Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi “Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi” xidmətinin satın alınması üzrə fərdi sahibkar Axundova Aidə Məmmədəliyevna qızının adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qurbanəliyev Çingiz Midhət oğlu arasında bir mənbədən satınalma metodunu tətbiq etməklə 43 200.00 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Qeyd edək ki, Dövlət Reklam Agentliyi ötən il, 21.02.2024-cü ildə də Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi üzrə Gəncə şəhəri A.İ.Krılov ev 19 ünvanında qeydiyyatda olan Qurbanəliyev Çingiz Midhət oğlu (VÖEN: 2305778012) ilə 3.300 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Satınalmaların portalında qeyd olunan (VÖEN:1404753362) Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev 22, mənzil 17 ünvanında qeydiyyatda olan Axundova Aidə Məmmədəliyevnaya məxsusdur. Bəs onun adından etibarnamə ilə müqavilə bağlayan Qurbanəliyev Çingiz Midhət oğlu kimdir?
Qurbanəliyev Çingiz Midhət oğlu Prezident İlham Əliyevin 3 fevral 2014-cü il tarixli sərəncamı ilə Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” adı alıb. O, bu adı üzü 2000-ci ilin əvvəllərindən Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yolların əsaslı təmiri işlərinin və yeni infrastruktur layihələrinin həyata keçirilməsində şəriksiz lider olan “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC-dəki fəaliyyətinə görə alıb.
Qeyd edək ki,“GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC rəsmən 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Amma ASN-nin daha əvvəllərdən fəaliyyət göstərməsi barədə məlumatlar da var. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur. Amma rəsmi məlumatlarda açıqlanmasa da elektron mediada “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədrinin, yəni əsas pay sahibinin Aqibət Məmmədov olduğu bildirilir. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır.
Çingiz Qurbanəliyevin adı isə hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitinin təyinatından kənar edən iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub.
Bundan əlavə Çingiz Qurbanəliyev həm də “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. MMC 12 saylı Ərazi Vergilər Baş İdarəsində, yəni Gəncə şəhərində 05.10. 2011 -ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı da Gəncə şəhəri Çexov küçəsi ev 24 göstərilib. Qanuni təmsilçisi Midhət Qurbanəliyev Çingiz oğludur. Midhət Qurbanəliyev “Gəncə Körpü-Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş Çingiz Qurbanəliyevin oğludur. Onun adına Yasamal rayonu, Şəfaət Mehtiyev ev 273C və 93 ünvanlarında qeydiyyatdan keçmiş “MAYBO CALİBRATİON” və “MAYBO SERVICE” MMC-lər də var.
“MAYBO” və “MAYBO CALİBRATİON” MMC-lər əsasən Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdikləri milyonlarla manat dəyəri olan tenderlərin qalibi olublar.
Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi üzrə bağladığı müqavilə də Çingiz Qurbanəliyevin qazandığı onlarla tenderlərdən biridir. Lakin burada fərq ondadır ki, əksəriyyət tenderlərdə dövlət sifarişlərini yerinə yetirməklə şəxsi büdcəsini artıran Çingiz Qurbanəliyev bu dəfə birbaşa şəxsi gəlirlərini artırmış olub. Necə deyərlər, pul, pul gətirər.
Aktualinfo.org
P.S. Çingiz Qurbanəliyevin Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsinə icarəyə verdiyi binanın vaxtılə hansı pullar hesabına ərsəyə gəlməsi hələ müzakirə mövzusu deyil.