Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gəlib. Səfər çərçivəsində dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşlər keçirib, iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsi, həmçinin bir sıra beynəlxalq məsələlər müzakirə edilib.
Moskvada keçirilən və Prezident İlham Əliyevin iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında dövlətimizin başçısı həm də gələn ay Azərbaycanda keçiriləcək mötəbər beynəlxalq tədbir olan COP29-la bağlı məsələlərə toxunub. Bildirib ki, iki yüzə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk”.
Rusiya Federasiyasına səfəri zamanı Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verərək xarici siyasət sahəsində bəzi məsələlərə aydınlıq gətirib və mühüm mesajlar verib. Qeyd edilib ki, ölkəmiz istənilən sanksiyalara qəti şəkildə qarşıdır və beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Azərbaycan milli səviyyədə özünə qarşı, həm də tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edir.
Prezident İlham Əliyev bildirib ki, “Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
Bu da öz növbəsində ABŞ başda olmaqla bir sıra iri dövlətlərin yürütdüyü ikiüzlü siyasətin növbəti dəfə ifşasıdır. Ölkəmiz ona qarşı sanksiya, təhdid dilində danışan, təzyiq göstərməyə çalışanların layiqli cavabını verməyə qadirdir.
Metin Hüseynov - siyasi sərhçi, politoloq