Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki sensasion çıxışı, cəmiyyətə verdiyi mesajlar xalqımız tərəfindən çox maraqla qarşılanmışdır.
Xəbər verildiyi kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.
Dövlət başçısı müşavirədə nitqində qeyd etmişdir: “Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.”
Prezidentin vergi islahatlarının dinamikası barədə müşavirədəki nitqindən isə başa düşlür ki, o bu sahədə görülən işlərdən daha çox məlumatlıdır. Bu mənada vergi sistemində, vergiyə cəlbetmədə, qanunvericilikdə xeyli dəyişikliklər edildi. Doğrudur, bunun tam şəkildə hansı nəticələr verdiyi haqda danışmaq bir qədər tez olardı. Çünki həmin dəyişikliyin nəticəsini bir müddətdən sonra görəcəyik. Amma, etiraf edilməlidir ki, həqiqətən də bu məhz vergi sahəsində son iki-üç il ərzində xeyli müsbət dəyişikliklər oldu. Bu dəyişikliyi normal həyata keçirsək, yəqin ki, kifayət qədər irəliləyişlər qeydə alınacaq. Sözsüz ki, əvvəlki illərlə müqayisədə vergi daxilolmaları artıb. Amma eyni zamanda görüləsi işlər də çoxdur.
Prezidentin müşavirədə vurğuladığı nəticələri rəqəmlərə nəzər yetirib təhlil etsək görərik ki, həqiqətən qısa müddət ərzində, məsələn, müqayisəli şəkildə götürsək, 2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları proqnozdan 286,5 milyon manat çox, yəni 3 138milyon manat olub. Halbuki, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan dəyişikliklər çərçivəsində 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 2017-ci ilə nisbətən 3 dəfə, 2019-cu ilin ilk 5 ayında isə 2018-ci ilin eyni dövrünə nisbətən 4 dəfə azaldılıb. Yoxlamaların azaldığı şəraitdə vergi daxilolmalarının artması aparılan islahatların müsbət nəticəsi kimi qəbul edilə bilər.Bundan başqa, bu ilin yanvar-may aylarında Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 95 mindən çox artım olub: “Bu göstərici bütövlükdə 2019-cu il üçün nəzərdə tutulan nəticənin ötən 5 ayda reallaşdığını göstərir, ilin sonuna qədər əmək müqavilələrinin sayında nəzərdə tutulandan azı 2 dəfə çox artımın olacağını deməyə əsas verir.
Bu müqavilələrin 70%-nin özəl sektorun payına düşməsi isə vergi qanununda birbaşa bu sahə ilə bağlı edilən dəyişikliklərlə əlaqədardır. Bu eyni zamanda Azərbaycanda sahibkarların dövlətin təşkil etdiyi güzəştlərdən yararlandığını, öz öhdələrinə düşən addımları atdıqlarını göstərir. Digər tərəfdən, əmək müqavilələrinin sayındakı artım 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsaitin daxil olmasına imkan yaradıb ki, bu da proqnozdan 130 milyon manat çoxdur.
2018-ci ildə nazir Mikayıl Cabbarovun vergi islahatları ilə bağlı məlum çıxışlarında göstərilən tezislərin çoxu 2019-cu ilin 9 ayı ərzində həyata keçirilmişdir. Cənab nazir əsas məqsədin nağdsız hesablaşmalar sisteminin gücləndirilməsini və bununla da “kölgə iqtisadiyyatı”na qarşı ciddi mübarizənin aparılmasını vurğulamışdır. Eləcə də onlayn nəzarət-kassa aparatlarının tətbiq edilməsi nəticəsində baş verən istənilən ödənişin hansı anda onlayn sistemdə əks etdirilməsi aparılmışdır ki, bu da dövriyyələrin gizlədilməsi kimi əsas halları artıq mümkünsüz etmişdir.
Ən əhəmiyyətli yenilik isə ondan ibarət olmuşdur ki, elə cənab prezidentin də əsas üzərində dayandığı qeyri-neft və özəl sektorda çalışan vətəndaşların əməkhaqqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin azaldılması olmuşdur. Yəni, faktiki olaraq, qeyri-neft sektorunun inkişafı və ona dəstək üçün ötən illər ərzində edilən güzəştlərə əlavə olaraq belə bir vacib addım atılmışdır.
Prezident müşavirədə nitqi zamanı bir neçə dəfə şəffaflıq ifadəsini işlətdi. Etiraf etmək yerinə düşər ki, əvvəl bu sahədə şəffaflıq yox idi, indi şəffaflıq faizi artdığı üçün büdcəyə daxilomalarda kifayət qədər artıb.
Ona görə də hesab etmək ki, prezidentin çıxışı həm vergi orqanlarında çalışanlara, həm də sosial təminat işinə baxan yeni kadrlara müəyyən dərəcədə dəstək xarakterində idi. Yəni dövlət başçısı tərəfindən hər iki dövlət struktuna mesaj verilirdi ki, başlanan islahatları davam etdirmək lazımdır və bu yolda mən hər zaman sizi dəstəkləyirəm. Amma bu hələ o demək deyil ki, başlanan işlər görülüb qurtarmışdır. Prezident nitqində sadəcə olaraq mesaj verir ki, sizin işlərinizi görürəm, təqdir edirəm və sona kimi davam edilməlidir.
Məlum müşavirədən sonra əsasən özəl sektorun sahibkarları da də demək olar ki, əksəriyyəti vergi islahatlarıilə bağlı görülən işlərdən razı qaldıqlarını bildirmiş və qeyd etmişlər ki, özünə hörmət edən heç bir sahibkar dövlətin yaratdığı vergi güzəştlərinə rəğmən vergi öhdəliklərindən şüurlu şəkildə yayınmağa cəhd etsin. Artıq buna lüzum da qalmamışdır. Hesab edirik ki, əgər belə düşünən sahibkarlar olarsa, əlbəttə dövlətin və qanunun verdiyi bütün hüquq və səlahiyyətlərdən istifadə edilməklə belələrinə qarşı vaxtında tədbirlər görülməlidir.
Məmməd HƏMİDOV