Yeni koronavirusun vətəni Çindən sonra ən ağır formada vurduğu ölkə İran sayılır. Çoxları bunun təsadüfi olmadığını bildirir və ABŞ-ın hansısa gizlin əməliyyatlarına eyham vururlar. Elə İranın dini lideri də ölkəsindəki koronavirus mövzusunun Qərb mətbuatı tərəfindən şişirdildiyini və bunun İrana qarşı təxribat olduğunu bəyan edib.
İrandakı epidemiya ilə bağlı yaşananların planlaşdırılmış təxribatın nəticəsi olub-olmadağına dair dəqiq fikir yürütmək çətindir. Lakin real mənzərə ondan ibarətdir ki, artıq İranın “mehriban qonşusu” Ermənistan da daxil olmaqla, bütün həmsərhəd dövlətlər bu ölkə ilə sərhədləri bağlayıb, əlaqələri kəsiblər. Onsuz da ABŞ-ın sanksiyalarından əziyyət çəkən İran, nəticədə ikiqat iqtisadi zərbə almış olur və iqtisadiyyatının çöküşü daha da sürətlənir.
Məlum olduğu kimi, ABŞ İranı nəinki Qərbdən, hətta yaxın qonşularından da təcrid etmək üçün misli görünməmiş təzyiqlərə, iqtisadi, hərbi və siyasi yüklü tədbirlərə, sanksiyalara əl atıb. Ancaq buna baxmayaraq, İranın qonşu dövlətlərinin əksəriyyəti bu sanksiyalardan yayınmaqla, Tehranla iqtisadi əlaqələri saxlamağa çalışırdılar. Lakin koronavirus epidemiyası və onun Çindən sonra ən çox İranda yayılmasına dair xəbərlər bütün qonşu ölkələri İranla sərhədləri bağlamağa, iqtisadi əlaqələri kəsməyə məcbur edir. Nəticədə İran yalnız indi sözün əsl mənasında blokadaya düşür və beləliklə, ABŞ bircə güllə də atmadan öz istəyinə nail olur.
Məlumdur ki, Rusiya prezidenti Vladimir Putinlə şübhəli əlaqələri barədə məlumatlar yayılan ABŞ-ın hazırkı rəhbərliyinin dünyada iki əsas hədəfi var – Çin və İran. Elə koronavirusun ən böyük zərbə vurduğu və diz çökdürdüyü də bu iki ölkədir. Özü də bu ölkələr təkcə xəstəliyə yoluxanların və ölənlərin sayı ilə deyil, həm də bu hadisələrin dünya mətbuatında ən qabarıq formada, bəzən isiterik həddə təqdim edilməsilə seçilir.
Məsələn, hazırda rəsmi məlumatlara görə, Sinqapur, Cənubi Koreya və Yaponiyada bu virusa yoluxanların sayı İranla müqayisədə qat-qat çoxdur. Ancaq dünya mətbuatının gündəmində bu ölkələr yox, daha çox İrandır. Bütün bunlar bir çox müstəqil ekspertlərin və İran rəhbərliyinin koronavirus mövzusunun İrana qarşı düşünülmüş təxribat olduğunu iddia etmələrinə əsas verir.
Lakin bu məsələdə “od olmayan yerdən tüstü çıxmaz” məsəlini də unutmaq doğru olmaz. Məsələ ondadır ki, İranda koronavirus epidemiyasının olduqca təhlükəli həddə çatdığını təkcə Qərb mətbuatı yazmır. Bunu hətta ölkə parlamentinin üzvləri, xüsusilə virusun ən çox yayılığı Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi açıq-aşkar söyləyir və yoluxanların, eləcə də ölənlərin sayının rəsmi rəqəmləri qat-qat üstələdəyini iddia edir.
Onun sözlərinə görə, son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfər ölüb: “Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələrlə maraqlanan tibb işçilərinin xəstəlikdən qorunmaq üçün geyinməyə özəl geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Apteklərin bəzilərində maska belə yoxdur. Koronavirus Qumda üç həftə əvvəl peyda olub, amma onun yayıldığını çox gec elan etdilər”.
