"MEŞƏ QULDURLARI"NIN NAZİRLİYİN "QAYNAR XƏTTİNƏ" ETDİYİ ŞİKAYƏTİN MOTİVLƏRİ HAQQINDA HƏQİQƏTLƏR...
Bir neçə gün əvvəl Oğuz rayonun Xaçmaz-Qışlaq kənd sakinlərindən Əmrah İmran oğlu Həmidli, Təbriz Xalı oğlu, Cavid Mirzəli oğlu və Həbib Zabit oğlu tərəfindən Azərbaycan respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə və media orqanlarına Oğuz rayonun Xaçmaz meşəbəyliyinin 9 və 10 saylı dolaylarında kəsilmiş 25 ədəd iri diametrli qovaq ağaclarının qanunsuz kəsilməsi barədə məlumat vermişlər. Verilən məlumatların nə dərəcədə həqiqətə uyğun olub – olmamasını yoxlamaq üçün əvvəlcə meşə gözətçisi İlqar Əliyevlə danışdıq. O bildirdi ki, verilən məlumatların heç biri həqiqətə uyğun deyil. Belə ki, sözügedən ərazi ETSN tərəfindən xüsusi qırma zonası kimi təyin edilmiş və 45 ədəd yaşı keçmiş qovaq ağaclarının kəsintisinə seçmə üsulla icazə verilmişdir. Ağacların oduncaqlarının isə yerli dövlət təşkilatlarının qışa hazırlıq üzrə oduncaq materialla təchiz edilməsi tapşırılmışdır. Ona görə də Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qırıntısına rəy verilmiş hər bir ağac materialı kəsildikdən sonra xüsusi qurğu ilə kötük hissəsi damğalanmış, aklar bağlanmış və doğranmış odun materialı idarə tərəfindən məktəb və uşaq bağçalarına daşınmışdır.
Verilən rəsmi məlumatın və kənd sakinlərinin verdikləri məlumatların yerində yoxlanılması üçün redaksiyamızın araşdırma qrupu Xaşmaz meşəbəyliyinin 9 və 10 saylı dolaylarında olmuş və Xaçmaz meşəbəyliyinin sahə rəisi Valeh Məmmədovla, meşə gözətçisi İlqar Əliyevlə birlikdə şikayətçilər tərəfindən qırmızı boya ilə rənglənmiş qovaq ağaclarının kəsilmiş hissələrinə yerində baxış keçirdik. Məlum oldu ki, damğalanmış və xüsusi inventar nömrəsi ilə rəsmi qeydə alınmış bu qovaq ağaclarına sonradan 4 nəfər şikayətçi tərəfindən qırmızı rəng vurulmuşdur. Nəticəyə gəldik ki, verilən şikayətin heç bir əsası yoxdur. Xaçmaz-Qışlaq kənd sakinləri olmuş 4 nəfər şikayətçilər haqqında məlumat verildi ki, həmin şikayətçilər illərdir həmin meşə ərazisindən qanunsuz ağac kəsimi ilə məşğul olan qrupdur ki, bu əməllərinə görə hal-hazırda onların hər biri yerli məhkəmə tərəfindən 1000-2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişlər. Bundan başqa həmin şikayətçilər Qəbələ-Oğuz Su idarələrinə məxsus elektrik generatorlarının oğurlanması faktı üzrə məsuliyyətə cəlb olunmuş və hazırda hər birinin qolunda məhkumluq elektron qolbağı vardır. Meşə işçiləri onu da qeyd etmişlər ki, “qanusuz ağac kəsintilərinə görə cərimələnmiş bu “şikayətçi”lər hələ də məhkəmə qərarını yerinə yetirmir. Cərimələri ödəməkdən yayınırlar. Biz, meşələrdə qanunsuz ağac kəsimlərinin qarşısının alınması üşün yük avtomobili üçün nəzərdə tutulmuş yolları bağladığımıza görə həmin 4 nəfər məhkum şikayətçilər bizləri cəzalandırmaq üçün Nazirliyin qaynar xəttinə heç bir əsası olmayan böhtan xarakterli məlumatı verməklə bizləri cəzalandırmağa cəhd etmişlər”.
Araşdırma qrupumuz hər iki tərəfin gətirdiyi arqumentləri yerində yoxlayaraq bu nəticəyə gəlir ki, kimliyindən asılı olmayaraq tərəflər öz addımlarına görə məsuliyyət daşımalıdırlar. Və belə qənaətə gəlirik ki, məhkum şikayətçilər əvvəlcə törətdikləri qanunazidd əməllərə görə, yəni cərimə öhdəliklərini yerinə yetirməli, digər cinayət əməllərinə görə təyin edilmiş sınaq müddətidə özlərini nümunəvi aparmalı, dövlət orqanının qanuni xidməti işlərini ləkələyən, heç bir əsası olmayan böhtan xarakterli məlumatlara görə məsuliyyət daşımalıdırlar.
İFADETV.COM un araşdırma qrupu
