“İnsanların xəyanət xronikasına baxdıqda adamı dəhşət bürüyür. Yəni, bu illər ərzində doğrudanmı, bu insanlarda bir qram da olsun, inkişaf yoxdur? Nə mütaliə, nə dünyanı dərk etmək, nə dövlətçilik anlayışı var. Bu illər ərzində siz nə işlə məşğul olmusunuz?”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
O bildirib ki, Azərbaycan kosmik dövlətdir, 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib:
“Azərbaycan Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını və digər humanitar-siyasi tədbirlər keçirib, oktyabrın 25-26-da Qoşulmama Hərəkatının zirvə görüşünü təşkil edəcək. Belə bir vaxtda lazım idi ki, siz metronun “28 May” stansiyasının yaxınlığında qarışıqlıq yaradasınız? Məqsədiniz nədir? Azərbaycan vətəndaşı öz dövlətinə və dövlətçiliyinə bu qədər asi kəsilə bilərmi? Bu, nədən qaynaqlanır? Bu nifrət haradan gəlir? Başa düşürəm, sifarişçiləriniz var, Sizə pullar verirlər ki, bu əməlləri törədəsiniz. Axı Siz Azərbaycan vətəndaşısınız. Deməli, Azərbaycan nə qədər pisdirsə, bunlara o qədər yaxşıdır, şüarları budur. Azərbaycan bundan sonra da inkişaf edəcək, çox güclü inkişaf edəcək. İslahatlar ona gətirib çıxaracaq ki, ölkəmiz dünyanın ən sayılıb-seçilmiş dövlətlərindən olacaq. İndi də belədir. Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Konstitusiyanın 49-cu maddəsinə çox istinad edirlər ki, sərbəst toplaşmaq azadlığımız var. Mən də bunu qəbul edirəm, hər bir Azərbaycan vətəndaşı təkbaşına və digərləri ilə birgə sakit toplaşmaq hüququndan yararlana bilər. Amma burada şərtlər var". 1966-cı il 16 oktyabrda “Mülki və siyasi hüquqlar haqqında” Pakt qəbul olunub. "İnsan Hüquqları və Əsas Azadlıqlar Haqqında” Avropa Konvensiyası 4 noyabr 1950-ci ildə qəbul edilib. Paktda qeyd olunub ki, sərbəst toplaşmaq azadlığı beynəlxalq pakt tərəfindən tanınır”.
Z. Əsgərov qeyd edib ki, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli və ictimai təhlükəsizlik mənafeləri üçün iğtişaşların və ya cinayətlərin qarşısının alınması, sağlamlığın və mənəviyyatın digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər:
“Soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Siz bunları bilmirsiniz? Çox yaxşı bilirsiniz! Qəsdən bu əməlləri törədirsiniz ki, 1992-ci ildə etdiyiniz kimi Azərbaycanda iğtişaşlar olsun, ara qarışsın. Deməli, bunlar bulanıq suda balıq tutmaq istəyirlər. Yeri gəlmişkən, 1990-cı illər yadıma düşdü, 1992-ci ildə “Mülki və siyasi hüquqlar haqqında” Paktı prezident olan Əbülfəz Elçibəy Helsinki şəhərində imzalayıb. Əli Kərimli, bunu Sizin “sevgi” bəslədiyiniz, sonra xəyanət etdiyiniz Elçibəy imzalayıb. Dövlətə və dövlətçiliyə xəyanətiniz bu gün də davam edir. Bu aktı Sizin iqtidarınız da qəbul edib ki, hansı hallarda hansı məhdudiyyətlər qoyula bilər. Azərbaycan qanunvericiliyndə birbaşa göstəriş var ki, metro stansiyasının 200 metr yaxınlığında mitinq keçirmək olmaz. Bu ərazi metronun mühafizə zonası sayılır. Əgər niyyətin sağlamdırsa, mitinqi 10-15 kilometr kənarda da keçirmək olar. Niyyət sağlam deyil axı. Əli Kərimli bir neçə gün əvvəl sosial şəbəkədə bəyanat verdi ki, nəyin bahasına olursa-olsun, şəhərin mərkəzinə gəlin, qarşıdurma olmalıdır, hakimiyyətin üzərinə getməliyik. Sən kimsən, hakimiyyətin üzərinə gəlmək istəyirsən? Bir qrup adamın şıltaqlığına görə milyonlarla insanın hüquqlarını tapdalamalıyıq? Sənin hüququn varsa, mənim də hüququm var. Sənin toplaşmaq azadlığı hüququn var, mənim də istirahət etmək hüququm var. Dövlətimi müdafiə etmək hüququm var. Dövlətin hüquq mühafizə orqanları nə etməlidir? Avropadan səslər gəlir. Avropa İttifaqından, Avropa Şurasından deyirlər ki, məsələni araşdırın, məlumat verin. Əvvəla, bizimlə diqtə dilində danışmaq olmaz, gedin Londonda, İspaniyada, Berlində, Parisdə demokratiya adına olan biabırçılıqları araşdırın, sonra bizimlə söhbət edərsiniz. Biz öz yolumuzu özümüz könüllü seçmişik, hara getdiyimizi çox yaxşı bilirik, məsələləri də özümüz araşdırırıq, kimin günahı varsa, cəzasını alacaq, günahı olmayan azad olunacaq. Azərbaycan dövlətini, dövlətçiliyini, Prezident İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq”.
Z. Əsgərov qeyd edib ki, Ulu öndər Heydər Əliyev bu dövlətin fundamentini 12 ballıq zəlzələyə hesablayıb:
“Daha bu xülyalardan əl çəkin, 1990-cı illər getdi, vallah, getdi. Gənclərə yazığınız gəlsin. Buraxın, təhsillərini davam etdirsinlər, elmlə məşğul olsunlar, bəlkə, doğrudan da, yaxşı elm adamları olacaqlar. Niyə onların vaxtını alırsınız? Əli Kərimli, sən onsuz da hər şeyini itirmisən, keçmişin, bu günün, gələcəyin məhv olub, gənclərə yazığınız gəlsin”.