İran Milli Məclisinin daha bir deputatı Mahmud Sadiqi isə özünün koronavirusa yoluxduğunu bəyan edib. Millət vəkili bu barədə Tvitter hesabında yazıb: “Mən koronavirusa yoluxmuşam. Bu barədə məlumatı yaşamağa ümidim olmadığı bir vəziyyətdə yayıram”.
Yaxşı, bunları ki “təxribatçı” Qərb mətbuatı yox, İranın rəsmi şəxsləri deyir.
Məsələ ondadır ki, bir çox həmvətənlərimiz səhiyyə xidmətləri ardınca İrana üz tutsalar da, bu ölkənin səhiyyəsi heç də dünyada aparıcı yerlərdən birini tutmur. Təkcə onu qeyd etmək kifayətdir ki, İran bu epidemiyaya yoluxanların arasında ölüm faizinin ən yüksək olduğu ölkədir. Bizim vətəndaşların oraya şəfa tapmaq ümidi ilə getmələri isə Azərbaycan səhiyyəsinin betər vəziyyətdə olması ilə bağlıdır ki, bu da başqa bir söhbətin mövzusudur.
İran səhiyyəsinin koronavirusla mübarizədə çox zəif, sistemsiz və aciz təəssürat bağışladığını elə bir müddət əvvəl koronavirusla “məzələnən” Səhiyyə nazirinin müavini İrac Harirçinin özünün bu xəstəliyə yoluxması da göstərdi. İran Səhiyyə Nazirliyinin sözçüsü dövlət televiziyasına müsahibəsində Harirçinin virusa yoluxduğunu və karantində olduğunu təsdiqləyib. Onun həmin xəbərdən bir gün əvvəl koronavirus və ona qarşı tədbirləri gərəksiz adlandıraraq zarafat etdiyi bildirilir. Məlum olub ki, nazir müavini koronavirusa yoluxan xəstlərin yerləşdirildiyi xəstəxanalara gedərək, onlara baş çəkib. Lakin bu zaman adi gigiyenik qaydalara riayət etməyib və virus ona da yoluxub.
Onun qatıldığı mətbuat konfransında tez-tez tərini silməsini əks etdirən video sürətlə bütün dünyada yayıldı və nazir müavini özünü və ətrafdakıları da təhlükə altında qoyduğuna, bir sözlə, məsuliyyətsizliyə görə qınandı. Doğrudan da, bir ölkənin səhiyyə nazirinin müavini dünyanı silkələyən bu problemə belə qeyri-ciddi yanaşırsa, onda həmin dövlətin karantin tədbirlərinə və epidemiya ilə mübarizəsinə necə etibar etmək olar?
Söhbət etibardan düşmüşkən, İran, hələ Ukraynanın sərnişin təyyarəsini vurub, sonradan xeyli vaxt bunun aviaqəza olduğunu yalandan iddia edərkən etibarını ciddi şəkildə zədələmiş oldu. Hansı ki, sonradan İran rəhbərliyinin elə ilk anlardan həmin təyyarənin səhvən raketlə vurulduğunu bildiyi məlum oldu. Bundan sonra onsuz da şübhə ilə yanaşılan İran hakimiyyətinin bütün rəsmi məlumat və bəyanatlarının həqiqiliyi daha da böyük sual altına alınmış oldu. Ona görə də, hər kəs düşünür ki, İranda koronavirusla bağlı vəziyyətin rəsmi məlumatlarda göstərilənlərdən daha ağır olması ehtimalı kifayət qədər yüksəkdir.
İndi yəqin ki, İran rəhbərliyi ən azı Çinin kommunist rəhbərliyi qədər koronavirus bəlasına tezliklə əlac tapılmasını və bu epidemiyanın səngiməsini arzulayır. Çünki bu gedişlə həm iqtisadiyyatı, həm də etibarı yüksək ölçüdə silkələnən və zədələnən İranı qarşıda daha da ağır günlər gözləyir...
Cəlal Məmmədov
AzPolitika.info