Ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu.
Brüssel görüşü nələrlə yadda qaldı? Azərbaycan tərəfinin üstün mövqeyi daha çox hansı elementlərdə özünü göstərdi? Razılıqlar fonunda Ankara və İrəvan arasındakı müəyyən istiləşmə nədən xəbər verir?
Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində bildirdi ki, Brüssel görüşü fonunda artıq regionda hökm sürən reallıqlar özünü göstərir.
- İlqar bəy, 44 günlük müharibədən sonra Əliyev və Paşinyanın ilk təkbətək görüşü baş tutdu. Brüssel görüşünü necə qiymətləndirirsiniz?
- 44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsseldə ilk təkbətək görüşünün baş tutması çox müsbət haldır. Bu ondan xəbər verir ki, regionda hökm sürən reallıqlar artıq özünü göstərir. Yəni yeni reallıqlar artıq hadisələrə diktə etməyə başlayıb. Bu da hadisələrin inkişaf etdiyinin göstəricisidir. Brüssel görüşünün baş tutması bir daha ondan xəbər verir ki, Ermənistan tərəfinin rəhbərliyi regionun reallıqları ilə barışmağa məcburdur. Eyni zamanda İrəvan Azərbaycanla əlaqələr qurmağa və dialoqa getməyə məcbur qalıb.
Узнать больше
- İlk dəfə olaraq Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin eyni statusa malik olmasını açıq şəkildə ifadə etdi. Əliyevin bu fikrini Paşinyan etirazla qarşıladı. Bundan sonra hadisələr hansı fonda cərəyan edəcək?
- Bu o deməkdir ki, Azərbaycan bütün hallarda məsələləri konkretləşdirir. Konkretləşdirmə o deməkdir ki, artıq Azərbaycan öz məntiqi tələblərini irəli sürür. Ermənistan tərəfi ölkəmizin bu təklifləri ilə barışsa da, barışmasa da bu, reallıqları dəyişmir. Söhbət mövcud reallıqlardan gedir. Əgər Ermənistan əlaqələrin və kommunikasiyaların qurulmasında maraqlıdırsa, İrəvanın cığallıq etmək, əsas fikirdən yayınmaq kimi bir niyyəti yoxdursa, o zaman hadisələrin inkişafı da konstruktiv məcrada davam edəcək. Əslində, Azərbaycanın təklifi məntiqəuyğundur. Ona görə ki, Bakı İrəvandan əlavə heç nə istəmir. Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sazişin 9-cu bəndinin tələblərini irəli sürür. Həmin sənəddə qeyd olunub ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikativ yolların açılması maneəsiz şəkildə təmin edilməlidir. Burada şosse və dəmir yolu məsələləri nəzərdə tutulur. Əslində, Zəngəzur dəhlizinin statusunun Laçın dəhlizinin statusuna bənzər olmasından xəbər verir. Azərbaycan tərəfi də məhz bu nüansı açıqlayıb. Ermənistan tərəfi də bununla razılaşmaq istəmir. Qeyri-konstruktivlik nümayiş etdirməyə çalışır.
- Sizcə, son nəticə necə olacaq?
- Düşünürəm ki, Ermənistan son nəticə etibarı ilə Azərbaycanın dedikləri ilə razılaşacaq. Rəsmi Bakı deyir ki, əgər İrəvan Zəngəzur dəhlizində gömrük postları və digər postlar qurmaq istəyirsə, o zaman Azərbaycan tərəfi də Laçın dəhlizində analoji addımlar atacaq. Bir sözlə, hər şey reallıqlara uyğun həyata keçirilməlidir.
- Delimitasiya ilə bağlı işçi qrupunun yaradılmasıyla bağlı da Brüsseldə razılığa gəlindi. Əslində, Soçidə də bu məsələ müzakirə olunmuşdu. Paşinyan isə Soçini yox, Brüssel məsələsini qabartdı. Nikol Vovayeviçin Brüssel görüşünü ön plana çəkməsi nə ilə bağlıdır?
- Nikol Paşinyan üçtərəfli formatdan maksimum şəkildə qaçmaq istəyir. Ermənistanın baş naziri digər vasitəçilərin də önəmini qabartmağa çalışır. O, həm Brüsseli, həm də ATƏT-in Minsk qrupunu ön plana çəkir. Əslində, hər kəs başa düşür ki, bütün məsələlər üçtərəfli formatda həll olunur. Ona görə də mən düşünürəm ki, Nikol Paşinyanın bu cür bəyanatları Brüsselin, Qərb dairələrinin xoşuna gəlmək üçündür. Bunun başqa izahı yoxdur.
- Brüsseldə qərara alındı ki, bundan sonra iki ölkə rəhbərinin görüşləri mütəmadi olaraq davam etdirilsin. Bu, Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirəcək, yoxsa Paşinyan yenə də vaxt qazanmağa çalışacaq?
- Prezident İlham Əliyev Brüsseldə bəyan etdi ki, dəmir yolu və digər nəqliyyat kommunikasiyaları ilə bağlı artıq razılıq əldə olunub. Sadəcə olaraq marşrutun müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər var. Düşünürəm ki, marşrut xəttinin haradan keçməsi ilə bağlı fikirlərin açıqlanan bəyanatlarda hələlik yer almaması ondan xəbər verir ki, Ermənistan tərəfi müəyyən qədər vaxt uzatmağa çalışır. İstənilən halda proseslər onu göstərir ki, əsas məsələlərlə bağlı razılıq əldə olunub. Fikrimcə, kommunikasiya marşrutlarının dəqiqləşdirilməsi baxımından bundan sonra da iki ölkə rəhbərlərinin görüşləri davam etdirilməlidir. Bu, son nəticə etibarı ilə dəhlizlərin açılmasına gətirib çıxaracaq.
- Baş verənlərin fonunda Ankara və İrəvan arasındakı əlaqələrin yumşalması nədən xəbər verir?
- Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu məsələyə aydınlıq gətirdi. Bildirdi ki, Ankara İrəvanla bağlı bütün addımları Bakı ilə birgə atır. Yəni bütün qərarlar Bakı ilə razılaşdırıldıqdan sonra verilir. Bu da o deməkdir ki, Ankara İrəvanla bağlı atılan bütün addımlarda Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edir. Türkiyə tərəfi bunu bir neçə dəfə vurğulayıb. Əslində, Ankara İrəvanla bağlı atdığı addımlarda tələsmir. Azərbaycan və Türkiyə Ermənistana regiondakı yeni reallıqların üstünlüklərini göstərmək üçün bu addımları atır. Yəni Ermənistan başa düşsün ki, yeni reallıq həm də onlara xeyir gətirə bilər. Ona görə də Ankaranın İrəvanla bağlı addımları Bakı ilə müştərək, paralel şəkildə atılır. Düşünürəm ki, Ankaranın İrəvanla yaxınlaşma addımı həm dialoqa, həm də kommunikasiyaların açılmasına öz töhfəsini verə bilər. Baxın, İstanbul-İrəvan reysi açılır. Bu reyslə bağlı bütün yerlər dolub. Biletlərin hamısı satılıb. Bu ondan xəbər verir ki, Ermənistanın kiçik bizneslə məşğul olan sahibkarları, adi insanlar Türkiyə ilə əlaqələrin açılmasında çox maraqlıdırlar. Onlar əziyyət çəkirlər. Bakı və Ankara bu addımlarla onu göstərməyə çalışır ki, gəlin, kommunikasiyaları açın, normal şəkildə münasibətlər qurun, o zaman xeyrinizin nədən ibarət olacağını da görəcəksiniz.
Tural Turan