“LAL VƏ LAMƏKAN” VƏKİLLƏRİMİZ... - “Göz dağıdırlar!...”
4 ildə cəmi 2-3 çıxış edən, ya da heç çıxış etməyənlər hansı “xidmətlərinə” görə maaş alırlar?
Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi istər-istəməz hakimiyyətin digər qolu olan parlamentin effektivliyi mövzusunu da gündəmə gətirmiş olur.
Ölkə əhalisinin əhəmiyyətli hissəsinin ümumilikdə 2020-ci ilin fevralından işə başlayan, yəni az sonra fəaliyyətinin 4 ili bitmək üzrə olan Milli Məclisin və onun ayrı-ayrı üzvlərinin fəaliyyətinə münasibətini “birmənalı müsbət” adlandırmaq əlbəttə ki, gülməli olardı. Lakin hər halda, parlamentimizdə(sayları az olsa da belə) nisbətən aktiv, öz rəyi, mövqeyi, çəkisi olan, əhalinin çıxışlarını, sözünü maraqla izlədiyi üzvləri var. Həmçinin, elələri var ki, onları hamı tanıyır, lakin aylarla, hətta illərlə parlament iclaslarında onların nə səsini eşidən, nə də bəzilərinin üzünü görən olub.
Bir də var yeni və “nisbətən yeni” deputatlar ki, onların da arasında aktiv, az-çox natiqlik qabiliyyəti olan (nə danışmalarından asılı olmayaraq), bir sözlə, “dili söz tutanlar” da var, deputat seçiləndən bu yana “izi-tozu görünməyənlər” də. Belələrinin siyahısı kifayət qədər uzun olduğundan hamısını sadalaya bilməsək də, misal olaraq bir neçəsini göstərməkdə fayda var. Necə deyərlər, “qoy xalq öz qəhrəmanlarını tanısın!”
Məsələn, parlamentdə Cəbi Quliyev adında deputat var. Özü də YAP-çıdır. 4 ildə cəmi dörd dəfə danışıb. Media aktivliyi 0-dır.
Jalə Əhmədova. Bu xanım da Milli Məclisdə çıxış etməyi sevmir. O, 2020-ci ildən, yəni parlamentdə oturandan bu yana cəmi üç dəfə çıxış edib – iki dəfə 2021-ci ildə və bir dəfə 2022-ci ilin payız sessiyasında.
Ülviyyə Həmzəyeva. 4 ildə Milli Məclisdə cəmi iki dəfə çıxış edib. Yəni hər iki ilə bir çıxış. Bu çıxışların da biri olub 2021-ci ilin, digəri isə 2022-ci ilin payız sessiyasında. Ü.Həmzəyeva mətbuatda da çox danışmağı sevmir. İxtisasca rəssam olan xanım deputatımızın mətbuatda bircə qısa çıxışını tapa bildik. O da iranda törədilən terror aktı ilə bağlı olub...
Əliabbas Salahzadə. Ən “ağır taxtalı” deputatlardan biridir. 4 ilə yaxın zaman kəsiyində Milli Məclisdə cəmi iki çıxışı olub. Biri 2022-ci ildə, digəri isə 2023-cü ilin yaz sessiyasında. Salahzadənin deputat olandan sonra mətbuatda cəmi 3-4 çıxışı dərc edilib ki, onun da sonuncusu 11 ay əvvələ təsadüf edir.
Yeri gəlmişkən, bir çox bu tip deputatların nəinki Milli Məclisdəki, hətta mətbuatda dərc olunan çıxışlarının da mətnləri onların ya köməkçiləri, ya da jurnalistlər tərəfindən hazırlanır...
Ülviyyə Ağayeva. Bu xanımın ümumiyyətlə, 4 il ərzində nə parlamentdə, nə də mətbautda bircə çıxışı belə olmayıb. Bu baxımdan o, “anti-rekordçular” siyahısında ən yüksək yerlərə layiqdir.
