Nazirlərin Vaşinqton görüşü Bakı və İrəvan arasında əsas ziddiyyətli məqamların, xüsusilə Azərbaycanın haqlı tələblərinin həllini tapmasına təsiredici olmadı. Bu görüş daha çox ABŞ-ın tərəflər arasında vasitəçilik yarışında önə çıxmaq istəyi kimi qiymətləndirilə bilər. Bu, mənfi hal deyil, lakin sülh üçün Bakının tələblərinin icra edilməsi yeganə çıxış yoludur.
Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsindəki görüşünü şərh edərkən deyib.
A.Camal diqqətə çatdırıb ki, Bakı və İrəvan arasında həm sərhəd, həm kommunikasiyanın hansı prinsiplərlə açılmasına dair fikir ayrılığı var:
“Azərbaycan haqlı olaraq uzunmüddətli proses olan sərhədin delimitasiyasını sülh sazişindən ayırmağı təklif edir, əks təqdirdə, sazişin imzalanması illərlə zaman ala bilər. Eyni zamanda, kommunikasiyanın açılmasında “Azərbaycandan Azərbaycana prinsipi”nin tətbiqini istəyir, yəni Azərbaycandan Naxçıvana gedən sərnişinlər və aparılan yüklər gömrük yoxlanışına məruz qalmamalı, bu yoldan istifadə edən digər ölkələrə gömrü qaydaları tətbiq edilməlidir. Ermənistanın bunu qəbul etməməsi sazişin imzalanmasını da çətinləşdirir, lakin İrəvan sonda bu tələbi qəbul etmək məcburiyyətində qalacaq, əks təqdirdə, “dalan ölkə” vəziyyətindən xilas ola bilməyəcəklər”.
Politoloq qeyd edib ki, kommunikasiya və sərhədlə bağlı fikir ayrılığını kənara qoyaraq, ümumi prinsiplər üzrə sülh sazişinə dair ilkin sənədin ilin sonuna qədər imzalanması imkanları var:
“Bu, sülhə dair çərçivə sazişi, yaxud niyyət protokolu ola bilər. Lakin cari problemlərdən biri Ermənistanın mövcud konstitusiyası və normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Rəsmi Bakı bunun aradan qaldırılmasını tələb edir, çünki bunu etmədən sülh sazişini imzalamaqla uzunmüddətli sülhə nail olmaq mümkün deyil. İstənilən vaxt Ermənistan ana qanunun tələblərini əsas götürərək, sülhdən imtina edə və ərazi iddialarını yenidən gündəmə gətirə bilər. Amma Ermənistanın sərgilədiyi siyasət göstərir ki, onlar mövcud konstitusiyanı cari dövrdə dəyişdirmək niyyətində deyil. Çünki Nikol Paşinyan yeni konstitusiyanın 2026-cı ilin dekabr ayına qədər hazırlanması və qəbul edilməsi tapşırığı verib. Bu halda sülh sazişinə dair hansısa sənədin cari ildə qəbul edilməsi sual altına düşür”.
Politoloq hesab edir ki, sülh sazişinə dair ilkin sənədi Ermənistan konstitusiyası və normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi bəndi daxil etməklə imzalamaq olar:
“Yalnız bu halda müəyyən irəliləyiş əldə etmək mümkündür, əks təqdirdə, Ermənistanın verdiyi vədlərə inanmamalıyıq, bunu tarixi təcrübə göstərir”.