46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Rəşad Camalov özü haqda sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Camalovun vəkili Bəxtiyar Babayev bildirib ki, seçki kampaniyasına hazırlıq, eyni zamanda, bu kampaniyanın uğurla həyata keçirilməsi kifayət qədər böyük həsasslıq, məsuliyyət tələb edir:
"Seçki taktikasının adekvat şəkildə müəyyənləşdirilməsi seçicilərin arzu, istək və maraqlarının dolğun şəkildə ifadə olunması ən layiqli namizədlərin seçilməsi baxımından ən vacib həlledici mərhələlərdən sayılır. Bu mərhələdə seçki strategiyasının müəyyənləşdirilməsi ilə bağlı atılan addımlar nəticə etibarilə seçki kampaniyasının gedişində böyük əhəmiyyət kəsb edir. Başqa sözlə, seçki kampaniyasının nə dərəcədə uğurlu alınması bu mərhələdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən, atılan addımlardan əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanda gənclərə yaradılan şəraitdən bəhrələnib, cənab Prezident İlham Əliyevin gənclərə verdiyi önəmdən ruhlanaraq Rəşad Camalov həmyerlilərinə dəstək olmaq məqsədilə 46 saylı Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Güman edirik ki, bundan ehtiyatlanan və R.Camalovun Şirvan əhalisi arasında nüfuzunu görən bəzi şəxslər ona qarşı qara piar kampaniyasına başlayıblar. Belə ki, həqiqətə uyğun olmayan məlumatlar və şəkillər paylaşmaqla cəmiyyətdə mənfi obraz yaratmağa çalışırlar. Elçin Salamov adlı şəxs bir sıra sosial şəbəkələrdə Rəşad Camalov barəsində yalan məlumatlar ötürməklə onun imicinə ciddi ziyan vurmağa çalışır. Bu məlumatları paylaşmaqda məqsəd hansısa maddiyat əldə etməkdir. Bu əqidədə olan insanlar bilməlidirlər ki, bu paylaşımlarla nəyəsə nail ola bilməzlər. Elçin Salamov və onun himayədarları bu yalan məlumatlarla Rəşad Camalovu dəstəkləyən Şirvan sakinlərinin yanında olan nüfuzuna xələl yetirə bilməzlər.
Media qurumları şər və böhtanla dolu olan yazılara əhəmiyyət verməməli və yalnız faktlara əsaslanan yazılar dərc etməlidirlər. Belə hallara yol verənlər qanun çərçivəsində məsuliyyət daşıyırlar. Bu kimi yalan məlumatları paylaşmağa davam etsələr, onlar barəsində qanunamüvafiq qaydada hüquqlarımızı müdafiə etmək məcburiyyətində qalacağıq. Rəşad Camalov yalnız və yalnız öz həmyerlilərinə arxalanıb bu seçki marafonuna qoşulmuşdur”.