Jurnalist həmkarlarımızın Ermənistana və işğal altında olan ərzilərimizə səfəri başa çatdı. Açıq deyim ki, mən informasiya dalınca gedən jurnalistlərin səfərinin əleyhinə deyiləm. Amma belə səfərlərdə məqsəd və hədəf əvvəlcədən müəyyən olunmalıdır. Təbii ki, həmkarlarımın nə yazacağını çoxları kimi mən də gözləyirəm və maraqla oxuyacam. Amma bu səfərin təşkilatçılarının yola verdiyi bir yanlışı deməmək olmur.
Səfər barədə səfər başa çatana qədər hər iki tərəf susdu. Və qəflətən Ermənistan Xarici İşlər Nazirliyi məlumat yaydı. Bu məlumatda həm də Azərbaycan jurnalistlərinin səfər marşurutu açıqlandı – Ermənistana və Dağlıq Qarabağa.
İlk informasiya həmişə uduşlu olur. Əksər hallarda informasiyanı cəbhə xəttinin o tayından alan Azərbaycan mediası bu dəfə də belə bir durumla qarşılaşıdı. Və Azərbaycan jurnalistlərinin Ermənistana və Dağlıq Qarabağa səfər etdiyi barədə məlumatı tirajladı.
İlk baxışda heç nə yoxdu. Adi informasiyadı. Amma Ermənistan informasiya maşını heç bir xəbəri elə-belə yaymır.
ERMƏNİSTANA VƏ DAĞLIQ QARABAĞA...
Erməni təbliğat maşını Dağlıq Qarabağı sanki ayrıca bir subyekt kimi təqdim elədi. Biz də bunu tirajladıq. Ardınca Azərbaycan Xarici İşlər Nazirli Leyla xanım Abdullayevanın açıqlaması yayıldı. Açıqlamada Azərbaycan jurnalistlərinin “ölkəmizin Dağlıq Qarabağ bölgəsinə” səfər etdiyi bildirildi. Bütün beynəlxalq sənədlərdə və oraya səfər edən əcnəbilərin “qara siyahıya” salınması barədə xəbərlərdə sözügedən ərazilərin “işğal altında olan ərazilər” kimi göstəriləmsinə baxmayaraq bu dəfə XİN rəsmisi “işğal altında olan” ifadəsini təxirə saldı.
Hələlik erməınilər 1-0 irəlidədir. İndi qalır həmkarlarımızın nə yazacağını gözləmək. Gözləyək görək hesabı bərabərləşdirə biləcəyikmi?
demokrat.az
