Son zamanlar ölkədə dələduzluq cinayətlərinin sayı durmadan artmaqdadır. Dələduzluqla üzləşən insanlar isə hüquq-mühafizə orqanlarına üz tutsalar da haqlarını ala bilmirlər.
Tanınmış vəkil Aslan İsmayılov Gununsesi.info-ya mövzu barədə danışıb.
Vəkilin sözlərinə görə, Azərbaycan əhalisinin az qala bir yarısı o biri yarısına qarşı dələduzluq etməklə əmlak ələ keçirib:
“Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178-ci maddəsinə görə isə “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” cinayət əməlidir. Bu tip işlər üzrə normal qanuni tədbirlər görülmədiyi üçün ölkədə ən geniş yayılmış məhz dələduzluq cinayətləridir. Bu hallarda hərtərəfli uduzan vicdanlı vətəndaş, udan isə hüquq mühafizə orqanları və dələduzlardır. Bəziləri artıq dələduzluğu peşəyə çeviriblər, çünki istənilən məsuliyyətdən pulunu verib canlarını qurtaracaqlarını bilirlər”.
Aslan İsmayılovun bildirir ki, qanuna görə də bu tip cinayət işlərinin istintaqını DİN və onun struktur bölmələri aparmalıdırlar:
“Heç bir qanunda nəzərdə tutulmasa da Baş Prokurorluqla DİN arasında razılaşmaya əsasən DİN materialları toplayıb Prokurorluğa göndərir və ancaq onların razılığından sonra cinayət işi qaldırılıb istintaq aparılır. Bu isə bu tip işlərdə əlavə sui-istifadələrə yol açır. Açıq aşkar cinayət əməlləri ola-ola ya Prokurorluq, ya da DİN orqanları cinayət işi qaldırmayıb mübahisəni mülki qaydada həll etməyi tövsiyyə edirlər. Bir isə ziyan çəkmiş vətəndaşı gedər-gəlməzə göndərməkdir. Ən dəhşətlisi də odur ki, vətəndaş onun hüququnun kim tərəfindən pozulduğunu müəyyən edə bilmir. Hesab edirəm ki, bu qanunsuzluğa son qoyulmalıdır”.
Afət Abbasova
Gununsesi.info
