir az qalxan kimi, təəssüf ki, hər şey yaddan çıxdı, bu istiqamətdə real addımlar atılmadı. Xaricdən Azrbaycana göndərilən pulun həcmi də keçən illə müqayisədə 30.9 %, yəni 207 milyon manat azalıb. Bu, aztəminatlı əhalinin sosial vəziyyətinə mənfi təsir edən ən ciddi faktorlardan biridir. Belə bir vəziyyətdə hökumət də sosial xərcləri 150 milyon manat azaldır. Azərbaycanda əhalinin 11%, Rusiyada 30%-i pensiya alır. Belarusda əhalinin sayı bizdən az olsa da, pensiya alanların sayı bizdən iki dəfə çoxdur. Ölkədə evlənənlərin, doğulan uşaqların sayı ciddi şəkildə azalır, boşananların sayi isə xeyli artır .Bu da, xeyli dərəcədə həm də sosial vəziyyətin ağırlaşdığının göstəricisidir. Əlillər, ehtiyatda olan zabitlər mənzil növbəsində gözləməməlidirlər. Hesablarına vəsait köçürülməlidir ki, özləri uyğun bildikləri yerdə ev alsınlar.
Düşmən üzərində qələbə, Qarabağda dövlət suverenliyinin bərpası qəlbimizi qürurla doldurub, amma insanlar da keyfiyyətli ərzaqla qidalanmalı, mənəvi tələbatlarını ödəyə biləcək miqdarda maaş almalıdırlar. Bunun üçün üçün yüksək ödənişli iş yerlərinin açılmasını təmin edəcək əlverişli biznes mühiti yaradılmalıdır. Dövlət də, torpaq da insanların maddi və mənəvi ehtiyaclarını təmin etmək üçündür. Uşağına keyfiyyətli orqanik qida məhsulları, ekoloji təmiz paltar ala, yaxşı repetitor yanına göndərə bilməyən valideyn əzab çəkir. Çünki məktəblərdə heç nə öyrədilmir, hökumət də repetitorluğu ləğv etmək, vəziyyəti dəyişmək üçün heç nə etmir.
Mən iqtidarı insanlarımızın həyatını yüngülləşdirəcək islahatlar həyata keçirməyə çağırıram. Qarabağın bərpası üçün Neft Fondundan vəsait ayrılmalıdır. Belə bir şəraitdə hökumət valyuta ehtiyatlarından istifadə etməli, onun artırılması barədə düşünməməlidir. Qarabağın bərpası adı ilə sahibkarlardan müxtəlif formalarda əlavə vəsait toplanmamalıdır. Bu sahibkarları iqtisadiyyata investisiya qoymaqdan çəkindirir.
Onu da qeyd etmək istəyirəm ki, istehsal və emal müəssisələrinin sayında, iqtisadiyyata investisiya qoyuluşunda əhəmiyyətli artım olmadan dövriyyənin artması səbəbi ilə (büdcənin icrasına dair təqdimat səh. 9) vergi və gömrük orqanlarının proqnozdan artıq vəsait topladığını (büdcə zərfinin 1-ci cildi səh. 5) əsas götürərək yenidən gəlirlərə dair proqnozların bu qədər artırılması həmin dövlət orqanlarının yenə də proqnozdan daha çox daxilolmanı təmin etməsinə səy göstərməyə təhrik edəcək və beləliklə, bu da malların qiymətinin artmasına, yoxsulluğa və biznes mühitinin daha da korlanmasına yol açaq. Hökumət daha çox köklənib enerji satmağa və ölkəmizi nəqliyat qovşağına çevirməyə. Çox yaxşı, amma rəqabətədavamlı azad bazar iqtisadiyyatına keçid üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalı, Türkiyə ilə ,gələcəkdə isə TDT-na üzv olan digər ölkələrlə və regiondakı qonşu dövlətlərlə kapitalın, malların, işçi qüvvəsinin, xidmətlərin sərbəst hərəkətini təmin edən ümumi bazarın yaradılması istiqamətində səy göstərməli, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, mülkiyyətin toxunulmazlığına təminat verən məhkəmə-hüquq islahatları həyata keçirilməlidır. Biznes sferasında ictimai münasibətlər dövlətlərarası beynəlxalq müqavilələrlə tənzimlənəcəyi və qorunacağı halda iqtisadiyyatımızın sürətli inkişafına nail ola bilərik.Turizmi inkişaf etdirmək üçün sərhədlər açılmalı, qiymətlərin aşağı salınması üçün kompleks tədbirlər planı işlənib hazırlanmalıdır. Eks-prezident Mütəllibovun formalaşdırdığı tam mərkəzləşdirilmiş dövlət idarəetməsinin ləğv edilməsinə, seçkili yerli dövlət hakimiyyət orqanlarının formalaşdırılmasına yol açacaq, hakimiyyət bölgüsünə real məzmun verəcək Konstitusiya islahatları həyata keçirilməlidir. Yalnız bu cür ciddi qərarlar qəbul etməklə iqtisadiyyatımızın inkişafına və neftdən asılılığına son qoyub, büdcə gəlirlərini, adambaşına düşən ÜDM-in həcmini bir neşə il ərzində bir neçə dəfə artıra, insanlarımızın sosial rifahına daha da yaxşılaşdırmağa nail ola bilərik.
İndiki qiymətlər qarşılığında - məsələn, qoyun ətinin kiloqramının 20 manat, minimum pensiyanın 280, minimum əmək haqqının 345 manat olduğu ölkədə sosial təminat xərclərinin 150 milyon manat azadılmasını yanlış hesab edirəm və bu səbəbdən qanun layihəsinin əleyhinə səs verəcəm".
(Xalqcebhesi.az)