Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində ittihama yeni maddələr əlavə edilib.
Məlumata görə, onun Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq təkrar rüşvət aldığı üzə çıxıb.
Onun əməlləri Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və digər maddələrinə tövsif olunub.
Qeyd edək ki, onun əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olmuşdu. Hazırkı mərhələdə onun cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Z.Niftəliyev daha öncə dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunurdu.
Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.(Qafqazinfo.az)
P.S. Çox təəssüflə bildirməliyik ki, 1992-ci ildə əvvəlcə mayor rütbəsində Azərbaycan Milli Ordu sıralarına soxuşdurulan Sadıqovun son 30 ildə törətdiyi xain hərəkətlərdən yüksək dövlət orqanlarının xəbəri olmayıb. Eldar Mahmudov nazir təyin edilənədək xəbərləri olub, amma ağızlarını açmağa risq etməyiblər. Bəs bu gün nə baş verir? Gözləyirik ki, Abbasqulu bəy kimi Rusiyanın Milli Qəhrəmanı Sadıqov da bizdə 1 % -də olsa sirr qoymasın? Bəxtimiz gətirdi ki, bu adamın xidmət etdiyi dövlətin başı özünə qarışıb və çox güman ki, o da qəhrəmanı olduğu ölkəsinin müdafiəsinə general Muradov kimi cəlb ediləcəkdir. Bizdən fərqli olaraq Paşinyan Ordusunun 80 %-ni təşkil edən Moskva generalitetindən təmizləmişdir.
İfadetv.com