“NATO Baş katibi Yens Stoltenberqin Ukraynaya səfəri Alyansın Ukraynaya açıq dəstəyinin nümayişi idi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, NATO və Rusiya arasında açıq savaşın Şərqi Avropa cəbhəsində getdiyini qeyd etmək olar:
“Bununla da NATO Rusiyaya qarşı Ukraynanın silahlandırılmasında rəsmən iştirak etdiyini ortaya qoydu.
Geosiyasi toqquşma fonunda NATO Rusiyanın Ukraynada qalib gəlməsinə imkan verməyəcək. Rusiyanın bu müharibədə qalib gəlməsi NATO üzərində qələbə olar. Ona görə də Ukraynanın əks-hücumunun uğurlu olması üçün kifayət qədər hərbi dəstək veriləcək.
Ukrayna müharibəsində Avropanın təhlükəsizlik arxitekturası yenidən qurulur. Bu siyasi və təhlükəsizlik sisteminin qurulmasını ABŞ NATO çətiri altında aparır. Xüsusilə ABŞ NATO və tərəfdaşlarını “Ramştayn formatı” ilə səfərbər edərək Moskvanın qalib gəlmək şansını əlindən alıb.
Yaxın aylarda Ukrayanın əks-hücum əməliyyatı gözlənilir. Bu əməliyyat Rusiyanın Ukrayna ərazilərindən çıxarılmasını reallaşdırmalıdır. ABŞ və NATO yeni əks-hücumla Rusiya qoşunlarını tam məğlubiyyətə uğradılmasında qərarlıdır. Kreml Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaqla birbaşa Qərbə hücum edib”.
Turan Rzayev
