
Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa yeni nazirlər kabinetinin formalaşması münasibətilə Suriya xalqını təbrik edib və onu quruculuq və dəyişiklik hökuməti adlandırıb.
Bu barədə o, “Qasr əş-Şaab” sarayında keçirilmiş təntənəli mərasimdə çıxışı zamanı bəyan edib.
Suriya liderinin çıxışını “Al Hadath” telekanalı yayımlayıb.
“Ölkəmiz daha yaxşı gələcəyə doğru yolunda yeni tarixi dövrə qədəm qoyur. Biz yenidənqurma işləri ilə məşğul olacaq və islahatlar keçirəcək quruculuq və dəyişiklik hökumətinin formalaşdırılmasını elan edirik”, – o qeyd edib.
Prezident hökumətin bütün işlərinin şəffaf olacağını vurğulayıb: “Biz korrupsiyanın dövlət qurumlarına sızmasına imkan verməyəcəyik”.
Keçid hökumətinin xarici işlər naziri Əsaad Həsən əş-Şibani və müdafiə naziri Murxaf Əbu Kasra yeni kabinetdə öz vəzifələrini saxlayıblar. Hər iki nazir təntənəli mərasimdə çıxış ediblər. Daxili İşlər naziri vəzifəsinə Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Anas Həsən Xattab təyin edilib.
Daha əvvəl “Al Hadath” Suriyanın yeni keçid hökumətinin 22 nazirdən ibarət olacağını bildirmişdi. Hökumətin işinə martın 13-də qəbul edilmiş konstitusiya bəyannaməsinə əsasən bütün icra hakimiyyətinin cəmləşdiyi əş-Şəraanın özü rəhbərlik edəcək. Telekanalın mənbələri qeyd edib ki, hökumət inklüziv olacaq və əsasən texnokrat nazirlərdən ibarət olacaq. Yeni kabinet dekabrın 10-dan bəri Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətini əvəz edəcək.
Suriyada keçid dövrü beş il davam edəcək, bundan sonra ümumi seçkilər keçiriləcək.