Sumqayıtlı müəllimlərin bir qrupu Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Bir nüsxəsi də Yenixeber.org-un elektron poçtuna daxil olan müraciətdə bildirilir ki, maliyyə yeyintilərini ört-basdır etmək üçün işçilərin, xüsusilə də direktor və direktor müavinlərinin vahid taarif cədvəlindəki vəzifə maaşları Abşeron-Xızı Regional Maliyyə idarəsində kəsilir.
Məlum aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəliş və ixtisarla dərc edirik:
Onlar bildiriblər ki, 18.08.2022-ci il tarixli 1815 No-li Fərmanının 2.1 bəndinə əsasən AR NK-nin 2024-cü il tarixli, 540 No-li Qərarı ilə Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəlinə əsasən 2025-ci il yanvar ayından etibarən təhsil işçilərinin əmək haqları artırılıb. “Lakin işçilərin vəzifə maaşları Vahid Taarif Cədvəlindəki dərəcələri kimi hesablanmır. Maliyyə yeyintilərini ört-basdır etmək üçün işçilərin xüsusilə də direktor və direktor müavinlərinin vahid taarif cədvəlindəki vəzifə maaşları Abşeron-Xızı Regional Maliyyə idarəsində kəsilir. İşçilərin xüsusilə də direktor və direktor müavinlərinin hansı dərəcəyə aid olmaqlarını gizlədilir. SİMA proqramında dəqiq görünmür”.
Qeyd edilir ki, işçi hansı dərəcəyə aid olmağını bilmir, əmək haqqındakı artımı dəqiq bilinmir. “Bundan əlavə, Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında AR NK-nin 321 No-li, 20.08.2022-ci il tarixli Qərarına əsasən hər il 1 yanvar tarixinə şagird sayına görə direktorun və ditrektor müavininin vəzifə maaşına aylıq əlavələr ödənilir”.
Bildirilir ki, bu günə kimi onların 2025-ci ilin yanvar ayına aid əlavələri ödənməyib. “2025-ci ilin yanvar ayının əlavələri bu günə kimi ödənilmir. Bundan əlavə, direktor və direktor müavinlərinə verilən dərs saatları sentyabr ayında alınacaq, sertifikasiyanın nəticələrindən sonra bu məsələyə yenidən baxılacaqdır. Abşeron-Xızı Regional Maliyyə İdarəsi isə maliyyə nazirliyinin yoxlamasını bəhanə edib əlavələrimizi kəsir, bölünən dərs saatlarını alır. Yoxlama olanda işçinin maaşını kəsilməlidir?! Şagird sayına görə əmək haqlarımıza edilən əlavələrdən bizi məhrum ediliblər. Mühasibatlıq bu günə qədər də əmək haqlarımızı düzgün hesablamır. Maaşlarımızı kəsilir. Əmək haqlarımız NK-nin müəyyən etdiyi məbləğlərdən fərqlidir. Bu günə maaşlarımıza edilən əlavələrimiz ödənilməyib, artımla maaş almamışıq”.
Sumqayıtlı müəllimlər bunu özbaşınalıq adlandırır və dövlət başçısından məsələnin həlli üçün yardım istəyirlər.(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırııq.
