Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında baş turan iqtisadi müşavirə və orada səslənən fikirlər mətbuatda geniş müzakirə olunur. Bir çox ekspertlər bu bəyənatların ardından həm kadr və struktur islahatlarının, həm də bəzi sahələrdə iqtisadi islahatların gələcəyini proqnozlaşdırırlar.
Həmçinin dövlət başçısının keçirdiyi islahatların önündə duranlara, əngəl törədənlərə edilən xəbərdarlıq müsbət qiymətləndirilir.
Bəs, hansı islahatlar gözlənilir, hökumətin gündəmində olan problemlər nələrdir?
Bu suallar ətrafında musavat.com-a danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, o müşavirədə bir çox ciddi məsələlərə toxunuldu: “İslahat məsələsi ağır bir mövzudur, bir çox insanlar bunu qəbul edə bilmir və müqavimət göstərirlər. Son illərdə cənab Prezident vergi və gömrük sistemində, sosial müdafiədə, kənd təsərrüfatında, miqrasiyada və sair sahələrdə gənc kadrları vəzifəyə gətirəndə onlara qarşı məbuatda yazılar getməyə başladı. Müəyyən insanlar onlara əks mövqe tutmağa başladılar. Ancaq nazirlər işlədikləri müddətdə öz bacarıqlarını göstərə bildilər. Doğrudur, problemlər yenə də var, ancaq yeni nazirlər işlədikləri müddətdə daha çox şəffaflığa önəm verdilər, korrupsiya və rüşvətdən uzaq oldular. Bizim əvvəlki 10 ildə ən çox şikayət aldığımız sahələr vergi və gömrük sistemi idi. Bu sahələrdən həmişə iş adamları şikayətlər edirdilər. Rüşvətxorluq və korrupsiya yüksək səviyyədə idi, insanları incirdirdilər. Ancaq aldığım son məlumatlara görə, o sistemlərdə artıq korrupsiya halları yoxdur. Cənab Prezident də qeyd etdi ki, bunun nəticəsi olaraq 2018-ci ildə vergi sistemində 1,2 milyard manata yaxın əlavə vəsait yığıldı. Bu ilin 9 ayında 700 milyon manat vəsait yığıldı. Cənab Prezident beynəlxalq iqtisadiyyatı və siyasəti gözəl bilir, lazım gələndə bu məsələləri qaldırıb, özü həll edir”.
Deputat hesab edir ki, verilən mesajlar çox ciddidir: “Prezident qeyd etdi ki, sahibkarlar vergi ödəməsə, biz sosial öhdəlikləri yerinə yetirə bilmərik. Ona görə də vergi ödəməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Çox ciddi göstərişlər verildi. Cənab prezident vurğuladı ki, öz işinin öhdəsindən gələ bilməyən rəhbərlər vəzifədən kənarlaşdırılacaq, gənc və təzə kadrlar vəzifəyə gətiriləcək”.