Anatoli Rafailov. O da 4 ildə nə Milli Məclisdə danışıb, nə də mediada çıxış edib.
Ağalar Vəliyev “köhnələr”dən olsa da, gözə görünməzlik və susqunluğa görə ən yeni deputatları da üstələyib. Belə ki, Ağalar müəllim 2020-ci ildən bu yana Milli Məclisdə bir dəfə də çıxış etməyib. Mətbuatda isə cəmi iki çıxışına rast gəldik ki, onların da biri 2021-ci ilə, digəri isə 2023-cü ilin yanvarına aiddir.
Nəsib Məhəməliyev, Cavanşir Paşazadə, Aqil Məmmədov, Cavanşir Feyziyev, Sevinc Hüseynova, Malik Həsənov da Milli Məclisdə “ağır oturub, batman gəzən” deputatlarımızdandır və onların da parlamentdəki çıxışları 3-5 dəfədən artıq deyil.
Müqayisə üçün qeyd edək ki, Milli Məclisin iclaslarında məsələn, Fazil Mustafa 177 dəfə, Əli Hüseynli 321 dəfə, Etibar Əliyev 119 dəfə, Əli Məsimli 135 dəfə çıxış ediblər. 100-ə yaxın çıxışı olan deputatlar arasında Sadiq Qurbanov, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Zahid Oruc və digərləri ilə yanaşı, Vahid Əhmədov və Sabir Rüstəmxanlı kimi qocaman deputatlar da var. Ancaq nə işdirsə, bu adamlar yaşlarına, yaradıcılıq və digər məşğuliyyətlərinə baxmayaraq, öz əsas vəzifələri olan millət vəkilliyinin tələblərinə bacardıqları qədər zaman və enerji tapa, ayıra bilirlər, digər nisbətən gənc və yeni millət vəkilləri isə yox...
Yaxşı, qanunvericilik təşəbbüslərini bir yana qoyaq, deyək ki, bunun üçün bilik və təcrübələri çatmır. Bəs bunların seçicilərinindəmi bu dövlətə, parlamentə deyiləcək heç bir sözü, problemi, xahişi, tələbi yoxdur? Yəni, doğrudanmı deməyə, danışmağa söz tapmırlar? Bu adamlara kimsə çatdırsın ki, öz seçiciləri də, ümumilikdə xalq da onların “həsrətindədir”. Hərdən üz-araya çıxsınlar, səslərini çıxarsınlar, bilək ki, sağdırlar və “seçicilərin verdiyi səslər etibarlı əllərdədir”.
Kimsə deyə bilər ki, “kimdir deputatın nə dediyinə baxan?” Bəlkə də belədir... Amma hər halda, hər kəs ən azından aldığı maaşın əvəzini ödəməlidir. Yoxsa, belə çıxır ki, orta statistik azərbaycanlının gəlirlərini ən azı 10 dəfə üstələyən məbləğdə maaş alan, eləcə də deputat mandatının verdiyi digər imkan və imtiyazlardan istifadə edib özünə və yaxınlarına “gün ağlayan” bu şəxslərə millətin borcu var, onlarınsa heç kimin qarşısında heç bir borcu və məsuliyyəti yoxdur. Yeri gəlmişkən, zaman-zaman deputatların maaşlarının artırılması məsələsi də gündəmə atılır və bu artımlardan digərləri kimi, “lal” və “laməkan” deputatlar da istifadə edirlər...
Məşhur şeirdə deyildiyi kimi, “Orda bir dağ var, uzaqda, O dağ bizim dağımızdır. Enməsək də qalxmasaq da. O dağ bizim dağımızdır...”
İndi adını çəkdiyimiz və çəkmədiyimiz bir çox deputatlar da həmin “dağ” kimidirlər – “göz dağıdırlar!”
Cəlal Məmmədov
“AzPolitika.info”