Fransanın Nant şəhərində hüquq-mühafizə orqanları 1 May aksiyasında başlayan iğtişaşlar səbəbindən su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.
Bu barədə Pei-de-la-Luar regionunun prefekturası sosial şəbəkələrdə məlumat yayıb.
"Nümayişçilər prefektura binasına ziyan vurub və hüquq-mühafizə orqanlarına əşyalar atıblar. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edərək cavab verib", - məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, polis bir neçə nəfəri saxlayıb.
Bundan əlavə, Overn - Rona-Alp regionunun prefekturası Lionda polis və nümayişçilər arasında toqquşmaların baş verdiyini bildirib.
Prefekturanın məlumatına görə, Lionda 1 May nümayişində 6,5 min nəfər iştirak edib. Həmkarlar ittifaqları hesab edir ki, küçələrə 10 min nümayişçi çıxıb. Aksiya zamanı üç nəfər saxlanılıb.
Daha əvvəl bildirilmişdi ki, Fransada 1 May nümayişlərində 150 min nəfərədək insanın iştirakı gözlənilir.
