“Putin şərəfli heç-heçə istəyir, amma heç kim buna razı deyil...”
Tanınmış rusiyalı politoloq Andrey Piontkovski Yevgeni Priqojinin başlatdığı hərbi qiyamın məqsədləri barədə maraqlı fikirlər səsləndirib.
“AzPolitika.info” xəbər verir ki, “Espresso” kanalına açıqlama verən Piontkovski əksər ekspertlərin Priqojinin gerçək məqsədlərini doğru anlamadığını deyib.
Politoloqun fikrincə, Priqojinin yekun məqsədi Rusiya elitalarını çox pis vəziyyətdə qoyan Ukraynadakı işğalçılıq müharibəsinə son qoyulması üçün Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına nail olmaqdır: “Priqojin iki gündür ki, isterikada vurnuxur. O, əlamətdar sözlər dedi. Dedi ki, bu cür davam etsə, müharibəni dayandırmaq və əraziləri vermək lazım gələcək. Çünki başqa cür müharibəni dayandırmaq mümkün deyil. Bu, dəqiq frazadır – Priqojinin dediyi kimi, bütün əraziləri təhvil vermək lazımdır, yoxsa bunu dayandırmaq mümkün olmayacaq, onları bu müharibədə sadəcə, öldürəcəklər, məhv edəcəklər” 0Reklamınızı SmartBee ilə effektiv edin.
Piontkovski hesab edir ki, bununla da Priqojin Rusiyadakı ultramillətçiləri, “Z-vətənpərvərləri” qaçılmaz məğlubiyyətə və kapitulyasiyaya hazırlayır: “Ekspertlərin çoxu şəxsən Priqojini düz başa düşmürlər. Çoxları onu sülh partiyasına, həmçinin Putinə qarşı duran müharibə şahini kimi görürlər. Əslində, Putin doğrudan da şərəfli heç-heçə istəyir. Ancaq Priqojinin tapşırığı başqadır. Priqojin onu qəhrəman kimi qəbul edən bütün bu “Z sürüsü”nü qaçılmaz məğlubiyyət və kapitulyasiya ideyasına hazırlayır. O, bunu çox aktiv şəkildə, repressiyalardan qorxmadan edir. Çünki Priqojin Rusiya rəhbərliyindəki çox ciddi qrupun qabağa verdiyi şəxsdir. Hansı ki, həmin bu qrup Putinin “şərəfli heç-heçə” təklifinə heç kimin – nə Qərbin, nə də Ukraynanın getməyəcəyini anlayır. Onların Rusiyada öz hakimiyyətlərini və mülkiyyətlərini saxlamağın yeganə yolu idarə olunan kapitulyasiyanı təşkil etməkdir. Priqojin isə bu formulanı ilk dəfə səsləndirib - əraziləri tərk etməklə müharibəni dayandırmaq, çünki başqa cür onu dayandırmaq mümkün olmayacaq”.
C.Məmmədov
“AzPolitika.info”
