Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub.
Hurriyyet.az xəbər verir ki, iyunun 11-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.
İfadələrə əsasən, gömrük keçid məntəqələrində Naxçıvana gətirilən malların qarşılığında təyin olunan proqramlar vasitəsilə pul yığılıb. Bu məbləğ hər ay 800 min - 1 milyon manat olub və maliyyəçilərə verilib. Onlar da pulları komitədə Rafael Əliyevə və Mənsur Əsgərova çatdırıblar. Pullar gömrük məntəqələrindən manat və dollarla toplanıb.
Şahidlər qeyd ediblər ki, Rafael Əliyev maliyyə naziri işlədiyi dönəmdə hesabına köçürülən pulun 10 faizini alıb. Xüsusilə, dövlət idarələrindən mağazaya köçürülən vəsaitin 10 faizi nazirliyə verilib. Onlar bildiriblər ki, nazirliyə hər ay 1500-2500 manat veriblər. Dəftərxana ləvazimatları, həmçinin avtomobil ehtiyat hissələri üçün dövlət idarələrindən köçürülən pullar Maliyyə Nazirliyinin Xəzinədar şöbəsinin müdiri Nurlan Hacıyevə verilib.
Rafael Əliyev şahid ifadələrində yer alan 10 faizləri almaq tapşırığını verdiyini də təsdiqləyib.
Məhkəmə prosesi iyunun 27-də davam etdiriləcək.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər(Report).